Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:51

Vətən təkcə ölmək üçün deyil...


Bütün ümidlərin işiğında Barak Obama dayanır - Amerikanın ilk qaradərili prezidenti
Bütün ümidlərin işiğında Barak Obama dayanır - Amerikanın ilk qaradərili prezidenti
ABŞ-da «keçid dövrü bitdi» - hakimiyyətə yeni prezident və administrasiya gəldi. İndi hamını düşündürən yeni insanların siyasətə gətirə biləcəyi dəyişikliklərdir. Adətən hakimiyyət dəyişiklikləri ABŞ-ın daxili həyatında elə bir ciddi düzəlişlər etmir – əsrlər boyu formalaşan qaydalar, qanunlar və sistem var. Hansısa yeni hakimiyyət ancaq kiçik dəyişikliklər edə bilər – vergilər azalar və ya artar, sosial proqramlar ixtisar oluna bilər və ya əksinə! Amma indi vəziyyət fərqlidir. Digər ölkələr kimi ABŞ da iqtisadi böhran yaşayır. Elə bu səbəbdən hökumətin iqtisadiyyata müdaxiləsinə bir qədər ehtiyac var. Və bütün ümidlərin işiğında Barak Obama dayanır - Amerikanın ilk qaradərili prezidenti.
Əslində bəlkə də ən böyük hadisə ilk dəfə olaraq qaradərili insanın ABŞ-da prezident seçilməsidir. İstər-istəməz yada Avraam Linkoln, Martin Lüter Kinq və başqaları düşür. Etiraf etmək lazımdır ki, əvvəllər ABŞ-da bununla bağlı problemlər mövcud idi. Ən ibrətamiz detal da budur ki, qaradərililər mübarizələrində ardıcıl oldular, digər amerikalılardan fərqlənmədiklərini sübut etdilər. İnsanlar həmişə müəyyən stereotiplərlə yaşayırlar, bu, dərin psixoloji baryerdir. Onlara – qaradərililərə inanmaq olarmı, ölkəni bu adamlara etibar etmək olarmı? Artıq indi ABŞ cəmiyyətinin bütünlüyündən, həmrəyliyindən danışmaq daha asandır, nəinki əvvəllər.
Sözsüz ki, ABŞ ümidlər ölkəsi, nağıllar diyarı deyil, heç «sehrli çubuğa» da malik deyil. Əvvəlki administrasiyanın müəyyən problemləri oldu, xüsusən də xarici siyasətdə – «dünya məchulluq» içində çabalayırdı. Sanki hər şey Samuel Hantinqtonun məşhur doktrinası üzərində qurulmuşdu. O, yazırdı ki, ABŞ-ı dövlət kimi səfərbər edən həmişə müəyyən «xarici təhlükə» obrazı olub. Əvvəllər bu, faşizm, sonra isə kommunizm idi. Kommunizmin süqutundan sonra hansı meyar səfərbərlik funksiyasını yerinə yetirəcək? Beləcə, «yeni təhlükələr» axtarışı başlandı. Hantinqton böyük politoloq olsa da, hər halda bir detalı nəzərdən qaçırırdı ki, amerikalıları birləşdirən, səfərbər edən əsas meyar məhz Amerika həyat tərzidir, «bərabər imkanlar» fəlsəfəsidir, azad və demokratik ölkədə yaşamaq, çalışmaq imkanıdır.
Vətənpərvərlik də müəyyən məzmun, sosial-iqtisadi–siyasi çalarlar kəsb etməlidir. Mənim evim, mənim küçəm, mənim şəhərim və nəhayət, mənim ölkəm! Bunun bir ekzistensial mahiyyəti var!
Təkcə dağlar, meşələr, çaylar vətənpərvərlik hissi oyatmır. «Yanıram, a dağlar!» - deməklə iş bitmir. «Gəzməyə qürbət ellər, ölməyə vətən yaxşı!» fəlsəfəsi ilə də uzağa getmək olmaz. Onda vətən nədir? Təkcə qəbiristanlıqmı?
Hətta «doğulduğun yer» anlayışı da arzuolunan məzmunu vermir. Əslində vətən tarixi, siyasi, hətta sosial–iqtisadi mahiyyət kəsb edən məfhumdur.

