Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:43

«Sulutəpə və Xocasən köçürülməyəcək»


Xocasən
Xocasən
Ötən ilin rəsmi statistikasına inansaq, Binəqədi rayonunun Xocasən qəsəbəsində təxminən 2700 adam yaşayır. Qəsəbədə 15-20 min evin olduğu deyilir, bu isə Xocasəndə daha çox insanın yaşadığını deməyə imkan verir. Ancaq yeni salınmış bu qəsəbənin tikililərinin əksəriyyəti Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçməyib. Bunu həmin ərazinin sakinləri deyir. Bu halda isə tikili qeydiyyatsız sayılır. Bu yaxınlarda Dövlət Reyestr Xidməti də məlumat yayıb ki, Bakı və ətraf ərazilərdə 500 minə yaxın qanunsuz tikili var.

Hazırda Xocəsən və Sulutəpə sakinlərini daha çox Bakının Yeni Baş Planı ilə evlərindən köçürülüb-köçürülməyəcəkləri narahat edir. Belə ki, növbəti üç ildə hazırlanacaq layihəylə bağlı yayılan xəbərlərdə Sulutəpədə, Xocasən gölünün ətrafında, Binəqədi rayonunun bəzi ərazilərində tikililərin sökülərək, yeni yaşayış massivi ilə əvəzlənəcəyi bildirilir.

Sakinlər deyirlər ki, Dövlət Neft Şirkətinin mühafizə xidməti gəlib evləri uçurdur.

Dövlət Neft Şirkətinin Mətbuat Xidmətinin rəhbəri Nizaməddin Quliyev isə yeni tikililərin ucaldılmasına icazə verilmədiyini təsdiqləsə də, bunu bələdiyyənin torpağı qanunsuz satması və həmin ərazilərin onlara məxsus olması ilə əlaqələndirdi. Yaşayış binalarının taleyi ilə bağlı məsələyə gəlincə, N.Quliyev bunun dövlət səviyyəsində həll olunmalı olduğunu dedi.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl hesab etmir ki, Dünya Bankı ilə birgə hazırlanacaq Bakı şəhərinin yeni Baş Planı nəzərdə tutulduğu müddətdə - 3 il ərzində hazırlanacaq. Ekspert deyir ki, Baş Planın hələ 1995-ci ildən bəri hazırlandığı bildirilir, ancaq ortada heç nə yoxdur.
Digər tərəfdən, hətta plan ərsəyə gəlmiş olsa belə, Zöhrab İsmayılın qənaətinə görə, o vaxta qədər layihə öz mahiyyətini itirə bilər. Çünki Bakıda dayanmadan yeni göydələnlər, körpülər tikilir, yollar, su xətləri, sanitar qovşağı və s. çəkilir.

Ekspert hesab edir ki, əslində əhalinin bəzi yaşayış massivlərindən köçürülməsini nəzərdə tutan layihə köhnə «Kubinka», «Sovetsk»i və Keşlədə müəyyən torpaqları ələ keçirmək məqsədi daşıyır.

Ancaq Bakı şəhər Baş Planının rəsmisi Fuad Cəfərli bu fikirlərlə razı deyil. O bildirir ki, hazırda Baş Planın hazırlanması ilkin mərhələdədir. Planla bağlı yaşayış massivlərinin köçürülməsinə dair məlumatlar həqiqəti əks etdirmir.

«Bizim apardığımız proses strategiyanı müəyyən etməkdir. Digər tərəfdən bizim strategiyamız məkanın planlaşdırılması olacaq, söhbət hər hansı yaşayış məhəlləsinin, mikrorayonun planlaşdırılmasından getmir».

F. Cəfərli «İşdən sonra»ya deyib ki, Sulutəpə və Xocasən köçürülməyəcək. O, yaranan bütün şaiyələri təkzib edir:

«Bakının Baş Planı deyəndə, əhalinin ağlına ilk növbədə gələn fikir – «bizim evlər söküləcəkmi» sualıdır. Baş Plana bu cür baxmaq olmaz. Söhbət Bakının genişləndirilməsindən, yeni ərazilərdə inkişafdan gedir. Paytaxtda kifayət qədər boş torpaq sahələri var. Lakin onlar arasında ekoloji tələblərə cavab verməyən yerlər də mövcuddur. İstənilən halda, heç bir vətəndaş həyata keçiriləcək regional inkişaf proqramı nəticəsində uduzmayacaq, mənzilləri əllərindən alınmayacaq».

Yeni Baş Planın hazırlanma müddəti isə bir neçə mərhələdən ibarətdir. Ekspert deyir ki, planın ilk hissəsi 2008-2011-ci illər ərzində hazırlanmalıdır. Həmin vaxta qədər paytaxt əhalisinin dəqiq sayı da məlum ola bilər.

Xocasəndə olduğumuz vaxt diqqətimizi çəkən bir məqamsa hektarlarla ərazinin hasarlanması oldu. Ərazini mühafizə edən işçi deyir ki, Yasamala qədər uzanan bu ərazi və Xocasən gölü iki ildir ki, Heydər Əliyev Fonduna məxsusdur.

Üzü qışa getdikcə isə xocasənliləri narahat edən bu boş torpaqların kimə məxsus olması yox, qəsəbənin bəzi yerlərinin hələ də qazsız-susuz olması, yolların bərbad vəziyyətidir.
XS
SM
MD
LG