Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:41

Dünya ölkələrində «dedovşina»


Çelyabinskdəki tank məktəbi, 27 yanvar 2006
Çelyabinskdəki tank məktəbi, 27 yanvar 2006
Dinlə

Çörəyin üstünə diş pastası çəkib əsgəri məcbur edirlər ki, yesin. Əsgər üz-gözünü turşuda-turşuda yeyir, amma soruşanda ki, vəziyyət necədir, mütləq cavab verməlidir ki, yaxşıdır.

Bu, internetdə YouTube videopaylaşma portalına yerləşdirilən və rus ordusunda «dedovşina»nı sübut edən onlarla videokadrdan biridir. Başqa bir videoda əsgəri məcbur edirlər ki, çəngəllə çirkli unitazı təmizləsin. Daha bir kadrda əsgəri ağaca dırmaşmağa və xoruz kimi banlamağa məcbur edirlər.

Mobil telefonlar çıxandan sonra rus ordusunda əsgərlərin döyülməsi kadrları telefonun videokamerasına tez-tez çəkilməyə başlayıb. Zabitlər sonradan həmin kadrları dostlarına göstərib lovğalanırlar.

Yatmamışdan qabaq sinəyə bir yumruq – bu, «gecən xeyrə qalsın» deməkdir, yaxud əsgəri məcbur edirlər ki, əyilib başını tumbuçkaya vursun - bu, «mən ağıllanıram» deməkdir. Yaxud metal boşqabı yatan əsgərin başına keçirib metal qaşıqla boşqaba vururlar. Bu isə əsgəri yuxudan oyatmağın bir yoludur, adına «Kreml saatının zəngi» deyirlər. Alt paltarında iki əsgəri bir-birinə sarılıb oynamağa məcbur etmək «ağ qu quşları rəqsi» adlanır.

İki il qabaq Çelyabinskdəki tank məktəbində sıravi Andrey Sıçevi elə döymüşdülər ki, sonradan xəstəxanada onun həyatını xilas etmək mümkün olsa da, ayaqlarını və cinsiyyət orqanını kəsmişdilər.

Rusiya Əsgər Anaları Komitəsinin sədri Qalina Znaçkova «Azadlıq» radiosunun Azrbaycan Xidmətinə deyir ki, belə hallar tək-tük deyil, kütləvi xarakter daşıyır:

«Dedovşina» – bir tərəfdən, hərbi hissədə qulluq edən əsgər kontingentinin tərkibindən asılıdır, o biri tərəfdən isə həmin hissə komandirinin «dedovşina» məsələsinə necə münasibət bəsləməsindən. Biz demək olar ki, Rusiyanın hər yerindən şikayətlər alırıq. Elə bu gün mənə bir əsgər anası zəng etmişdi, mobil telefona görə bir əsgər o birisini döyüb».

Az da olsa, YouTube-də hətta Amerika ordusunda «dedovşina» hallarına aid videokadrlara da rast gəlmək olar. Məsələn, onlardan birində İraqda əsgəri hərbi maşının buferinə sarıyırlar.

CNN bu yaxında xəbər vermişdi ki, İraqda Ceremy Hol adlı bir əsgər Müdafiə naziri Robert Geytsi məhkəməyə verib. O deyib ki, zabitlər və əsgər yoldaşları Allaha inanmadığı üçün ona qarşı təzyiqlər edir, ordu xristian təşkilatına çevrilib, din və vicdan azadlığı qorunmur. Həmçinin dini bayramda masa ətrafında hamıyla bir yerdə dua etmədiyi üçün onu məcbur ediblər ki, durub ayrı otursun. Bundan başqa onu irəli çəkmirlər.

Rusiya, «dedovşina» qurbanı, 1997
«Azadlıq» radiosunun İsraildəki müxbiri Rövşən Rahiboğlu deyir ki, İsraildə əsgərlərin təhqir edilməsi halları çox azdır. Çünki buna görə cəza sərtdir, bundan başqa demək olar ki, bütün əsgərlərin mobil telefonu var və sülh şəraitində onları az qala hər istirahət günü evə buraxırlar və onların orduda olanları valideynlərinə danışmaq imkanı var. Amma İsrail ordusunda nizamnamədən kənar hallar daha çox seksual xarakterlidir.

Rövşən Rahiboğlu: «Məsələ burasındadır ki, orduda gənc oğlanlarla yanaşı qızlar da xidmət edir. Qadın hüquq müdafiə təşkilatları bu məsələni tez-tez qaldırırlar ki, zorlama halları çox nadir olsa da, qadın hərbi qulluqçular müxtəlif üsullarla öz rəisləri tərəfindən cinsi əlaqəyə məcbur edilir. Razılaşdığı halda qadın əlavə imtiyazlar alır, rədd edəndə isə hər bir bəhanə ilə cəza və təhqirlərə məruz qoyulur».

«Dedovşina» sovet ordusunda yaranan termindi və nizamnamədən kənar davranışdan söz düşəndə də ən çox keçmiş sovet ölkələri yada düşür. Amma Rusiya Əsgər Anaları Təşkilatının sədri Tatyana Znaçkova deyir ki, vəziyyət sovet ittifaqı dağılandan sonra daha da pisləşib:

«İndi orduya gələn uşaqlara biz «demokratiyanın uşaqları» deyirik. Yəni onlar SSRİ dağılan vaxt dünyaya gəliblər, indi əsgərlik yaşına çatıblar. Kimisi ehtiyac içində böyüyüb, kimisini valideynləri atıb küçədə, damlarda böyüyüb. Bu yaşacan sağ qalanlar orduya gəlirlər, ehtiyac onları həyatdan acıqlı böyüdüb, dalaşa bilirlər, nəyisə davayla, mübarizə ilə əldə etməyə öyrəşiblər. Həyat uğrunda mübarizəyə alışıblar. Çox mürəkkəb kontingentdi, bu, cəmiyyətin güzgüsüdü».

Rusiya Əsgər Anaları Komitəsi vaxtaşırı «dedovşina» qeydə alınan hərbi hissələrin siyahısını hazırlayır. Həmin qara siyahını ölçü götürülməsi üçün dövlət orqanlarına göndərir. Amma ölçü götürülsə də, «dedovşina»nın kökünü kəsmək mümkün olmur.

«Dedovşina»dan yuxarılara şikayət edən və başqa hərbi hissəyə köçürülməklə canını qurtaran əsgər Yuri Vilnid isə Rusiya televiziyasına müsahibəsində deyir ki, «dedovşina» komandirlərə sərf edir:

«Əgər hərbi kollektivdə «dedovşina» olmasa, zabitlər düşünür ki, əsgərləri idarə etmək mümkün olmaz, əgər əsgər işləməkdən imtina etsə, zabit ona nə edəcək?».
XS
SM
MD
LG