Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:44

Köhnəliyin təntənəsi


Elə Azərbaycan siyasətində baş verənlərin hamısını bir adla adlandırmaq olar: köhnəliyin təntənəsi!
Elə Azərbaycan siyasətində baş verənlərin hamısını bir adla adlandırmaq olar: köhnəliyin təntənəsi!
Hətta ən zəif və maraqsız seçki belə siyasi təhlil və analiz üçün hansısa əsaslar verir. Uğurlu, uğursuz tamaşa olur. Tamaşa uğurlu olanda hamı onun uğurundan danışır. Əksinə olanda isə rejissoru, aktyorları qınayırlar.
Yox, bu dəfə dekorasiyaya və tərtibata söz ola bilməzdi. Hətta onu yada salaq ki, müxalifət hakimiyyəti qınayırdı ki, imitasiya etmək belə istəmirlər.
Yox, istəyirdilər. Amma bütün cəhdlərə baxmayaraq tamaşa zəif əyalət teatrının oyununu xatırladırdı. Bəs nəticə nədir? Hakimiyyət nə yerli cəmiyyəti, nə də sayıq beynəlxalq ictimaiyyəti aldada bilmədi. Hovuzla bənzətmə lap yerinə düşdü: gözəl hovuz tikilmişdi, amma su yox idi. Bəlkə, hətta üzgüçü də.
Məsələ bundadır. Ənənəvi müxalifəti tamam sıradan çıxarmaq, yenisini yaratmaq istədilər. Amma alınmadı. Ona görə alınmadı ki, əvvəla Azərbaycan siyasətində yeni adam tapmaq çox çətindir. Seçkidə iştirak edən alternativləri yeni adamlar adlandırmaq olardımı? Axı bu adamların özləri ölkə siyasətində neçə illərdən bəri vurnuxan, özünə siyasi çətir altında kiçikcik də olsa bir yer tutmaq istəyən, gah bu partiyadan, gah o biri partiyadan qopan, gah bununla, gah başqası ilə birləşən adamlar idi. Kim idi yeni? Beləsi yox idi. Vaxtilə əsas müxalifət düşərgəsində olan və yaxud əsas düşərgəni ifşa etmək, gözdən salmaq üçün mütəmadi olaraq istifadə olunan insanlar idi bunlar. Yenilik prinsipcə ola bilməzdi. O vaxt yenilikdən danışmaq olardı ki, ölkədəki siyasətin mahiyyəti yeniləşsin, yeni münasibətlər ortaya çıxsın. Bunlar yox idi. Köhnə insanlar və əski arqumentlər vardı ortalıqda.

Təbii ki, hakimiyyətin başqa məqsədi də vardı. Problemsiz seçki keçirmək! Buna qismən nail oldular. Alternativlərin heç biri birinci yerə iddia etmirdi. Üstəlik, məntəqələrin qapısı bağlanan kimi hamı bir səslə köhnə prezidenti yenidən seçilməsi münasibətilə təbrik etdilər. Hakimiyyətə bu lazım idi.
Ənənəvi müxalifəti tamam sıradan çıxarmaq, yenisini yaratmaq istədilər. Amma alınmadı... Unutdular ki, müxalifət körpü deyil, asfalt deyil, onun formalaşmasında cəmiyyətin də rolu olmalıdır
Özləri demişkən, onların metodologiyası bu idi. Amma metodologiya əski xarakteri ilə bir daha diqqəti cəlb etdi. İndi dünyada 80, 90 faizlik nəticələr olmur. Hətta Gürcüstanda və Ermənistanda bu yaxınlarda keçirilən seçkidə nəticə 52-53 faiz oldu. Böyük ədədlərə ancaq Orta Asiyada təsadüf olunur.
YAP ümumiyyətlə böyük ədədləri sevir. Kütləvi partiya üzvlərinin sayının çoxluğu ilə də öyünə bilər.
Amma hiss olunur ki, YAP sonuncu seçkinin yaratdığı vəziyyətin tragikomikliyinə bir o qədər də əhəmiyyət vermək fikrində deyil. Hətta prezident seçkisində iştirak etmiş partiyaların dövlət büdcəsindən maliyyələşməsi haqda söhbətlər gəzir. Bu o deməkdir ki, YAP müxalifəti elə belə də görür və onu bu formada qoruyub saxlamağa çalışır. Ənənəvi müxalifətə isə siyasətə qayıdış üçün yol qoymaq fikrində deyil. Amma ənənəvi müxalifətin bir neçə üstünlüyü var ki, YAP heç cür onu aradan qaldıra bilməz. Ənənəvi müxalifət ictimai obrazdır, müəyyən mənada ictimai fikrə proyeksiya olunub. Bu düşərgədə qismən də olsa fədakarlıq, əzm və əqidə qalıb. Üstəlik, hətta beynəlxalq təşkilatlar da hələ də onları əsas müxalifət hesab etməkdə davam edir. Bütün bunlar potensial üstünlüklərdir. Sadəcə son vaxtlar YAP totalitar üsullara o qədər aludə olub və onların uğuruna o qədər inanıb ki, hətta istədiyi müxalifəti quracağına da inanır.
Amma unudurlar ki, müxalifət körpü deyil, asfalt deyil, onun formalaşmasında cəmiyyətin də rolu olmalıdır. Mübaliğəsiz demək olar ki, son seçkidəki alternativlərin heç birini cəmiyyət ciddi siyasi fiqur kimi qəbul etmədi.
Amma ənənəvi müxalifətin də ciddi problemləri var. Müqavimət hissi yox dərəcəsindədir. Cəmiyyətlə kontakt çox zəifdir. Avtoritar və totalitar üsul-idarənin yaratdığı çərçivənin əsirinə çevriliblər. Öz aralarında bir statiklik var. Son vaxtlar müxalifət nomenklaturası deyilən fenomen yaranıb. Mobillik yoxdur. Hazır liderlər var, onlar on illərdir ki, siyasi postları öz əllərində saxlayırlar. Yenilər ancaq onlara dəstək ola bilərlər. Dağılan partiyalar var, amma özünü yenidən quran, dəyişən partiyalar yoxdur.
Elə Azərbaycan siyasətində baş verənlərin hamısını bir adla adlandırmaq olar: köhnəliyin təntənəsi! Görünür, yenilik tamam təzə formada təzahür edəcək. Amma bu, tez olmayacaq. Bu o vaxt baş verəcək ki, siyasət biznesdən fərqli çalarlar kəsb edəcək, partiya liderləri daha öz partiyalarına firma, dükan kimi baxmayacaqlar!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG