Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:06

Ehtiyac əsarətindən azadlıq


İnsan daim gündəlik problemlərinin həlli ilə məşğuldur. Siyasətlə, cəmiyyətlə maraqlanmağa vaxt yoxdur
İnsan daim gündəlik problemlərinin həlli ilə məşğuldur. Siyasətlə, cəmiyyətlə maraqlanmağa vaxt yoxdur
Vaxtilə ABŞ prezidenti Franklin Ruzvelt əsas fundamental azadlıqları sadalayarkən «ehtiyac əsarətindən azadlıq» haqqında da danışmışdı. Elə dünyadakı indiki qlobal böhran da kiçik miqyasda da olsa «böyük depressiya illərinin» elementlərini xatırladır. Amma məsələ bunda deyil. Həm ilin sonu, həm yeni seçkinin gözləntiləri, həm də əbədi sosial problemlər azərbaycanlıların diqqətini son vaxtlar daha çox iqtisadi məsələlərə yönəldib. İndi iqtisadiyyat, onun perspektivləri xüsusi maraq kəsb edir. Hamı iqtisadçıların proqnozlarını izləyir. Onlar isə o qədər də ürəkaçan deyil.
Növbəti il üçün həm böyük işsizlik, həm də inflyasiya proqnozlaşdırılır. 700 minlik iş yeri haqqında siyasi bəyanatlar, “analoqu olmayan iqtisadi inkişaf barədə” siyasi əfsanələr bitmək ərəfəsindədir. Birinci siyasi beşillik daha çox siyasi nağıllarla yadda qaldı. Bəs növbəti beş ildə nə olacaq?
Tikinti sektoru böhran keçirir. Mövsümi işlərin aradan qalxacağı proqnozlaşdırılır. Böyük layihələr, xüsusən də neft layihələri perspektivdə görünmür. Neft də ki, hamını dəyişkən qiyməti ilə təəccübləndirməkdə davam edir.
Orta statistik azərbaycanlı daim sosial təşviş içindədir. İşini itirmək, işsiz qalmaq - ehtiyac əsarəti elə bu deməkdir. Deyirlər ki, sosial müavinətlər getdikcə əhalinin daha çox hissəsini əhatə edir. Amma burada bir detal var. Əslində, bu, kütləvi şəkildə yoxsullaşmanın göstəricisidir, baxmayaraq ki, rəsmi sənədlərdə hakimiyyət yoxsulluğu çox aşağı səviyyədə qiymətləndirir.
Orta statistik azərbaycanlı daim sosial təşviş içindədir. İşini itirmək, işsiz qalmaq - ehtiyac əsarəti elə bu deməkdir...
Bir neçə gündür ki, mətbuat bir türk jurnalistinin Bakı haqqındakı yazısından bəhs edir. O, Bakıya prezident seçkisini müşahidə etmək üçün gəlibmiş. Sonra da yazıb. Onu təəccübləndirən budur ki, bahalıq səviyyəsinə görə, London və Tokio ilə müqayisə oluna biləcək Bakıda insanlar 200-300 manatla necə dolanırlar? Doğrudan da paradoksdur.
Amma türk jurnalisti bir detalı unudub ki, artıq bir neçə Bakı var. Bahalı maşınlar, villalar, böyük pullar və bir də qul bazarları! Ən çox maraq doğuran qiymət siyasətidir. Adi bazarın məntiqinə görə, əhalinin alıcılıq qabiliyyəti aşağıdırsa, təklif tələbi üstələyirsə, qiymət düşməlidir. Amma bu, baş vermir. Nə ilə bağlıdır bu? Bəlkə bu da mentalitetin göstəricisidir?
Görünür, insanların böyük əksəriyyətinin siyasi baxımdan passiv olmasının bir səbəbi də budur. Ehtiyac əsarəti imkan vemir! İnsan daim gündəlik problemlərinin həlli ilə məşğuldur. Siyasətlə, cəmiyyətlə maraqlanmağa vaxt yoxdur.
Növbəti konseptual məqalədə yazılmışdı ki, Azərbaycan «sosial dövlət» olmalıdır. Guya, bu vaxta qədər «siyasi», sonra «milli» olub, bundan sonra isə «sosial» dövlətə çevrilməlidir. Sosial dövlət anlayışı özlüyündə pis hal deyil. Almaniyanın Konstitusiyasında yazılıb ki, bu dövlət sosial dövlətdir.
Amma bunun üçün cəmiyyət qarşısında çoxlu sosial öhdəlik yerinə yetirmək lazımdır. Bunları kim edəcək? Azərbaycan Almaniya olacaqmı?
Təəssüf ki, son illərdə tələsərək bir çox şeyləri unutduq. Bunlardan biri də «sosial ədalət» prinsipidir! Amma bunun üçün millətə cavabdeh hökumət lazımdır. Parlament qarşısında hesabat verən hökumətə ehtiyac var. İş o yerə çatıb ki, parlament üzvü parlamentdə çıxış edərək fikrini çatdıra bilmir, gəlib bunu qəzetlərdə yazır. Adi kiçik iş adamı ildə dörd dəfə hesabat verir.
Hökumətimiz isə ildə bunu cəmi iki dəfə edir, özü də sırf formal şəkildə. Adama hərdənbir elə gəlir ki, «ehtiyac əsarəti» də düşünülmüş siyasətdir. Axı, insanın sosial problemləri həll olunanda, o, başqa şeylər haqqında da fikirləşməyə başlayır. Onun asudə vaxtı artır, başqalarından asılılığı azalır.
Hətta ağır sosial problemlər yaşayan adamların etirazı da bəzi hallarda bir o qədər də mütərəqqi xarakter daşımır. Ona görə də insanları ehtiyac əsarətindən azad etmək lazımdır!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG