Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:47

Xocalılar yeni qəsəbədən imtina edir


Bir qrup Xocalı sakinin etiraz aksiyası, 8 yanvar 2008
Bir qrup Xocalı sakinin etiraz aksiyası, 8 yanvar 2008
Yanvarın 8-də Bərdədə məskunlaşmış Xocalı rayonundan məcburi köçkünlər Prezident Aparatının və Milli Məclisin qarşısında etiraz aksiyası keçiriblər.

17 ildir Bərdədə məskunlaşan vətəndaşlar onlar üçün Goranboy rayonunun Böyrü kəndində salınan qəsəbəyə köçmək istəmədiklərini bildirirlər. Xocalı sakinləri həm də Bərdədə yerləşən Xocalı rayon Cəmilli kənd orta məktəbinin Böyrü qəsəbəsinə köçürülməsinə etiraz edirlər. Onların sözlərinə görə, Xocalı İcra Hakimiyyəti müəllimlərə bildirib ki, əgər yeni qəsəbəyə köçməkdən imtina etsələr, iş yerlərin itirəcəklər. Müəllimlər isə Bərdədə məskunlaşdıqlarından yeni qəsəbəyə getmək istəmir. İndi həm burada çalışan 25 müəllimin, həm də 103 şagirdin taleyi sual altında qalıb. Cəmilli kənd orta məktəbinin müəllimi danışır:

«Tikilən evlərin 85 faizi boşdur. İnsanlar ora getmək istəmir. Qar yağanda qəsəbəylə əlaqə bütünlüklə kəsilir. Heç bir maşın gedə bilmir o əraziyə».

Xocalı sakinləri yeni qəsəbəyə köçən 33 ailənin oradakı durumdan narazı olduqlarını bildirirlər. Bu səbəbdən Bərdədəki 65 Xocalı ailəsi Böyrüyə köçməkdən imtina edir. Onların sözlərinə görə, yeni qəsəbədə əhalinin məşğulluğu üçün heç bir ciddi iş görülməyib:
«Mənim bir toyuğum da yoxdur ki, orada heç olmasa, təsərrüfatla dolanım. Evimi yandırıblar, ailəmi çöllərə atıblar, ermənilər bir oğlumu güllələyiblər əlil olub, bir oğlumu da döyüblər zəlil olub. Evimizə 2 gündən bir Təcili Tibbi Yardım çağırırıq. Pis-yaxşı Bərdədə özümüzə güzəran qurmuşuq. Mən orada bu yaşımda necə yaşayım? Uşaqlarım harada işləyib çörək qazansın?»

Prezidentin İcra Aparatından heç kim aksiya iştirakçılarını qəbul etməyib, parlamentdə isə onları Xocalıdan olan millət vəkili Elman Məmmədovun köməkçisi qəbul edib.

Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsindən «Azadlıq» radiosuna bildiriblər ki, məcburi köçkünlərin yeni salınan şəhərciklərə köçürülməsi yalnız könüllük prinsipi ilə gerçəkləşdirilir. Bu səbəbdən heç kimin yeni qəsəbəyə zorla köçürülməsi mümkün deyil. Böyrü kəndində isə əhalinin məşğulluğu ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Cəmilli kənd məktəbinin Bərdədə qalacağı, yoxsa, yeni qəsəbəyə köçürüləcəyi ilə bağlı qərar isə yaxın aylarda veriləcək.
XS
SM
MD
LG