Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:57

«2 milyarda bilirsən nələr etmək olardı!..»


2006-cı ildən bəri 21 yol ötürücüsü və yol qovşağı, yeraltı keçid tikilib
2006-cı ildən bəri 21 yol ötürücüsü və yol qovşağı, yeraltı keçid tikilib
Son üç ildə Azərbaycanda nəqliyyat sektorunun inkişafına dövlət büdcəsindən 2 milyard manatdan artıq pul ayrılıb.
Rəsmi məlumatlara görə, ayrılan vəsaitlərin hamısı yolların yenidən qurulması və təmirinə, avtobusların və digər texniki avadanlıqların alınmasına xərclənib. Üstəlik, dövlət büdcəsindən o qədər də az olmayan vəsait beynəlxalq maliyyə təşkilatlarından alınıb.
Büdcə sənədlərində göstərilir ki, nəqliyyat layihələrinin maliyyələşməsinə 2009-cu ildə də xarici mənbələrdən alınan kreditlərlə birgə 2 milyarda yaxın pul ayrılacaq.
Ancaq taksi sürücüsü Vaqif Əliyev deyir ki, o, ortalıqda həmin məbləğə uyğun nəticə görmür:
«2 milyarda bilirsən nələr etmək olardı!.. Bu pulların hamısı işlərə xərclənməyib, ciblərə gedib».
Nəqliyyat sektoruna yaradılan şəraitdən sərnişinlər də razı deyillər. Düzdür, adamlar iritutumlu avtobusların mikroavtobusları əvəzləməsini müsbət addım saysalar da, nəticəni gözlənilən hesab etmirlər. Adamlar yenə də xidmətin səviyyəsindən və bəzi avtobuslardakı səliqəsizlikdən narazıdılar.
İqtisadçı Rövşən Ağayev isə avtobusların alınmasında şəffaflığın olmadığını deyir. Elə özəl şirkətlər ola-ola Nəqliyyat Nazirliyinin hardansa avtobus alıb gətirməsi də başa düşülən deyil. R.Ağayevə görə, nəqliyyat sektoru geniş bir sahəni əhatə edir və burda böyük pullar var. O, hesab edir ki, məmurları bu sahəyə cəlb edən də elə bu sahədəki pulun çoxluğu və həmin çoxluqdan mənimsəmə imkanlarının genişliyidir.
Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov isə nəqliyyat sektorunda hər şeyin şəffaf olduğunu deyir. Onun sözlərinə görə, indiyə qədər Almaniyadan «MAN», Belarusdan «MAZ», Koreyadan isə «Daewoo» markalı 500-dən çox iri tutumlu avtobus gətirilib. Yaxın vaxtlarda isə daha 300 avtobusun gətirilməsi gözlənilir.
«Daewoo» markalı iritutumlu avtobuslar, 12 noyabr 2007
N.Həsənov deyir ki, həm avtobusların qiyməti, həm də onları gətirən şirkətlərin adının açıqlanmasıyla bağlı hər hansı qeyri-müəyyənlik yoxdur və hər şey şəffafdır:
«Sonuncu dəfə gətirilən «Daewoo» markalı iritutumlu avtobusların biri 156 min dollara, «MAN» markalı avtobusların qiymətisə 250 min dollara yaxındır».
N.Həsənov deyir ki, sonuncu dəfə gətirilən avtobusların bir hissəsi dövlət vəsaiti hesabına gətirilsə də, qalan avtobusları ayrı-ayrı şirkətlər gətirir:
«Nihad motors», «Transqeyt», «Saf» LTD, «Çinarlı» MMC, «Gəncəli» MMC və s. şirkətlər».
Namiq Həsənov bu şirkətlərin hamısının Nəqliyyat Nazirliynə mənsub olması barədə deyilənləri də səhv məlumat adlandırır:
«Bu yanaşmanı mən heç cür qəbul etmirəm. Adını saydığım o şirkətlərin eləsi var ki, onların adını heç bizim nazirlikdə eşitməyiblər».
Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl da nəqliyyat sektorunda korrupsiyanın açıq-aydın göründüyünü deyir. Onun sözlərinə görə, bir tərəfdən, hər il bu sahəyə xeyli pullar ayrılır, digər tərəfdənsə nəqliyyat sektorunun bir hissəsi olan sərnişinnəqliyyatdan əldə edilən pulların qeydiyyatı aparılmır. Yəni sərnişinnəqliyyatda bilet sistemi hələ də tətbiq edilmədiyindən gündəlik nə qədər gəlir əldə olunduğu, həmin gəlirin nə qədərinin vergi kimi ödənildiyi qeyri-müəyyən olaraq qalır.
Ekspert iki milyarddan artıq pulun xərclənməsinə baxmayaraq hələ də bəzi yolları çıxmaq şərtilə, nə Bakı, nə də kənarda tam çəkilib başa çatdırılan yolun olmadığını deyir. Bəzi işlər isə maliyyə çatışmazlığı üzündən dayanıb və ya olduqca zəif aparılır:
«Əgər standartlar yoxdusa, icraçilər, subpodratçılar tenderlə seçilmirsə, satınalmalarda şəffaflıq yoxdursa, deməli, burda korrupsiya var. Korrupsiyanın olduğunu işlərin günü-gündən uzanması və hər dəfə bu layihələrə böyük məbləğlərin ayrılması da sübut edir».
Bakıdakı yeraltı keçid, mart 2008
Bundan əlavə, nəqliyyatın intellektual idarəedilməsinə də 30 milyona yaxın pulun ayrıldığını deyən iqtisadçıya görə, burda da bəzi küçələrə quraşdırılan videokameralardan başqa gözə dəyən hər hansı bir şey yoxdur.
Amma Nəqliyyat Nazirliyinin rəsmisi Namiq Həsənov bu məsələlərin bir neçə ildə öz həllini tapacağını deyir. Onun sözlərinə görə, bilet sistemi olmasa da, avtobuslara fərqlənmə nişanları verilib və onlar oturacaqların sayına uyğun vergi ödəyirlər. N.Həsənov deyir ki, gələcəkdə sərnişinnəqliyyatda kart sisteminə keçiləcək və bu zaman heç bilet sisteminə də ehtiyac qalmayacaq. Onun sözlərinə görə, amma bu, 2011-ci ildən tez reallaşmayacaq. Nəqliyyatın intelektual idarə edilməsinə gəlincə, Namiq Həsənov deyir ki, gələn il reallaşması gözlənilən bu layihəyə hələ pul ayrılmayıb. Amma gələcəkdə 80 milyon manata yaxın vəsait xərclənməsi planlaşdırılır.
N.Həsənov deyir ki, indiyə qədər çəkilən yollara, tunellərə, piyada keçidlərinə ayrılan vəsaitlər sənədlərdə əksini tapıb. Onun sözlərinə görə, 2006-cı ildən bəri 21 yol ötürücüsü və yol qovşağı, yeraltı keçid tikilib. 2013-cü ilə qədər isə Nəqliyyat Nazirliyi təxminən daha 75 körpü, tunel, yol ötürücüsü və piyadalar üçün keçidlər tikməyi planlaşdırır. Ümumilikdə götürdükdə Namiq Həsənov deyir ki, Bakı şəhərində nəqliyyat sektorunun təkmilləşdirilməsi işi 2030-cu ilə qədər davam edəcək.
XS
SM
MD
LG