Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:01

Uşaq bağçaları boşalır


Nəriman Qəhrəmanov adına körpələr və uşaq bağçası
Nəriman Qəhrəmanov adına körpələr və uşaq bağçası
Bakının Nizami rayonunda yerləşən Nəriman Qəhrəmanov adına körpələr və uşaq bağçasında sakitliyi addım səsləri pozur. Amma bu addım səsləri bizimkidi, yaxınlaşdığımız geniş otaqda 4-5 oğlan uşağı sakitcə oynayır. Nə dəhlizdən səs eşidilir, nə də otaqlardan… Maraqlanıram ki, uşaq bağçası ola, uşaqların səsi gəlməyə… Başqa bir otaqda isə təxminən 8 uşaq sayıram. Elə də kiçik olmayan bağçanın 135 uşağa yer vermək imkanı var, amma rəhbərlik deyir ki, onların cəmi 85 uşağı var.

Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nəzdindəki 42 müəssisəsindən biri olan bu bağçada uşaqların sayı azalacaq. Çünki idarə rəhbərliyinin qərarıyla valideyni neftçi olmayan uşaqlar üçün aylıq ödənişin məbləği 40 manatdan 100 manata qalxıb. Bunu valideyn Mahirə Həsənova deyir. Onun sözlərinə görə, dekabrın 1-dən bu qərarı eşidəndən sonra uşağını bağçadan çıxarmağa məcbur olub, çünki maddi vəziyyəti buna imkan vermir: «Bağça haqqını qaldırdılar. Üç iliydi ki, qızım bu bağçaya gedirdi. Qiyməti yüz manat eləyəndən sonra məcbur olub uşağı çıxartdım».
Mahirə Həsənova deyir ki, onun anası neftçi olduğu üçün bağçaya 40 yox, təxminən 14 manata qədər pul ödəyib. Yəni neftçi ailəsi sayılıb. Amma yeni qərar onlara da aid edilib:

«Dedilər ki, nənə-babanın neftçi olmasının məsələyə dəxli yoxdu, 100 manat verməlisiniz. Hansı bağçaya da gedirəm, deyirlər ki, artıq yer yoxdu».

Qızı Ləman isə deyir ki, o bağçadakı dostları üçün darıxır. Onun üçün bağçada şən keçirmiş, dostlarıyla birlikdə əlifba öyrənirmişlər, şəkil çəkirmişlər.

Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Cəfərov deyir ki, bir uşağın aylıq xərci 177 manatdır, ona görə də şirkət rəhbərliyi məbləği 100 manata qaldırıb:

«Bağçalarımızın bir neçəsi elə yerdə yerləşir ki, Təhsil Nazirliyinin orda bağçaları yoxdu. Orda neftçilərə tətbiq olunan güzəştlər digərlərinə də tətbiq olunub. Amma o biri bağçalarda qeyri-neftçi ailələrinin uşaqlarının saxlanma xərci baha başa gəldiyindən 100 manata qaldırıldı».
Əmrah Cəfərov deyir ki, hələ onlar 177 manatdan 77 manatı qeyri neftçi ailələrinə güzəşt ediblər. Bu qərar 36 bağçaya tətbiq olunub. Amma nənə, ya babası neftçi olan nəvələrə bu qərar aid deyil. Əmrah Cəfərov deyir ki, bu uşaqlar da neftçi ailəsi sayılırlar. Nəriman Qəhrəmanov adına körpələr və uşaq bağçasının müdirəsi Sara Səfərova isə bizə söylədi ki, onlar bu kateqoriyadan olan uşaqlara da aylıq ödənişin 100 manat olduğunu bildiriblər, amma Sosial İnkişaf İdarəsi bu qərarına yenidən baxmaq istəyir, ona görə də onlardan məhz bu kateqoriyaya, yəni təqaüdçü neftçi ailəsindən olan uşaqların siyahısını istəyib.
Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Cəfərov da dedi ki, güzəştli neftçi kateqoriyası yalnız Dövlət Neft Şirkətinin nəzdindəki qurumlarda çalışan neftçi ailələrinə aiddi, özəl neft sektorunda çalışan işçilərə heç bir güzəşt yoxdu. Güzəştli kateqoriyaya Çernobıl əlilləri, Əfqanıstan veteranları, məcburi köçkün və qaçqın ailələr aiddi:
«Son vaxtlar valideynlərin müraciətlərində anlaşılmayan məqamlar üzə çıxır. Məsələn, deyir ki, babası neft sahəsində işləyir, araşdıranda məlum olur ki, özəl neft sektorunda işləyirmiş».

Qiymətin artırılması qərarından narazı valideynlər deyirlər ki, bağçaların şəraiti 100 manata dəyməz: «Qışda soyuq olur. Təmiri yox, uşaqlar papaqla yatırdılar…»

Sosial İnkişaf İdarəsinin mətbuat xidmətinin rəhbəri Əmrah Cəfərov da bəzi bağçaların yüksək səviyyədə təmirli olmaması fikirləriylə razılaşır, amma deyir ki, bağçalar yaxın vaxtlarda təmir olunacaq.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı isə Sosial İnkişaf İdarəsinin bu qərarını uşaqların hüquqlarının pozulması kimi qiymətləndirir:

«Ölkə başçısı deyir ki, neft xalqa mənsubdu. Necə olur ki, neft şirkəti ayrı-ayrı şəhərlərdə, rayonlarda obyekt tikir, pul xərcləyir, məgər neftçi yaşayır?»

Mirvari Qəhrəmanlının fikrincə, bu qərarın arxasında başqa məqsəd durur. Müsahibimiz hesab edir ki, qiymət 100 manata qalxandan sonra Neft Şirkətinin bağçalarında uşaqların sayı azalacaq, rəhbərlik də uşaqların azlığını əsas gətirib həmin bağçaların bağlanmasına qərar verəcək və ərazilər satılacaq.
XS
SM
MD
LG