Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:55

Həmrəylik və həmrənglik haqqında


Əcəba, bu Konstitusiya, görən, ümummilli sənəddir, yoxsa hakim Yeni Azərbaycan Partiyasının Nizamnaməsidir?!
Əcəba, bu Konstitusiya, görən, ümummilli sənəddir, yoxsa hakim Yeni Azərbaycan Partiyasının Nizamnaməsidir?!
Dünya azərbaycanlılarının Həmrəylik Bayramı da ötüşdü. Prinsipcə, bayram etmək üçün həmişə əsas tapmaq mümkündür. Burada isə ikisi var - bir tərəfdən yeni il, o biri tərəfdən də Həmrəylik günü. Amma bu iki hadisə arasında dərin bir fərq var. Həmrəylik daha çox ictimai-siyasi məzmun kəsb edir - bu, cəmiyyətin bütövlüyünün, hadisələrə münasibətdə yekdilliyinin, ictimai səfərbərliyinin göstəricidir. Onu şərtləndirən amillər mövcuddur. Həmrəylik hansısa ictimai-siyasi predmet, ideya, milli amal ətrafında yaranır.
Milli həmrəyliyi formalaşdıran, ona hüquqi məzmun verən bəlkə də ilk növbədə Konstitusiyadır. Konstitusiya səfərbər edir, birləşdirir, ümumi davranış qaydalarını, bəzən Qərbdə deyildiyi kimi, «cəmiyyətin oyun qaydaları»nı təsdiq edir. 1995-ci ildə qəbul edilən ilk Azərbaycan Konstitusiyası artıq bir dəfə dəyişdirilib, indi növbəti dəyişiklik ərəfəsindədir.

«Müxtəliflikdə birlik!» - əsl həmrəylik budur. İnsanlar maşın və ya dəzgah deyillər ki, eyni formada, ölçülərdə yaransınlar. Hər bir insan təkrarsızdır. Amma bütün insanlar müəyyən amalların daşıyıcısıdırlar. Bunlar da azadlıqdır, istiqlaliyyətdir və vətən sevgisidir
Hər dəfə də formal prosedurlara əməl olunur – Milli Məclisdə müzakirələr, Konstitusiya Məhkəməsinin «xeyir-duası» və referendum! Amma həmişə xalq bir çaşqınlıq yaşayır: qədimlərdə deyildiyi kimi, əcəba, bu Konstitusiya, görən, ümummilli sənəddir, yoxsa hakim Yeni Azərbaycan Partiyasının Nizamnaməsidir?! Yeni Azərbaycan Partiyası öz Nizamnaməsini istədiyi vaxt, istədiyi qədər dəyişə bilər! Həmişə bütün xalqın adından danşısa da, üzvlərinin sayını nə qədər şişirtsə də, hər halda 8 milyonluq əhalinin hamısı YAP-ın üzvləri deyil! Təbii ki, astronomik siyasi rəqəmlərlə apellyasiya etməyə adət etmiş hakim partiya üçün bu arqument, o qədər də ciddi amil təsiri bağışlamır. Amma siyasətdə reallıq hissini itirmək hələ bu vaxta qədər heç kimə fayda gətirməyib. O da faktdır ki, burada qeyri-adi heç nə yoxdur. Bütün totalitar və avtoritar rejimlərdə oxşar hal müşahidə olunub və indi də olunmaqdadır. Hətta bəzən siyasi psixologiya o qədər dəyişir ki, hakimiyyət həqiqətən də inanmağa başlayır ki, xalq onu sevir. İrəlicədən təşkil olunmuş «ictimaiyyətlə görüşlər», «zəhmətkeş məktubları», xüsusən də bitib – tükənməyən təriflər – bütün bunlar nəticəsiz ötüşmür. Tarixdə belə praktika çox olub.«Ümumxalq sevgisi»nə ən çox məhz avtoritar və totalitar
rejimlərdə təsadüf olunur.

