Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:59

«Rusiyanın müdaxiləsi Fransa və Almaniyanın mövqeyini yumşaltdı»


Türkiyə Böyük Millət Məclisi NATO Qrupunun sədri Vahid Erdem
Türkiyə Böyük Millət Məclisi NATO Qrupunun sədri Vahid Erdem
Türkiyə Böyük Millət Məclisi NATO Qrupunun sədri, Ədalət və İnkişaf Partiyasından millət vəkili Vahid Erdem «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik:

- Rusiya Gürcüstana müdaxilə edib Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyandan sonra bölgədə yeni vəziyyət yarandı. NATO-nun nöqteyi-nəzərindən bu prosesləri necə dəyərləndirirsiniz?

- İndiki mərhələdə bunu deyə bilərəm: Rusiyanın bu addımı «soyuq müharibə»dən sonra ilk dəfə Qərblə Moskva arasında təhlükəsizlik sahəsində münasibətlərin sərtləşməsinə gətirib çıxardı. Cənubi Qafqazda Gürcüstan və Azərbaycan Qərblə münasibətlərini inkişaf etdirmək istəyir. Bu da onların haqqıdır - çünki hər ikisi müstəqil dövlətdir və öz yollarını özlərinin müəyyənləşdirmə hüquqları vardır. Bu ölkələrin Qərb və NATO ilə münasibətlərini inkişaf etdirmələrindən Rusiya narahatlıq hiss edir. Xüsusilə, Baltik ölkələri NATO-ya üzv olandan sonra Rusiya Qafqaz üçün eyni şeyin təkrarlanmasını istəmir. Onsuz da mövcud olan bu gərginlik Gürcüstanın Osetiyaya müdaxiləsindən sonra yeni mərhələyə qədəm qoydu, vəziyyət daha hərarətli hal aldı. Mən bunun daha hərarətli nöqtəyə gələcəyini zənn etmirəm. Çünki nə Rusiya ABŞ-ın liderliyindəki Qərblə hərarətli çatışmaya girməyə cəsarət edə bilər, nə də Qərb Rusiya ilə belə bir münaqişəyə girmək istəyər. Mən bu vəziyyətin soyudulmasının lazım olduğunu düşünürəm. Abxaziya və Cənubi Osetiyanın yenidən Gürcüstana bağlana bilmələri çox çətindir. Müstəqilliyini elan etməsindən sonra BMT Gürcüstanın ərazi bütövlüyünü tanısa da, son vəziyyətlə bağlı bu təşkilatın heç bir qərarını görmədik. Ortada ziddiyyətli bir durum var: bir tərəfdən, BMT Gürcüstanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə Cənubi Osetiya və Abxaziya müstəqillik elan edir və Rusiya onları tanıyır. Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvü olması məsələni daha da qəlizləşdirir. Hazırda problemin necə həll ediləcəyinə dair hər hansı ipucu mövcud deyil. Məsələ Türkiyəni çox yaxından maraqlandırır. Çünki Türkiyənin həm Azərbaycan, həm də Gürcüstanla yaxın münasibətləri var. Rusiya ilə geniş ticarət var. Ancaq Türkiyə öz təhlükəsizlik məsələlərinə müttəfiqi olduğu NATO və Qərbin kontekstində baxır. Bu durumda hadisələrin haraya doğru gedəcəyinə dair konkret heç bir şey yoxdur.

- Rusiyanın rəsmi nümayəndələri Türkiyəyə gəlib Qafqazda cərəyan edən hadisələrə görə NATO-nu günahlandırırlar. Hətta Xarici İşlər naziri Lavrov bir ay əvvəl İstanbulda Əli Babacanla keçirdiyi mətbuat konfransında «Saakaşvilinin qanlı rejimini» NATO ölkələrinin silahlandırdığını dedi. Yaranmış bu vəziyyətdə Türkiyənin Rusiya ilə əməkdaşlığını nəzərdə tutan Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasına necə baxırsınız?

