Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

10:28 8.11.2020

“Cəbhədə noyabrın 8-nə olan son vəziyyət”

Noyabrın 7-si gün ərzində, habelə 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutduğu bildirilir.

Bu barədə noyabrın 8 -i, səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb:
“Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib”

Açıqlamaya görə, qarşı tərəf cəbhənin bəzi sahələrində geri çəkilməyə məcbur edilib.
AMN -in vurğulamasına görə, cəbhədə müqavimət göstərə bilməyən qarşı tərəf çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür:

“ Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib.”

Açıqlamaya görə, Azərbaycan ordusunun gördüyü cavab tədbirləri isə yalnız qarşı tərəfin legitim hərbi hədəflərinə qarşı olub.
“Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”,AMN qeyd edib.

AMN: “Ermənistan dövlət sərhədində atəşkəsi pozub”

AMN habelə bildirib ki, Ermənistan silahlı qüvvələri iki ölkənin dövlət sərhədində yerləşən Azərbaycan ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
Açıqlamaya görə, noyabrın 7-si axşam saatlarından başlayaraq 8-i saat 05:00-dək Ermənistanın Berd, Çəmbərək, Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrinin mövqeləri fasilələrlə atəşə tutulub.

21:59 7.11.2020

Tərtərdə də 1 mülki şəxsin xəsarət aldığı bildirilir


Ermənistanın silahlı qüvvələrinin açdığı atş nəticəsində bu gün, noyabrın 7-də Tərtər rayonunda da bir mülki şəxsin xəsarət aldığı açıqlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, noyabrın 7-də Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

“... Saat 17 radələrində Tərtər rayonu, Əski Para kəndində fərdi yaşayış evinin yaxınlığına mərmi düşməsi nəticəsində 1962-ci il təvəllüdlü Osmanov Nüsrət Qurban oğlu xəsarət alıb.”, məlumatda yazılıb.

17:17 7.11.2020

“Bərdəyə mərmi düşüb, yeniyetmə həlak olub”

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, bu gün, noyabrın 7-də Ermənistan silahlı birləşmələri Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutub.

“ Saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.”, məlumatda qeyd edilib.

Azərbaycanın rəsmi qurumları bildirirlər ki, Ermənistan silahlı qüvvələri bundan əvvəl, oktyabrın 27-i və 28-də Bardə rayonuna raket zərbələri endirmişdi. Nəticədə onda da üst-üstə ümumilikdə 25 civarında mülki insanın həlak olduğu 80-dən çoxunun isə yaralandığı bildirilirdi.

13:58 7.11.2020

AMN:“Tərtər, Ağdam və Ağcabədinin kəndləri atşə tutulur”

Ermənistan silahlı qüvvələrinin Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin (AMN) bununla bağlı noyabrın 7-i, saat 13: 50 radələrində yaydığı məlumata görə, buna qarşı cavab tədbirləri görülür.

Davamı

XS
SM
MD
LG