Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:55

«İnvestisiyalar Kremlin şərində tələyə düşür»


«Qazprom»dakı səhmlərini vermək istəməyən milyarder Kremlin təzyiqləri ilə üzləşib
«Qazprom»dakı səhmlərini vermək istəməyən milyarder Kremlin təzyiqləri ilə üzləşib

İyulun 24-də «Nyu-York Taymz» qəzeti «Kreml qaydaları. İnvestisiyalar Kremlin şərində tələyə düşür» başlıqlı məqalə dərc edib. Məqalədə jurnalist Klifford Levi amerikalı milyarder Uilyam Broderin Rusiyada başına gələnlərdən yazır. 1996-cı ildə Rusiyaya biznes qurmağa gedən Uilyam Broder 2005-ci ildə Rusiyadan qovulub. Hazırda Rusiya hökuməti Broderin bu ölkədəki biznesini müsadirə edib, özünə isə ölkəyə qayıtmaq üçün viza vermir.


Cənab Broder ötən əsrin 30-cu illərində Amerikada kommunist partiyasının lideri olmuş Erl Broderin nəvəsidir. 1927-ci ildə Rusiyaya gəlib bir neçə il yaşamış Erl Broder bu ölkədə rus xanımı ilə ailə qurub Amerikaya qayıdıb. Uilyam Broder deyir ki, o da atası kimi kapitalist sisteminə qarşı üsyan edib və məhz bu səbəbdən kapitalist olmaq qərarına gəlib.


1996-cı ildə Uilyam Broder Rusiyada öz şirkəti Hermitaj Kapital vasitəsilə qısa müddət ərzində nəhəng gəlirlər əldə etməyə nail olur. Qəzet yazır ki, 25 milyon dollarlıq kapitalla işə girişən şirkət 18 ay ərzində 850 %-lik gəlir əldə edərək iri amerikalı investorların da diqqətini cəlb etməyə nail olur. Sonrakı illərdə bu şirkət bir milyard dollarlıq əlavə investisiya cəlb edərək Rusiyadakı kapitalını 4 milyard dollara çatdırır. Biznesinin güclü inkişaf edən vaxtlarında Uilyam Broder o vaxtkı Rusiya prezidenti Vladimir Putinin qatı tərəfdarı kimi çıxış edib. Qəzet yazır ki, 2000-ci ildə Putinin hakimiyyətə gəlməsini açıq dəstəkləyən Broder birbaşa bildirirdi ki, Rusiyaya avtoritar siyasi lider lazımdır və Putin Hermitaj şirkətinin Rusiyada həyata keçirmək istədiyi islahatlarda «ən böyük müttəfiqidir».


Qəzet yazır ki, Broder özü də bilmir ki, Kreml nə vaxt və necə oldu ki, ona qarşı çevrildi. İlk qarşıdurma Rusiya hökuməti «Qazprom»dakı səhmdarları sıxışdırmağa başlayarkən ortaya çıxdı. «Qazprom»dakı səhmlərini əldən vermək istəməyən Broder Rusiya hökumətinin təzyiqləri ilə üz-üzə qaldı. Qəzet yazır ki, işlər pis getməyə başlayanda, Broderin geriyə yolu qalmadı. Polis onun Moskvadakı hüquq ofisindəki sənədləri müsadirə etdi. Broderlə əlaqəli neçə-neçə şəxs üstü açılmayan cinayətlərdə döyülüblər və onların sənədləri və səhmləri əllərindən alınıb. Xeyli sonra amerikalı biznesmen öyrəndi ki, onun şirkətləri ondan oğurlanaraq Rusiya əyalətlərindən birində yaşayan məhkum olunmuş bir qatilin adına sənədləşdirilib. Hansısa bir məqamda Broder «Qazprom»dakı mövqelərini qorumaq üçün Rusiya şirkətindəki korrupsiyanı təsdiqləyən sənədləri ortaya çıxarır. Bu addım əks effekt verir və Rusiya hökuməti Broderi ölkədən qovur.


Qəzet yazır ki, amerikalı biznesmenin başına bu oyunu gətirənlər onun biznes strukturlarını əlindən almağa nail olsalar da, onun puluna yaxın düşə bilməyiblər. Broder Rusiyadan çıxardığı təxminən üç milyard dollarlıq kapitalı dünyanın başqa ölkələrində sərmayə kimi yatırmağa nail olub. Broderin ələ keçirilən şirkətlərindən isə Rusiya büdcəsindən oğurluqlar etmək üçün istifadə edilib. Belə ki, 2005-ci ildə Rusiyadan qovulmuş Uilyam Broder cəmi bir neçə həftə əvvəl öyrənib ki, onun Rusiyadakı şirkətinin adı ilə Rusiya xəzinəsindən 230 milyon dollarlıq vəsait götürülüb.


Dmitri Medvedev Rusiyanın prezidenti olmazdan əvvəl Broder onunla Davosdakı toplantıda qarşılaşaraq ondan xahiş edib ki, Rusiyaya qayıtmaqda ona yardımçı olsun. Medvedev onun xahişini yuxarılara çatdırmağa söz verir və bir müddət sonra Broder polis polkovnik leytenantı Artyom Kuznetsovdan telefon zəngi alır. Broderin səsyazan aparatla qeydə aldığı həmin telefon danışığında rus polis rəsmisi amerikalı milyarderə onun viza almaq xahişlərinə cavab olaraq aşağıdakıları söyləyib: «Mənim cavabım sənin nə cavab verəcəyindən və sair asılı olacaq... Biz nə qədər tez görüşsək və siz lazım olanları nə qədər tez versəniz, sizin problemləriniz bir o qədər tez yoxa çıxacaq».


Hazırda Rusiyada yalnız kiçik investisiyaları qalmış Uilyam Broder öz Rusiya ofisinin personalını təhlükəsizlik məqsədi ilə Londona köçürüb. Amerikalı biznesmen Rusiyadakı korrupsiya barədə car çəkir və jurnalistlərə sənədlər təqdim edir. Rusiyanın indiki baş naziri Vladimir Putin isə bildirir ki, o Broder adında adam tanımır, Rusiya böyük ölkədir və əgər onun Rusiyaya qayıtmaqla bağlı problemləri varsa, qoy «işlək Rusiya məhkəmələrinə» müraciət etsin. Rusiyanın hazırkı prezidenti Dmitri Medvedev isə Uilyam Broderlə Davosdakı görüşü barədə deyilənləri təsdiqləsə də, bundan o tərəfə heç nə demir.

XS
SM
MD
LG