Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

Uzunmüddətli dialoq, yoxsa qısa siyasi epizod?


Ermənistan – Türkiyə münasibətlərindən söz düşəndə dərhal yada Azərbaycan düşür
Ermənistan – Türkiyə münasibətlərindən söz düşəndə dərhal yada Azərbaycan düşür
Son vaxtlar diqqətdə olan siyasi hadisələrdən biri də Ermənistanla Türkiyə arasında aparılan danışıqlardır. Bu təmaslar siyasi dairələrdə həm maraqla, həm də bir qədər təəccüblə izlənir. Təəccübün səbəbi budur ki, iki dövlət arasındakı əlaqələr son illər bir qayda olaraq gərgin olub. Amma ekspertlər və müşahidəçilər belə bir detala diqqət yetirirlər ki, hətta ən gərgin vaxtlarda belə Türkiyə və Ermənistan diplomatları arasında dialoq olub. Düzdür, bu dialoq iki dövlət arasındakı münasibətlərə ciddi təsir göstərməyib, siyasi vəziyyəti hiss olunacaq dərəcədə dəyişməyib. İki dövlət arasında hələ də soyuq münasibətlər hökm sürür, rəsmi siyasi və iqtisadi əlaqələr yox dərəcəsindədir.

Müxtəlif dövrlərdə Türkiyədə Ermənistanla iqtisadi əlaqələr yaratmaq, sərhədyanı ticarəti inkişaf etdirmək haqqında ancaq epizodik çağırışlar olub və bunlar ölkə siyasətində bir qayda olaraq güclü dayaqlar tapmayıb.

İndiki danışıqlar bir neçə aspektdən maraq kəsb edir. Hər dəfə Ermənistan – Türkiyə münasibətlərindən söz düşəndə dərhal yada Azərbaycan düşür. Amma Türkiyə təkcə Azərbaycanın müttəfiqi olan dövlət deyil, onun özünün Ermənistanla ciddi problemləri var. Bu problemlər Türkiyəyə qarşı ərazi iddialarından tutmuş geniş bir spektri əhatə edir. Bura Türkiyənin Avropa Birliyi ilə təmaslarını da əlavə etsək mənzərə bir qədər də mürəkkəbləşər. Məsələ bundadır ki, Avropa Birliyi Türkiyədən Ermənistanla siyasi və iqtisadi əlaqələr yaratmağı israrla tələb edir. Azərbaycana gəldikdə isə belə bir detalı qeyd etmək kifayətdir ki, Türkiyə rəsmiləri artıq bəyan ediblər ki, Ermənistan diplomatları ilə indiki təmaslar Azərbaycan-Türkiyə münasibətlərinə, xüsusən də Türkiyənin Qarabağ problemində tutduğu mövqeyə heç bir xələl gətirməyəcək.

Müşahidəçilər arasında Türkiyə və Ermənistan dialoqunda ciddi geosiyasi və region üçün əhəmiyyət kəsb edəcək detallar axtaranlar da var. Məsələ bundadır ki, Türkiyə NATO üzvü olan dövlətdir və müəyyən mənada regionda Qərbi təmsil edir. Ermənistan isə Rusiyanın müttəfiqidir və hətta rusiyalı dövlət rəsmiləri onu açıq şəkildə öz ölkələrinin hərbi forpostu adlandırırlar. Amma son vaxtlar Ermənistan – Rusiya münasibətləri ciddi asılılığa çevrilib və yerli ictimaiyyət arasında bununla bağlı narazılıq müşahidə edilir. Rəsmi hakimiyyətin birtərəfli geosiyasi planları və təmayülü Ermənistanın müxtəlif siyasi qüvvələri tərəfindən vaxtaşırı tənqid olunur.

Müşahidəçilər məsələnin məhz bu tərəfinə diqqət yetirirlər. Digər sahələr kimi siyasət də boşluğu sevmir və ola bilsin ki, Türkiyə-Ermənistan münasibətlərində ehtimal oluna biləcək inkişaf Ermənistanın geosiyasi mövqeyindəki çatışmayan Qərb amilini müəyyən qədər kompensasiya etsin. Amma digər müşahidəçilər belə cəhətə diqqət yönəldirlər ki, hələ ki, Ermənistanda əks proses müşahidə olunur və bu, sonuncu prezident seçkisindən sonra bir qədər də güclənib. Ölkə daxilindəki problemlər, seçki ilə bağlı müxalifətin narazılığı Ermənistan hakimiyyətini Rusiya ilə daha yaxın münasibətlərə sövq edir. Məsələ bundadır ki, bu ilin mart hadisələrindən sonra Ermənistan hakimiyyətinin hərəkətləri Qərb tərəfindən ciddi şəkildə tənqid edilir.

Digər tərəfdən, Türkiyə ilə dialoq Ermənistan prezidenti Serj Sarkisyan üçün həm də daxili müxalifətin elektoratına yaxınlaşmaq cəhdi sayıla bilər. İndiyə qədər müxalifət lideri Ter-Petrosyandan fərqli olaraq, həm 1915-ci ilin hadisələrinin soyqırım kimi tanınması, həm də Türkiyə ilə təmaslar məsələsində sərt mövqe nümayiş etdirən Sarkisyanın “arxivləri aça bilərik” bəyanatı və Türkiyə prezidenti ilə furbol diplomatiyasına başlaması onun imicində ciddi dəyişiklik edir. Danışıqlara hazırlıq nümayiş etdirməklə o, həm də ordudan gələn siyasətçi imicində korrektələr etmiş olur.

Müşahidəçilər daha bir faktı qeyd edirlər ki, Ermənistanın siyasətinin konturları təkcə ölkə daxilində müəyyənləşmir, burada kilsənin və diasporun da ciddi təsiri var. Bütün bunlar təbii ki, vəziyyətin bir o qədər bəsit olmamasına dəlalət edir. Daha çox ehtimal olunan budur ki, iki dövlət arasındakı münasibətlər ən azı yaxın gələcəkdə ciddi impuls ala bilməyəcək. Bunun üçün Ermənistan hələ tam hazır deyil. Burada həm ciddi geosiyasi, həm də yerli siyasi maneələr var. Ən əsas problem odur ki, Ermənistanın dövlət müstəqilliyi şərti xarakter daşıyır, Rusiyadan güclü asılılıq var. Əgər Ermənistan müstəqil siyasət yürütsəydi nəinki Türkiyə – Ermənistan münasibətlərində, hətta Qarabağ probleminin həllində ciddi irəliləyişə nail olmaq mümkün olardı. Hər halda ən pessimist müşahidəçilər də bunu istisna etmirlər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG