Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:21

Hakimiyyət müxalifətin təşviqat qruplarını qeydə almaq istəmir


Müxalifət nümayəndələri imza toplamağa başlandığı gündən təzyiqlərlə üzləşdiklərini deyirlər
Müxalifət nümayəndələri imza toplamağa başlandığı gündən təzyiqlərlə üzləşdiklərini deyirlər
«Biz imza toplama kampaniyasına başladığımız gündən respublikanın müxtəlif yerlərində təşəbbüs qrupumuzun üzvlərinə təzyiqlər olması barədə məlumatlar gəlməkdədir»-, «Azadlıq» radiosunun «Panorama» proqramının qonağı olan Müsavat partiyasının seçki departamentinin rəhbəri Gülağa Aslanlı belə deyir:

«Təzyiqlər barədə ilk məlumat Gəncə şəhərindən gəlib, Nizami rayonun polis idarəsinin rəisi təşəbbüs qrupumuzun üzvlərini çağıraraq onlara imza toplamağın qadağan olunduğunu və onların işinə mane olacağını bildirmişdi. Xaçmazda polis imza vərəqələrimizi cırıb, İsmayıllıda polis rəisi imza vərəqəlini saxlayıb ki, bunları yoxlayacağıq. Sabirabadda isə imza toplayanlarımızı guya narkotik maddə ittihamı ilə həbs ediblər».
«Naxçıvana heç imza vərəqələri göndərməmişik. Çünki, Naxçıvanı ayrıca bir xanlıq hesab edirik. Bizim oradakı bütün strukturlarımız darmadağın edilib»
Siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, belə hansısa demokratik ölkədə olsaydı, buna təəccüb edərdi, amma Azərbaycanda baş verdiyinə görə buna təbii yanaşır:

«98-99 faizlik qələbə eyforiyaının sonu yeni repressiyalar dalğasının başlanması idi. Referendumla bağlı imza toplama kampaniyası olmasayıdı belə, cəmiyyətdə hansısa insanların sıradan çıxarılması prosesi baş verməli idi. Bir sözlə məqsəd Azərbaycanda alternativ fikri susdurmaqdır».

Azər Rəşidoğlu eyni zamanda güman etmir ki, müxalifət bu gün hakimiyyət üçün hansısa təhlükə mənbəyidir: «Sadəcə olaraq, bu məsələdə müxalifətin az-çox aktivliyi onlara qaraşı iri miqyaslı hücumların başlanması ilə müşahidə olunur. Siyasi təhlil nəticəsində gəldiyim qənaət burudur ki, müxalifət ötən prezident seçkilərini boykot etməsəydi, yəni siyasi mübarizədən çəkilməsəydi, ölkədə tamamilə yeni situasiya yaran bilərdi».

Şərhçi hesab edir ki, müxalifət liderlərinin seçkiyə qatılması onların tərəfdarlarının kütləvi həbsi ilə müşayiət olunacaqdı, bu da istər-istəməz ölkədə gərginliyi yaranmasına gətirib çıxaracaqdı: «Protest elektoratının ifrat dərəcədə passiv olduğu bir dönəmdə onun aktivliyini artırmaq üçün məhz həmin həbslər dalğasından istifadə etmək mümkün idi və parlament seçkilərinə qədər yeni bir situasiya yaratmaq şansı vardı. Təəssüf ki, müxalifət bu mübarizədən kənarda qaldı».

Gülağa Aslanlı deyir ki, buna baxmayaraq, hakimiyyət hətta lazım olan səviyyədə güclü olmayan müxalifətdən belə qorxur. Hakimiyyət müxalifətin referendum məsələsində bu cür birləşə biləcəyini gözləmirdi.