- Burada Gürcüstanın silahlandırılmasından söhbət gedə bilməz. Gürcüstanın NATO ilə əməkdaşlıq sazişi və o sazişə daxil olan layihələr var. NATO üzvü olan Türkiyə Gürcüstan ordusuna bu proqramlar çərçivəsində təlim verilməsində köməyini əsirgəmir. NATO ilə Sülh naminə əməkdaşlıq proqramına qoşulan hər ölkəyə bu cür kömək edilir. NATO Gürcüstanı özünə yaxınlaşdırmaq üçün ona heç bir təzyiq göstərmədi - NATO-ya yaxınlaşmaq Gürcüstanın öz arzusudur. Müəyyən müddət sonra NATO-ya üzv olmaq hər bir müstəqil ölkənin arzusu ola bilər. Müstəqil ölkələrin kimlərlə dost və müttəfiq olacağına o ölkənin özü qərar verir. Gürcüstanın NATO-ya yaxın olma arzusuna Qərb dünyası və NATO rədd cavabı vermədi. Hörmətli Baş nazirimizin təklifi bir Qafqaz Paktı yox, Qafqaz dialoq forumu yaradılmasıdır. Türkiyə bölgədəki oyunçulara - Rusiya, Azərbaycan və Gürcüstana oturub danışmağı təklif edib. Buraya Ermənistan da daxil edilə bilər. Ancaq Ermənistanla dialoqumuz olmadığına görə, onlarla nə barədə danışıldığından xəbərim yoxdur. Baş nazirimiz daha hərarətli nöqtələrə gəlmədən bu işlərin dialoq yolu ilə necə həll edilə biləcəyini təklif edib. Yoxsa bir Qafqaz Paktı yaradıb bunu imzalamaq o bölgədə onsuz da mümkün deyil. Elə deyilmi?

- Siz NATO Parlament Assambleyasının birinci vitse-prezidenti olanda Gürcüstanın Alyansa üzv olmasına güclü dəstək verdiniz. Gürcüstanın bu addımının Azərbaycanı da arxasınca aparacağını vurğuladınız. Dekabr ayında NATO ölkələrinin Xarici İşlər nazirlərinin Gürcüstan və Ukraynanın Alyansa üzvlüyü ilə bağlı önəmli qərar verməsi gözlənilir. Rusiyanın Gürcüstanı işğal etməsi bu qərara necə təsir göstərə bilər?

- NATO-nun aprel ayında Buxarestdə keçirilən zirvə toplantısında Ukrayna və Gürcüstana üzvlük üçün fəaliyyət proqramı verilməsi gündəlikdə idi. O vaxt tam konsensus yaranmadığına görə, bu məsələni dekabr ayındakı Xarici İşlər nazirləri toplantısına təxirə saldılar. Rusiya ilə Gürcüstan arasındakı münaqişə yeni bir durumu orata çıxarmışdır. Bu durum Gürcüstana üzvlük üçün fəaliyyət proqramı verilməsinə soyuq baxan Almaniya və Fransanı yumşaltdı - bunu açıq deyirəm. Bu hadisələrdən sonra Sarkozi və Merkel Tbilisiyə gedərək Gürcüstanın NATO ilə yaxınlaşdırılmasının şərt olduğunu bildirdilər. Digər ölkələr onsuz da Ukrayna və Gürcüstanın MAP (Membership Action Plan) statusuna alınmasını dəstəkləyirdilər. Üzv ölkələrin demək olar hamısı Gürcüstan və Ukraynanın NATO-ya üzv olmasına isti baxsalar da, Rusiya ilə münasibətlərin kəskinləşdirilməsinə də hərarətli baxılmır. Ona görə də dekabr ayındakı iclasda necə qərar qəbul ediləcəyi məlum deyil. Bizim NATO Parlament Assambleyası toplantıları təzəlikcə başlayır. Noyabr ayında Valensiyada Assambleyanın sessiyası olacaq - orada məsələləri təfərrüatı ilə müzakirə edəndən sonra müəyyən ipucları əldə edə biləcəyik. Hazırda mən dekabr ayında Gürcüstan və Ukraynaya bu statusun verilib-verilməyəcəyinə dair açıqlama verə bilmirəm. Ancaq bunu deyirəm: Buxarestdə Almaniya və Fransanın çəkinərək davrandıqlarına görə bu status verilə bilməmişdi. Ancaq Rusiyanın müdaxiləsindən sonra adını çəkdiyim ölkələr Gürcüstanın NATO-ya üzv olmasına dair fikirlərini gücləndirdilər.

- Rusiya Cənubi Osetiyanı işğal edərkən bölgədən çox uzaqda olan Marneuli aeroportunu da bombalamışdı. Bilirsiniz ki, Marneuli aeroportu NATO planları çərçivəsində Türkiyə tərəfindən yenidən qurulmuşdu. Sizcə, Rusiyanın oranı bombalaması təsadüf idimi? Türkiyə bundan sonra da NATO planları çərçivəsində Gürcüstandakı fəaliyyətlərini davam etdirəcəkmi?

- Əlbəttə ki, Türkiyə öz öhdəliklərini yerinə yetirəcək. Bizim Gürcüstanla çox yaxın münasibətlərimiz var. Aramızda viza yoxdur. Batumidəki aeroportu ortaq işlədirik. Türk təyyarələri Batumi aeroportuna bizim daxili xətlərimizdəki kimi uçur. Gürcüstanın inkişaf etməsinə Rusiyanın da heç nə deyə bilməməsi lazımdır. Türkiyə də, Gürcüstan da müstəqil ölkələrdir və qərarlarına başqalarının müdaxilə etmə haqqı yoxdur.
XS
SM
MD
LG