Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:42

400 minə yaxın qanunsuz tikilinin problemi…


Y.Cəfərli: «Dəmiryolunun lap yaxınlığında, yüksək gərginli enerji xəttinin altında və ya mədən zonasında tikilən evlər elə qanunsuz da sayılacaq»
Y.Cəfərli: «Dəmiryolunun lap yaxınlığında, yüksək gərginli enerji xəttinin altında və ya mədən zonasında tikilən evlər elə qanunsuz da sayılacaq»
Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan Sakit Əliyev deyir ki, bir neçə gündü camaatı siyahıya alırlar. Sakitin sözlərinə görə, onlara siyahıya almanın qanunsuz tikilmiş evlərin sənədləşdirilməsiylə bağlı olduğunu söyləyiblər:
«Gəlib ailə üzvlərini siyahıya alıblar. Deyiblər ki, evlər sənədləşdiriləcək».
Sakit Əliyev onu da deyir ki, sənədləşmə üçün 1000 manat əvvəlcə verməlidilər, sənədləşmə işi başlayanda isə 500 manat da əlavə ödəyəcəklər.

Bakıda qanunsuz tikililərlə bağlı söz-söhbət bitib-tükənmir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hesablamasına görə, paytaxtda 400 minə yaxın qanunsuz tikili var.

Hüquq Maarifçilik Cəmiyyətinin rəhbəri İntiqam Əliyev isə deyir ki, bir şəhərdə bu qədər sənədsiz tikilinin olması o ölkə haqqında müsbət rəy yarada bilməz:

«Bu o deməkdi ki, həmin ölkədə idarəetmə işləri zəifdir».

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mətbuat katibi Yadigar Cəfərli də hesab edir ki, bu qədər sənədsiz əmlakın olması müəyyən problemlər yaradır. Onun sözlərinə görə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Dünya Bankının xəttiylə qanunsuz tikililərin sənədləşdirilməsi üçün layihəyə başlayıb və pilot zona seçiblər:

«Abşeron rayonu və Binəqədi ərazisini pilot zona kimi seçmişik. Çünki burda sənədsiz evlər daha çoxdu».
Yadigar Cəfərli deyir ki, 400 minə qədər tikili arasında tikilməsi qanunazidd olan evlər olsa da, elələri də var ki, normalara cavab verir, amma sənədləşdirilməyib. Müsahibimiz bildirir ki, layihə həm sovet dövründə, həm də müstəqillik illərində tikilən evləri əhatə edəcək. Amma dəmiryolunun lap yaxınlığında, yüksək gərginli enerji xəttinin altında və ya mədən zonasında tikilən evlər elə qanunsuz da sayılacaq.

Hüquq Maarifçilik Cəmiyyətinin rəhbəri İntiqam Əliyev isə hesab edir ki, əgər Reyestr Xidmətində bir pəncərə sistemi olarsa, yəni vətəndaş yalnız bir qurumun əliylə sənəd toplamaq imkanı qazanarsa, onda ev tikən vətəndaş da mülkini sənədləşdirməyə meyl göstərər:

«İndiyədək ona görə maneələr var ki, bu sahədə məmur özbaşınalığı, rüşvət var. Qanunvericlikdə problemlər var. Əksər hallarda heç vətəndaşlar bilmir ki, sənədləşmə üçün nə etsinlər. Çünki bu çox mürəkkəb prosedurdur».

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mətbuat katibi Yadigar Cəfərli isə deyir ki, onlar qanunsuz tikililərin qanuniləşdirlməsi üçün təkliflər hazırlayıb hökumətə təqdim edəcəklər. Son sözü də hökumət deyəcək. O ki qaldı, Masazır sakinlərindən 1500 manat istənilməsinə, Yadigar Cəfərli deyir ki, sənədləşdirmə üçün dövlət rüsumu müəyyənləşib və müsahibimiz bildirir ki, kimdənsə indidən pul istənilirsə, o Reyestr Xidmətinə müraciət etsin.
XS
SM
MD
LG