Ana Vətən Partiyasından olan deputat Zahid Oruc müxalifətin təşəbbüs qrupu üzvlərinin saxlanılmasını belə izah edir:
«Kəndlərdə bir neçə nəfər məsələnin mahiyyətindən xəbərdar olandan sonra iddia edirlər ki, biz imzamızdan imtina edirik bizi aldadıblar. Hakimiyyət təmsilçiləri və iqtidar yönlü şəxslər bildirirlər ki, məsələ vətəndaşların şikayətindən sonra başlayıb. Fakt olaraq müxalifətin imza toplamaq üçün nə resursu var, nə xüsusi olaraq bir fiziki güc var, nə də onlara imza verəcək insanlar dəstəsi var». Deputat iddia edir ki, imza toplayan müxalifətçilər başqa adlardan istifadə edirlər.

Gülağa Aslanlı isə bildirir ki, onların vətəndaşlara təqdim etdikləri bütün vərəqələrin yuxarı hissəsində «Respublikaçılar təşəbbüs qrupu» sözləri yazılıb:
«Toplanan imzaların həqiqiliyini isə sənədlər MSK-ya təqdim edildikdən sonra MSK tərəfindən təyin olunan komissiya araşdırır. Zahid Orucun, ya hansısa rayonun polis rəisinin həmin imzaların doğruluğunu yoxlamaq səlahiyyəti yoxdu».

Müsavat təmsilçisi deyir ki, heç də Azərbaycanın bütün bölgələrindən imza toplamaq şininə başlamayıb: «Naxçıvana heç imza vərəqələri göndərməmişik. Çünki, Naxçıvanı ayrıca bir xanlıq hesab edirik. Bizim oradakı bütün strukturlarımız darmadağın edilib».

Azər Rəşiboğlu müxalifətin addımlarının müəyyən mənada imitasiya xarakteri olduğunu iddia edir: «Müxalifət referendumda da protest elektoratının mobilizə edə bilməyəcəksə, ümumiyyətlə, bu müxalifət nəyə lazımdır?»

«Müxalifət sədrləri özlərinin rahat kürsülərini siyasi məhbus statusuna dəyişmək istəmirlər»
«Bu təzyiqlər qarşısında müxalifət necə möcüzə yarada bilər»-, sualına cavab olaraq o, bildirib ki, «müxalifət sədrləri özlərinin rahat kürsülərini siyasi məhbus statusuna dəyişmək istəmirlər. Təsəvvür edin ki, bu gün Azərbaycan müxalifətinin liderləri aktiv siyasi fəaliyyətdədirlər və həbs olunurlar, onların yüzlərlə, minlərlə tərəfdarları həbs olunur. Buna Qərbin də, Azərbaycan ictimaiyyətinin də reaksiyası çox kəskin olacaq. Yoxsa anti-referendum imitasiyası ilə olan-qalan qüvvələri də məhv etmək lazım deyil».

Gülağa Aslanlı imitasiya etmək iradı ilə razılaşmadığını və müxalifətin üzərinə düşən işi gördüyünü bildirdi. Bununla yanaşı o, MSK-ının indiki tərkibindən heç bir ədalətli qərar gözləmədiyini dedi.

Azər Rəşidoğlu deyir ki, bundan sonra siyasi proseslərin gedişini proqnozlaşdırmaq üçün analitik olmaq lazım deyil: «MSK çox yüksək faizləri elan edəcək, böyük ehtimalla müxalifətin yaratdığı təşəbbüs qrupu qeydə alınmayacaq. Referendumdan dərhal sonra müxalifət xüsusilə AXCP və Müsavat bir-birini çirkaba bulamaqla məşğul olacaq. Bu da protest elektoratının növbəti dəfə parçalanmasına gətirib çıxaracaq».

Gülağa Aslanlı bildirir ki, hakimiyyət müxalifətin təşviqat qruplarını qeydə almaq fikrində deyil: «Amma biz qanunla müəyyən olunmuş imzaları toplayıb MSK-ya təqdim edəcəyik və sona kimi mübarizəmizi davam etdirəcəyik. Qeydə alınacağımız təqdirdə mübarizəni daha da aktivləşdirib xalqa həqiqəti çatdıracağıq».

Buna da bax:

XS
SM
MD
LG