Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:08

Şəkər tozu, qənd və bitki yağları niyə bahalaşır?


«Hökumətin öz funksiyasını yerinə yetirməməsi təəssüf doğurur»
«Hökumətin öz funksiyasını yerinə yetirməməsi təəssüf doğurur»
«Əvvəl şəkər tozu 60 qəpik idi, indi 1 manat olub». Söhbət etdiyim Bakı sakinləri və satıcılar son həftələrdə ən çox qiymət artımının şəkər tozu, qənd və bitki yağlarında müşahidə olunduğunu deyirlər. Onların sözlərinə görə, bahalanma daha çox son iki həftədə özünü biruzə verib:

«Qiymətlər birdən-birə qalxıb. Bitki yağları əvvəl 2 manat 60 qəpik idi, indi 3 manat 20 qəpik olub».

Mağaza sahibləri və satıcılar qiymət artımının səbəbini müxtəlif cür izah edirlər:

- Deyirlər Gürcüstandan gəlir, ona görə artıb. Günəbaxan yağını «Azersun» firmasından alıram. Hər dəfə deyirlər qiymət qalxıb.

İqtisadi İnkişaf Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Abbas Əliyev isə deyir ki, onlar bu məhsulların qiymətinin artmasının səbəbini araşdırırlar:

«Son zamanlar şəkər tozu və bitki yağlarının qiymətindəki dəyişikliklə əlaqədar Antiinhisar Dövlət Xidməti araşdırmalara başlayıb. Məqsəd bu qiymət dəyişikliyinə təsir edən amillərin aşkar olunmasıdır».

İqtisadçı-ekspert Qubad İbadoğlu isə bahalanmanı inhisarçılıqla əlaqələndirir. Onun sözlərinə görə, nəticədə süni amillər yaranır və əsaslandırılmayan qiymət siyasəti yeridilir:

«Burada hökumətin öz funksiyasını yerinə yetirməməsi təəssüf doğurur. Çünki hökumətin əsas iqtisadi funksiyalarından biri də rəqabətin dəstəklənməsidir. Azərbaycan hökumətində isə buna önəm verilmir və istehlak mallarının bahalanmasını biz gələcəkdə də müşahidə edəcəyik».

«Azersun» şirkətinin baş direktoru Feyzi Araz isə deyir ki, qiymət artımının onlarla heç bir əlaqəsi yoxdur. Bu, Gürcüstandakı son problemlərlə əlaqədardır:

«Ona görə ola bilər ki, bəlkə bazara 3-5 gün şəkər verə bilmədik. Azərbaycandakı şəkər zavodu iyuldan təmirə dayanıb. Belə bir vaxtda Gürcüstan-Rusiya münaqişəsi də ortaya çıxdı».

F.Araz bildirir ki, hər iki problem üzündən ola bilsin bazarı təmin edə bilməyiblər. Amma hazırda bu problemlər həll olunur.
XS
SM
MD
LG