Əvvəllər milli həmrəylik yaradan digər ideyalar və məfkurələr də var idi. Məsələn, Cənubi Azərbaycan problemi! Yaxın keçmişdə bu ideya nə qədər aktual idi. Sabiq prezident Əbülfəz Elçibəyin vəfatından, Bütöv Azərbaycan Birliyi siyasi fəaliyyətini dayandırandan sonra bu haqda çox az adam danışır. Digərləri, məsələn, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov «daxili siyasətdən uzaqlaşaraq Cənub problemi ilə məşğul olmaq istəyi»ni izhar etsə də hələ bu vaxta qədər bu arzunun təzahürləri özünü ciddi şəkildə büruzə verməyib. Ölkənin dövlət rəsmiləri bu haqda, ümumiyyətlə danışmırlar. Başa düşmək mümkündür: diplomatik və siyasi çərçivələr var. Amma onlar bu ideyanı gündəlikdən çıxarmaq üçün əllərindən gələni də əsirgəmirlər – yeri gəldi – gəlmədi, özlərindən əvvəlki hakimiyyəti İranla münasibətləri korlamaqda ittiham edirlər. Sanki indi iki ölkə arasındakı münasibətlər ideal məzmun kəsb edir!
Əslində ümummilli problemlərin sırası qeyd olunanlardan da böyükdür. Milli həmrəylikdən danışarkən Qarabağ problemini unutmaq olarmı? Amma bu da faktdır ki, cəmiyyət, müxalifət partiyaları, hətta bəzi qeyri-hökumət təşkilatları bu məsələnin çözülməsindən tamamilə uzaqlaşdırılıb, onlarla bu mövzuda müzakirələr, məsləhətləşmələr aparılmır, xalqın böyük əksəriyyətinin hakimiyyətin dediklərinə sadəcə inanmaqdan başqa çarəsi yoxdur. Amma onlar da nə az, nə də çox, düz 15 ildir ki, deyirlər və vəd verirlər, ancaq hələ ki ortalıqda heç bir nəticə yoxdur! Üstəlik, qəribə tezisləri də var: «xarici siyasət qapalı olmalıdır!». Olsun! Amma axı Qarabağ ümummilli problemdir! Hər şey nəticə ilə ölçülür, o cümlədən də siyasi etimad limiti! Elə bu səbəbdən hər bir hakimiyyət bu istiqamətdə gördüyü işlə bağlı cəmiyyətə hesabat verməlidir. Vəd və hesabat fərqli anlayışlardır! Görən, 15 il hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasına daha neçə il lazımdır ki, o, Qarabağ probleminin həllinə heç olmasa azajıq da olsa yaxınlaşsın?! Fəqət, prezident seçkisi ilə bağlı bu vaxta qədər mövcud olan iki dəfəlik məhdudiyyəti Konstitusiyadan götürmək cəhdi ona dəlalət edir ki, hakim partiya o qədər də tələsmir!
Həmrəylik mövzusu ona görə aktualdır ki, ölkədə birləşdrici meyarların sayı azalır, «atomistik cəmiyyət» yaranır. Şou –biznes və yenə də şou-biznes! Təbii ki, insanlar istirahət də etməlidirlər. Amma onların düşünmək, yeni məlumatlar almaq, onları analiz etmək, hadisələrə tənqidi münasibət bildirmək vərdişlərinin bilərəkdən aşındırılması yolverilməzdir. Sözsüz ki, müxtəliflik olmalıdır – bu, demokratiyanın ən bariz təzahürüdür. Hətta siyasətlə maraqlanmayan insanların mövcudluğunu da təbii qəbul etmək lazımdır. Təsadüfi deyil ki, demokratik ölkələrdə seçkilərin nəticələri bir qayda olaraq 50 faizlik ədədin ətrafında olur. 89 faizlik nəticələrə artıq siyasi praktikada çox nadir hallarda və rejimlərdə təsadüf olunur. Bu ədədə inansaq, belə nəticəyə gəlmək olar ki, ölkənin bütün əhalisi ancaq Yeni Azərbaycan Partiyasının yürütdüyü siyasətlə yaşayır və nəfəs alır – özü də yerli telekanallara baxa-baxa və hakim partiyanın qəzetlərini oxumaqla!

«Müxtəliflikdə birlik!» - əsl həmrəylik budur. İnsanlar maşın və ya dəzgah deyillər ki, eyni formada, ölçülərdə yaransınlar. Hər bir insan təkrarsızdır. Amma bütün insanlar müəyyən amalların daşıyıcısıdırlar. Bunlar da azadlıqdır, istiqlaliyyətdir və vətən sevgisidir. Həmrəylik yaratmaq insanların həyatını onların özlərinin qəbul etmədikləri instruksiya və «ustanovka»larla reqlamentləşdirmək demək deyil, hər bir fərdin fərqli olduğunu qəbul edərək hansısa prinsip və ya ideya ətrafında ortaq məxrəcə gətirmək bacarığıdır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG