Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:25

«Qənimət Zahidin əlyazmaları məhv edilib»


Əlyazmada ictimai-siyasi proseslər barədə jurnalistin mülahizələri öz əksini tapıb
Əlyazmada ictimai-siyasi proseslər barədə jurnalistin mülahizələri öz əksini tapıb
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin əlyazmaları məhv edilib. Bunu Bayıl təcridxanasının rəsmisi jurnalistin ailəsinə bildirib. Məlumatı «Azadlıq» radiosuna qəzetin direktoru Azər Əhmədov verib:

«Təcridxananın rəhbərinin müavini Ağamməd müəllim Qənimət bəyin həyat yoldaşına dedi ki, artıq əlyazmalar məhv edilib».

Qənimət Zahid məhkəməyə əlyazmalarını geri almaq üçün müraciət edib. O, cəzaçəkmə müəssisəsinə köçürüləndə Bayıl təcridxanasının rəhbərliyi onun 300 səhifədən çox əlyazma şəklində olan kitabını müsadirə edib və geri qaytarmayıb.

Şikayətlə balı iyulun 29-da Səbail Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Vəkil Elçin Sadıqov kitabın əlyazmalarının qeyri-qanuni müsadirə olunduğunu və müəllifə qaytarılmasını istəyib. Cavabdeh tərəfin nümayəndəsi bununla razılaşmayıb. Bundan əlavə, Elçin Sadıqov məhkəməyə 1 saylı Bayıl istintaq təcridxanasının rəisi Misir Əliyevin və Qənimət Zahidin gətirilməsinin vacib olduğunu deyib. Hakim bu vəsatətə növbəti proseslərdə baxılacağını bildirib. İddia üzrə məhkəmə baxışı avqustun 14-nə təyin edilib.

Kitabın əlyazmalarını alan Bayıl təcridxanasının rəisi Misir Əliyev sonradan onları Penitensiar Xidmətə təqdim edib. Orada bir müddət saxlanıldıqdan sonra əlyazmalar yenidən M.Əliyevə qaytarılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə deyir ki, bu problem məhkəmədə hüquqi yolla həllini tapmalıdır.

«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov bildirib ki, əlyazma şəklində olan kitabda Azərbaycanda gedən ictimai-siyasi proseslər barədə müəllifin mülahizələri öz əksini tapıb.

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda təqsirli bilinib və 4 il azadlıqdan məhrum edilib. Jurnalist özü isə həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir. Beynəlxalq insan hüquqları təşkilatları baş redaktorun dərhal azad edilməsini tələb edən bəyanatlar veriblər.
XS
SM
MD
LG