Abstrakt şəkildə götürəndə bu, bir torpaq paçasıdır, Yer kürəsinin bir hissəsidir. Onu vətənə çevirmək lazımdır. ABŞ qaradərililərin heç tarixi vətəni də deyildi. Amma onlar Amerikanı öz vətənlərinə çevirə bildilər, digər amerikalılarla birgə!
Azərbaycanlılar ilk növbədə özləri dəyişməlidirlər. Bunun üçün isə bir neçə tezisi qəbul etmək lazımdır: əvəzolunmaz insanlar yoxdur, təkbaşına, hətta qapalı bir qrupun qəbul etdiyi qərarlar effektiv ola bilməz, heç kimə qeyri–məhdud səlahiyyət vermək olmaz, siyasi elita daim yeniləşməlidir, siyasi rəqabət olmalıdır...
Amerika həyat tərzinin tənqidçiləri, anti-qlobalistlər və Amerikanın dünyaya nüfuz diqtə etdiyi ilə razılaşmayanlar da arabir boylanıb Amerikaya baxır. Afrikadan tutmuş Dağlıq Qarabağa qədər problemlərin həllində Amerika çözümünü görmək istəyirlər. Bunun səbəbi amerikalıların dünyaya özünü “böyük qardaş” olaraq sırımasında deyil, ədalətli, insanın özünü azad hiss etdiyi bir cəmiyyəti qura bildiyini sübuta yetirməsindədir.
Bu baxımdan bəlkə də tarixi boyu vətəndaşlarının özünü xoşbəxt hiss etdiyi bir dövlət qura bilməyən, amma böyük qardaş iddiasından çəkilməyən Rusiyanın qonşuluğundakı kiçik Azərbaycan üçün fərqli dəyərlərin forpostu olan ABŞ-ın maraq dairəsində olmaq bir qurtuluşdur.
Nə dəyişəcək? Nə baş verəcək? İndi hamı keçmişdə qalan «insan haqları diplomatiyası»nın xiffətini çəkir. Kommunizm təhlükəli idi, amma sonrakı tarixi təcrübə göstərdi ki, «tarix heç də hələ bitməyib», bu dünyada ondan geri qalmayan başqa təhlükələr də var. Avtoritarizm bir kabus kimi ən azı böyük bir regionda dolaşmaqdadır.
Avtoritarizmin bir təzahürü də psevdo-millətçilikdir. O “millətçilik” ki, yalnız sistemin mühafizəsi üçün istifadə olunur.
«Heç kim bizim daxili işimizə qarışa bilməz!» - bu qədər arxaik tezislər artıq təbəssüm belə doğurmayacaq qədər qeyri-səmimi “millətçiliyin” təzahürüdür.
Onda niyə Avropa Şurasının üzvü olurduq? Nəyə görə Avropa Birliyi ilə əməkdaşlıq edirik? Dünyaya inteqrasiya olunub da, insan haqlarını daxili məsələ kimi başqa nəzərlərdən uzaq tutmaq mümkün deyil.
Qonşu Rusiyadan başqa heç kim «suveren demokratiya» məfhumunu işlətmir. Bu həmin Rusiyadır ki, vaxtilə Yeqor Qaydar ona «daim gecikən sivilizasiya» adı vermişdi. Bütün post–sovet məkanında, Baltik respublikaları istisna olmaqla, ciddi demokratik problemlər yaşanır. Bunu stimullaşdıran, ideoloji cəhətdən təmin edən də məhz Rusiyadır. Belə alınır ki, Rusiyanın geosiyasi missiyası dəyişməyib– sovetlər dövründə olduğu kimi, indi də demokratiya yolunda böyük bir maneədir.
Məsələ heç Obamada da deyil. Heç kim qarşısına 8-10 il ərzində bütün dünyanı dəyişmək, hamını eyni mütərəqqi standartlarla yaşamağa vadar etmək məqsədi qoymur, buna heç bir adamın və ya komandanın gücü də çatmaz.
Kimin demokratiyaya hazır olub–olmamasını müəyyənləşdirməyə çalışmaq bəlkə də ən gülünc cəhddir. Sadəcə, insanlara bu şansı vermək lazımdır, ya da insanlar özləri bu hüququ qazanmalıdırlar! Doğrudanmı, bu ölkə bu qədər siyasi cəhətdən alternativsiz ölkədir? Doğrudanmı, bu ölkədə insanlar o qədər geridə qalıblar ki, kimi və necə seçməyi də bacarmırlar? Bu ölkədə yüz minlərin iştirak etdiyi aksiyalar olub, heç bir insident, xoşagəlməz hadisə baş verməyib. İndi isə hətta kiçik bir aksiyanı keçirməyə icazə vermirlər! Nə olub, nə baş verib?
Azərbaycanlılar ilk növbədə özləri dəyişməlidirlər. Bunun üçün isə bir neçə tezisi qəbul etmək lazımdır: əvəzolunmaz insanlar yoxdur, təkbaşına, hətta qapalı bir qrupun qəbul etdiyi qərarlar effektiv ola bilməz, heç kimə qeyri–məhdud səlahiyyət vermək olmaz, siyasi elita daim yeniləşməlidir, siyasi rəqabət olmalıdır. Bu azərbaycanlılara millət olaraq özünü sübut etmək imkanı verər. Amerikalılar kimi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG