Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:31

Şəkər zavodunda işçinin əli doğranıb, amma...


A.Qəhrəmanov
A.Qəhrəmanov

İmişli şəhər sakini Asif Qəhrəmanov Azərbaycan Şəkər İstehsalat Birliyindən (İmişli şəkər zavodundan) şikayətçidir. O bildirir ki, 2013-cü ildə birliyin törəmə müəssisəsi olan Kəllə Qənd Zavodunda iş zamanı xəsarət alaraq sağlamlığının bir hissəsini itirib və əlil olub. A.Qəhrəmanov, üstəlik, buna görə ona az kompensasiya təyin edildiyini, 2017-ci ilin sentyabrından isə bu ödənişin də dayandırıldığını deyir...:

"Prokurorluq araşdırmasının nəticəsini üzə çıxarmayıb"

"Mən Kəllə Qənd Zavodunda qənd doğrayan makinada işləyirdim. Hadisə 2013-cü ilin noyabrın 14-də gecə növbəsində baş verdi. Doğrayıcı dəzgahda qalan sağ əlim ciddi xəsarət aldı. Baş barmağım bütövlükdə, şəhadət barmağım yarıyadək kəsildi, ovcumda və biləyimdə çoxsaylı kəsilmiş-deşilmiş yaralar yarandı".

A.Qəhrəmanov bildirir ki, xəsarət alandan sonra İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq təcili əməliyyat olunub. O, 1 ayadək stasionar, 6 ayadək ambulator müalicəyə cəlb olunduğunu deyir. Amma vurğulayır ki, ona müalicəsi və ailəsinin dolanışacağı ilə bağlı iş yerindən heç bir köməklik edilməyib: "Mənə bu şərtlə köməklik təklif olunurdu ki, hadisənin işdə baş verməyini gizlədim. Ortada bəzi qanunsuzluqlar vardı. Amma prokurorluq bu günədək həmin araşdırmanın nəticəsini üzə çıxarmayıb...".

"Şəkər zavodundan deyildi ki, biz belə işçi tanımırıq"

İmişli sakini deyir ki, çoxsaylı şikayətlərindən sonra "istehsalatda bədbəxt hadisə haqqında akt" tərtib olunub və düz 1 il 2 aydan sonra ona "istehsalat zədəsinə görə" ödəniş verilməyə başlanılıb: "Hadisə şəkər zavodunun törəmə müəssisəsi olan Kəllə Qənd Zavodunda baş versə də, zavod rəhbərliyi yaxasını kənara çəkdi. Dedilər, biz belə işçi tanımırıq. O zaman mənim kimi yüzlərlə işçi ilə əmək müqaviləsi Azərbaycan qanunvericiliyinə zidd olaraq "taşeron" (podrat işi görən-red.) müəssisə ilə bağlanılmışdı. Beləcə məsuliyyəti "Azəri-HS" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) üzərinə atdılar".

"İcra məmurları məni qınayırlar ki, sən yoxdan var istəyirsən..."

İmişli sakini bildirir ki, ona təyin edilmiş kompensasiya 2017-ci ilin sentyabrından dayandırılıb. Onun iddia ərizəsi əsasında başlanan mülki iş üzrə İmişli Rayon Məhkəməsi 11 ay sonra-2018-ci ilin oktyabrında qətnamə qəbul edib. Məhkəmə hesab edib ki, "Azəri-HS" MMC-nin ləğvi müflis olma səbəbindən baş vermədiyindən iddiaçıya dəymiş zərərin əvəzi ləğvetmə prosesi başa çatanadək ödənilməlidir.

İmişli Şəkər Zavodu
İmişli Şəkər Zavodu

Lakin İmişli rayon İcra və probasiya şöbəsindən bildirilib ki, məhkəmə qətnamə qəbul edənədək-2018-ci ilin iyununda "Azəri-HS" MMC ləğv edilib və adı dövlət reyestrindən çıxarılıb. Buna görə də üstündən 9 ay keçəndən sonra "icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında" qərar qəbul edib.

A.Qəhrəmanov bu qərardan da şikayət verib. İmişli Rayon Məhkəməsi həmin qərarı ləğv edib və icra sənədini yenidən icra orqanına göndərib. Üstəlik, xatırladıb ki, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları məsuliyyətə səbəb ola bilər.

A.Qəhrəmanov bildirir ki, ötən 8 ay ərzində heç bir icra hərəkəti aparılmayıb: "...Borclu hüquqi cəhətdən mövcud deyil. Məhkəmə icraçıları məni qınayırlar ki, sən yoxdan var istəyirsən. Beləcə 3 ilə yaxındır ki, kompensasiya ala bilmirəm. Bundan ailəm də əziyyət çəkir. Yetkinlik yaşa çatmamış iki övladım var".

Kompensasiyanı kim ödəməlidir?

