Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:12

«Dərs açılanda bizim də qara günlərimiz başlayır»


Sabirabad rayon sakini Niyaz Əliyev bildirir ki, xüsusilə qız uşaqları pambığı daha yaxşı yığırlar
Sabirabad rayon sakini Niyaz Əliyev bildirir ki, xüsusilə qız uşaqları pambığı daha yaxşı yığırlar
Dinlə

Dünyanın ən iri satış şəbəkələrindən olan «Wal-Mart» bugünlərdə öz təchizatçılarından tələb edib ki, Özbəkistan pambığından hazırlanan malları ona təklif etməsinlər. Səbəb Özbəkistanda pambıq sahələrində uşaq əməyindən istifadə olunmasıdır.

Bundan əvvəl eyni səbəbdən Britaniyanın «Tesco» və «Debenhams», İsveçin «Hennes and Maurits» satış şəbəkləri də Özbəkistan pambığından hazırlanan malları satmaqdan imtina ediblər.

Özbəkistan dünyanın ən böyük pambıq istehsalçısı olan ölkələrdəndir. Özbəkistan hökumətindən deyiblər ki, onlar pambıq sahələrində uşaq əməyinin qarşısının alınması üçün tədbirlər görürlər. Dünyanın iri satış şəbəkələri isə buna inanmaq üçün vəziyyəti özlərinin yoxlayacaqlarını deyirlər.

Hazırda Azərbaycanda da pambıq yığımı mövsümüdür. Özbəkistan kimi, Azərbaycanda da uşaqlar və qadınlar günün demək olar bütün işıqlı saatlarını pambıq yığırlar. Əvvəllər onları kolxoz və sovxozlar, briqadir və kolxoz sədrləri məcbur edirdi. Hazırda kolxoz və sovxozlar dağılıbsa da, uşaqlar və qadınlar indi də ailələrin öz təsərrüfatlarında, ailənin gəliri üçün pambıq yığmağa məcburdular. Sabirabad rayon sakini Niyaz Əliyev bildirir ki, xüsusilə qız uşaqları pambığı daha yaxşı yığırlar:

- Ən çox məktəbyaşlı qızlardır, gündə 100 kilodan aşağı yığanı yoxdur.

Sabirabad rayonunda uşaqları ailənin gəliri üçün işlədirlər. Naxçıvanda isə uşaqlı-böyüklü dövlətdən maaş alan hər kəsi Muxtar Respublikanın yaxşı görünməsi üçün işlədirlər, həm də pulsuz-parasız.

Naxçıvanda tarix müəllimi işləyən Nəbi Quliyev (öz xahişi ilə ad şərtidir) deyir ki, dərslər başlanandan onları hər şənbə günü iməclik adı ilə şəhərdə təmizlik işləri görməyə məcbur edirlər:

- Dərs açılanda bizim də qara günlərimiz başlayır. Əlimizdə lapatka gərək işləyək.

Nəbi Quliyevin dediyinə görə, iməclik adı ilə məcburi işlərə, dövlətdən maaş alan hər kəs, polis, icra hakimiyyəti işçiləri, hətta orta məktəblərin şagirdləri də cəlb edilirlər:

- Gəlməyən uşaq cəzalandırılır.

Nəbi müəllimin dediyinə görə, ayda-iki ayda bir Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun özü də iməcliyə baş çəkib, məcburi əməyə cəlb olunanları tərifləyir. Yerli televiziya isə hər şənbə günü iməclik qəhrəmanlıqlarından bəhs edən reportajlar verir.

Naxçıvanda bu yay büdcədən əməkhaqqı alanları həm də taxıl əkməyə məcbur etmişdilər. İndi Muxtar Respublika sakinləri deyirlər ki, becərdikləri taxılı dövlətə təhvil veriblər, əlbəttə, heç kim çəkdiyi zəhmətin əvəzini istəməyi ağılına da gətirmir. Yığılan taxılı necə istifadə etmək isə yerli hakimiyyətin öz ixtiyarındadır.
XS
SM
MD
LG