Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:04

Mirşahin Ağayev: «Vaxtilə mən də həbs edilə bilərdim»


Mirşahin Ağayev
Mirşahin Ağayev
«Mediamız nə yaxşı, nə də pis vəziyyətdədir. Biz bəzən nəyinsə qiymətini verməyi bacarmalıyıq. Döyüşə gedən əsgər bilməlidir ki, ona güllə atacaqlar. Hər şeyin haqqı var. Əgər biz müstəqil olmaq istəyiriksə, onda azadlığımızın nəyin bahasına başa gələcəyini anlamalıyıq».

«Azadlıq» radiosunun «İşdən sonra» proqramının qonağı olan ANS TV-nin vitse-prezidenti Mirşahin Ağayev Azərbaycanda jurnalistikanın vəziyyətini şərh edərkən belə deyib.

«Azadlıq» radiosunun yerli tezlikdən məhrum edilməsi ilə bağlı səslənən fikirləri M.Ağayev belə şərh edib:

«Əgər mən buradan danışıramsa və suallarınıza cavab verirəmsə, deməli, bu problemləri həll etmək mümkündür. Bu günə bu problem həll olunub, Azərbaycanda azadlıq var və «Azadlıq» radiosu fəaliyyət göstərir. Fəaliyyət göstərənədək də bu problemin həll olunmasını düşünə bilərsiz. Nə vaxtsa, Allah göstərməsin, «Azadlıq»ı bağlasalar, onda bu, başqa problem olacaq».

Mirşahin Ağayev 90-cı illərlə müqayisədə indi əhalinin cəsarətsizliyindən gileylənir. O deyir ki, əvvəllər müsahibə verib şikayətini dilə gətirən vətəndaşlar «mənim adım olmasın» kimi xahişlər etmirdilər, indi isə hamı öz şikayətini anonim şəkildə etmək istəyir.

ANS-in vitse-prezidenti həbsdəki jurnalistlərin azad edilməsini arzulayır:

«Məhz jurnalistləri nəzərdə tuturam, hamısının qapısının Allah tərəfindən açılmasını arzulayıram. O insanları çox gözəl başa düşürəm, onların arasında vaxtilə mən də ola bilərdim. Baş redaktoru həbsdə olan «Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərində mən və Vahid Mustafayevin həbs olunacağı haqda yazıları oxuyurdum. Və Eynulla Fətullayev, dostum Qənimət Zahid öz qəzetlərində kimlərinsə həbs olunacağı haqda yazanda bu təhlükə ilə üzləşəcəyini düşünürdülər. Ona görə də haqq-ədalətin bərpasını diləyirəm. Azərbaycan dünyanın tək ölkələrindəndir ki, orada hətta asqıranda da Haqq - Allahdır. Amma çox üzülürəm ki, bizdə Haqq - Allahdır deyəndə, birdən görürsən ki, tək səbir gəlir».
XS
SM
MD
LG