A.Qəhrəmanov hesab edir ki, istehsalat zədəsinə görə kompensasiya ödənilməsi ilə bağlı problemi lap başdan "Azersun Holding" və onun müəssisəsi olan "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC yaradıb:

"Mənim əlim şəkər zavodunun qənd doğrayan dəzgahında doğranıb. Mənim kimi işçiləri, elə "Azəri-HS" MMC-nin özünü də bu işə şəkər zavodu cəlb edib. İşəgötürən qismində çıxış edən o müəssisənin quru adından, möhüründən və bank hesabından başqa heç nəyi olmayıb. Necə ola bilər ki, iş yeri, bütün cihaz, dəzgah və avadanlıqlar, xammal, istehsal olunan məhsul və onun mənfəəti zavodun olsun, amma işçini kənar şəxs işə götürsün? Mənim başıma gələn hadisədən sonra həmin işi görənlərlə şəkər zavodu özü birbaşa əmək müqaviləsi bağladı. Əvvəldən mənimlə əmək münasibətini qanunauyğun qursaydılar, indi kompensasiya almağımda bu problemlər yaranmazdı".

Borcu tutmaq mümkün olmayıb

İmişli rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Elşən Cəfərov bildirir ki, onlar icra vərəqini yenidən məhkəməyə qaytarıblar: "Borcun tutulması üçün gərək borclunun bank hesabı, həmin hesabda vəsait, daşınar və ya daşınmaz əmlakı ola. Bu borclu təşkilatın özü artıq hüquqi cəhətdən mövcud deyil. Dövlət Sığorta Kommersiya Şirkətinə də müraciət etdik. Məlum oldu ki, heç orada da Asif Qəhrəmanov sığorta edilməyib. Borcun heç bir mənbədən tutulması mümkün olmadığından bu ilin fevralın 25-də icra vərəqini məhkəməyə qaytardıq".

İmişli Şəkər Zavodu
İmişli Şəkər Zavodu

"Azeri-HS" MMC-nin mövqeyi

"Azeri-HS" MMC-nin keçmiş rəhbərliyi də kompensasiya ödənişinin dayandığını təsdiqləyir. Amma onlar buna görə hazırda cavabdeh olmadıqlarını bildirirlər.

"İcraçı direktor olduğum dövrdə Asim Qəhrəmanovun hər ay kompensasiyası ödənilib. Mən 2017-ci ilin avqustundan işdən çıxmışam. Həmin müəssisənin təsisçisi də olmamışam. Bilirsiniz ki, hüquqi şəxsin iştirakçısı onun öhdəlikləri üçün cavabdeh deyil. Bu məsələnin hazırkı vaxtda həll yolunu bilmirəm", - qurumun adinin çəkilməsini istəməyən keçmiş icraçı direktoru qeyd edir.

"Bizə rəsmi müraciət etsin"

Barələrində deyilən fikirlərlə bağlı İmişli Şəkər Zavodunun insan resursları (kadrlar) şöbəsinin müdiri Rafiq Asifovla əlaqə saxladıq. O, məsələnin qanuna müvafiq həll olunduğunu düşünür: "Bu məsələ zamanında araşdırılıb və onun həll yolu müəyyən edilib. Heç bir rəsmi qurum kompensasiya ödənişini İmişli Şəkər Zavodu üzərinə qoymayıb. Əgər vətəndaş hazırda kompensasiya ala bilmirsə və iddia edirsə ki, onu zavod ödəməlidir, o zaman bizə rəsmi müraciət etsin. Mən indi öz adımdan heç nə deyə bilmərəm, hüquqşünaslarımız var, bu məsələ onların sahəsinə aiddir. Müraciət edərsə, məsələ tərəfimizdən araşdırılar və vətəndaşa rəsmi qaydada da cavab verilər".

A.Qəhrəmanovun qanunsuzluqların olduğu barədə iddialarına müəssisənin rəhbərliyindən, habelə Kəllə Qənd Zavodunun təmsilçiləri və başqa rəsmi qurumlardan isə, hələlik, ayrıca münasibət almaq mümkün olmayıb.

"Hüquqi müdafiə vasitələri tam tükənməyib"

Hüquqşünas Hafiz Həsənov hesab edir ki, nə yolla olur-olsun, vətəndaşın sosial müdafiə hüququ təmin edilməlidir: "Müəssisə ləğv edilməzdən əvvəl zərərçəkənə çatmalı olan bütün ödəmələr bir dəfəyə ona verilməli idi. Ləğv edilən müəssisənin zərərçəkən qarşısında öhdəlikləri şəkər zavoduna da ötürülə bilər. Bunun üçün podratçı təşkilatla şəkər zavodu arasında bağlanılmış müqavilə nəzərdən keçirilməlidir. Kompensasiya ödəməli olan təşkilata qarşı iddia qaldırılarkən o, ləğv prosesində olub. Amma məhkəmə işə baxdığı vaxt zəruri tədbirlər görmədiyindən, həm də süründürməçiliyə yol verdiyindən zərərçəkən qarşısındakı öhdəliklər yerinə yetirilmədən ləğv prosesi başa çatıb...".

Hüquqşünasin bu dəyərləndirməsinə də, hələlik, İmişli Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG