Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:58

«Balamın qanını yerdə qoymayacağam»


Elmin Əsgərov və valideynləri
Elmin Əsgərov və valideynləri
- Məndən tələb edirdilər ki, sənədlərə qol çəkim.
- Nə sənədlər idi?
- Anbarı yeyib dağıtmışdılar. Onun sənədləri idi. Mən də qol çəkmirdim, ona görə məni döyürdülər…

Azərbaycan Ordusundan birinci qrup əlil qayıdan Elmin Əsgərov «Azadlıq» radiosuna belə deyir. O, indi qolundan tutan olmasa, ayaq üstə dura bilmir və çətinliklə danışır. Onun ordudan belə əlil qayıtmasının uzun tarixçəsi var.

Elmin Əsgərov Gəncə Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra - 2003-cü ildə hərbi xidmətə gedib. Valideynlərinin deməsinə görə, 2004-cü il yanvarın 17-də onlara xəbər gəlib ki, oğlunuz Sarıcalı hospitalında müalicə olunur. Sarıcalı hospitalında baş həkim onlara deyib ki, Elminin başında uşaqlıqdan şiş olub və bu, indi fəsadlar törətməkdədir. Üstəlik, onları uşaqlarının yanına da buraxmayıblar. Elmin Əsgərov həmin vaxt özündə olmadığından valideynlər bu məlumatla kifayətlənməli olublar. Ancaq Elmin Bakıya gətirilib, başından əməliyyat olunduqdan sonra çətinliklə də olsa dərdini valideynlərinə anlada bilib. Elmin Əsgərovun anası Sevda Əsgərova:

- Güclə başa saldı ki, bəs məni beş əsgər bir də komandirlər döydülər. Aparıb mətbəxin arxasında döyürdülər ki, heç kim bunu görməsin…

Elmin Əsgərov valideynlərinə deyib ki, döyüldükdən sonra onu üç gün kafelin üstündə ac yatızdırıblar. Yalnız özündən getdikdən sonra hospitala göndərilib. Elmin sənədlərdən üçünə imza atsa da, qalanlarına imza atmayıb. Deməsinə görə, başa düşüb ki, qalan sənədlərə də imza atsa, hərbi hissədə baş verən bütün yeyintiləri onun üstünə atacaqlar. Halbuki, o, hərbi hissədə yalnız aşpaz işləyib. Elmin Əsgərovun atası Rəşid Əsgərov deyir ki, oğlunu döyənləri hərbi hissənin rəhbərliyi himayə edib:

- Hadisədən üç ay sonra briqada komandiri hospitala rəy göndərib. Orda yazılır ki, guya Elmin anbarda işləyərkən, hərbi vəzifələrini icra edən zaman yıxılıb başından zədə alıb.

R.Əsgərov sual edir: Əgər oğlu yıxılıb xəsarət almışdısa, sonradan onu döyənlərdən bir əsgərlə, bir giziri niyə tutdular? Rəşid Əsgərov deyir ki, oğlunun günahsız yerə döyülüb şikəst edilməsi və əsl müqəssirlərin azadlıqda gəzmələri ilə barışa bilməzdi.

Ona görə də prezident İlham Əliyev Gəncəyə səfər edərkən ona şikayət məktubu təqdim edib. R.Əsgərovun deməsinə görə, bu, işdə müəyyən dönüş yaratsa da, əsl günahkarlar yenə də məsuliyyətdən yayınıblar. Üstəlik, ona qarşı hədə-qorxular da güclənməyə başlayıb:

- Mənim evimə anonim zənglər gəlib. Səsin tanımamışam. Deyib heç nə edə bilməyəcəksən. Mənim pulum səninkindən çoxdur. Mən də polisə, prokurorluğa, MTN-ə məlumatlar vermişəm.

Bu iş artıq Apellyasiya Məhkəməsindədir. Elmin Əsgərovun vəkili Bayram Sadıqov deyir ki, onlar sənədləri Avropa İnsan Hüquqları Məhkəməsinə hazırlayırlar. Elmin Əsgərovun müalicəsi yalnız xaricdə mümkün olduğundan onlar Azərbaycan hökumətindən 70 min manat kompensasiya tələb edirlər.

Bayram Sadıqov deyir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə Elmin Əsgərovun işinə baxarkən ona işgəncə verən bəzi əsgər və komandirləri himayə edib. İşin bu tərəfi ilə bağlı şikayətləri isə artıq Avropa Məhkəməsinə göndərilib. Elminin atası Rəşid Əsgərov deyir ki, bu işdə haqq yerini tutana qədər mübarizə aparacaqlar:

- Balamın qanını yerdə qoymayacağam. Əgər Avropa Məhkəməsindən də yüksək instansiya varsa, ora da gedəcəm. Təki balamın qanı yerdə qalmasın.

Rəşid Əsgərov oğlunun işi ilə bağlı mübarizəsini davam etdirmək üçün maşınını satıb. Onun deməsinə görə, bundan ötrü evindən də keçməyə hazırdır.
XS
SM
MD
LG