Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

Nardaranda dədə-baba torpaqlarının davası başlayıb


Ali Məhkəmənin hakimi Əsəd Mirzəyev deyir ki, torpaqla bağlı inqilabdan əvvəlki sənədlər keçərli deyil
Ali Məhkəmənin hakimi Əsəd Mirzəyev deyir ki, torpaqla bağlı inqilabdan əvvəlki sənədlər keçərli deyil
Bir müddətdir ki, Bakı kəndlərində dədə-baba torpaqlarıyla bağlı iddialar qaldırılır. Nardaran sakini Sabir Rüstəmov deyir ki, onun dədə-baba torpaqlarını satıblar:

- Yadımdadır uşaqlıqda o yerlərdə əkin əkirdik. Pomidor-xiyar yetişdirirdik.

S.Rüstəmov deyir ki, bir neçə ailənin də iddia etdiyi 30 ha torpaq kənd sakinlərindən birinin adına rəsmiləşdirilib. Həmin şəxs də torpağı xarici ölkələrdən birinin Azərbaycandakı keçmiş səfirinin gəlininə vəsiyyət edib.

S.Rüstəmov bildirir ki, həmin kənd sakini məhkəməyə bildirib ki, guya torpaq sovet dövründə onun icarəsində olub. Üstəlik, Milli Arxivlər İdarəsindən də sənəd gətirib ki, guya bolşevik inqilabından əvvəl də bu ərazi onun olub.

Sabir Rüstəmov deyir ki, Milli Arxivlər İdarəsindən onlar da arayış alıblar ki, sözügedən ərazi Çar Rusiyası dövründə onlara məxsus olub.

Bir neçə keçmiş postsovet ölkəsində 1917-ci il inqilabından sonra milliləşdirilən əmlak və torpaq əvvəlki sahiblərinə qaytarılıb və ya əvəzində kompensasiya ödənilib. Bəs Azərbaycanda necə, milliləşən torpaqların əvvəlki sahiblərinə qaytarılması mümkündürmü?

Ali Məhkəmənin hakimi Əsəd Mirzəyev deyir ki, torpaqla bağlı inqilabdan əvvəlki sənədlər keçərli deyil:

«İnqilabdan sonra torpaqlar milliləşdi və dövlətin müstəsna mülkiyyətinə verildi. Konstitusiyada da təsbit olundu ki, torpaq dövlətə məxsusdur».

Amma Əsəd Mirzəyev deyir ki, varislik məsələsində konkret işə görə baxılıb rəy verilə bilər:

«Məsələn, mən xatırlayıram ki, biri iddia qaldırmışdı, sənəd kimi kəndxudanın icazəsini təqdim etmişdi. Çoxlu belə iddialar olur, baxır əllərində mülkiyyət hüququnu təsdiq edən hansı sənədlər var».

Hüquqşünas Ənnağı Hacıbəyli isə hesab edir ki, inqilabdan sonra xalqın torpağı əlindən alındığı üçün yenidən Çar Rusiyası dövründə verilən sənədlər əsas sayılmalıdır:

«Bu məsələ qanunda yarımçıq tənzimlənir. Repressiyaya uğramış şəxslərin əmlakının qaytarılmasıyla bağlı qanun var. Amma bu, təcrübədə işləmir. Qanunvericilikdə və praktikada boşluq var və hakimiyyət bu sahədə ədalətsizliyi aradan qaldırmalıdır».

Deputat Fəzail Ağamalının fikrincə isə hökumət bir neçə il əvvəl torpaq islahatı aparmaqla bu ədalətsizliyi aradan qaldırıb:

«Torpaqlar pulsuz insanlara paylanıb. Elə bu da sosial ədalətin nümunəsidir».

Nardaran sakini Sabir Rüstəmov isə deyir ki, onlara gələndə qanun yada düşür, amma yüksək vəzifəli şəxslərin himayə etdiyi adamlar üçün isə belə iddiaların təmin olunmasına «yaşıl işıq» yandırılır.
XS
SM
MD
LG