Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:31

Sabiq müstəntiq M.Nağıyev ölkənin birinci şəxslərini ittiham edir


Məhkəmə zallarından güc strukturlarının rəhbərlərinə qarşı səslənən ittihamlar birinci dəfə deyil
Məhkəmə zallarından güc strukturlarının rəhbərlərinə qarşı səslənən ittihamlar birinci dəfə deyil
Sizi and verirəm balalarınızın yediyi çörəyə, işimə ədalətli baxın. 2001-ci ildə Zakir Qaralov məni bir qəpiksiz Bakı Şəhər Prokurorluğuna “perevod” elədi. 7 il orada işləmişəm. Onun 3 ilini isə Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ezamiyyətdə olmuşam.

Məni Allahyarovun işi üzrə istintaq qrupuna Hafiz Babayev dəvət etdi. İşi Sabunçu rayonundan alıb mənə vermişdilər. O, dedi ki, bu iş Zakir Qaralovun, MTN-in nəzarətindədir. Hamı da bilirdi ki, Yusif Allahyarov Ziyafət Əsgərovun qohumudur.

Onun həbsini Qaralov tapşırdı. Həbsindən əvvəl Allahyarovu dindirib qapıdan çıxanda dedi ki, zəngini gözləyirəm, get Hafiz Babayevlə danış, mənə rəqəmi deyin. Hafiz Babayev dedi ki, Qaralovun göstərişidir, sanksiya veririk, onu həbs et. İndi Hafiz Babayev kef edir, mənim ailəm isə əziyyət çəkir.

O vaxt Allahyarov evlərin ələ keçirilməsi ilə bağlı ifadəsində dedi ki, tənha qocaların evini ələ keçirmək üçün hökm yazıb pulunu da verirəm məhkəmələrə, hökmləri məhkəmələr imzalayıb möhürləyir. Bu ifadəni məruzə edəndə dedilər ki, get onun ofisindən kompüterini götür. Onun kompüterində işə aid çoxlu qətnamə və hökm vardı.

Bundan sonra Baba Mahmudzadə, Natalya Sinisina barədə həbsli axtarış elan olundu. Onlar da tanışları vasitəsilə müraciət etdilər ki, könüllü təslim olurlar, lakin həbs tədbiri seçməyək. Onlar aparıb Zinaida adlı zərərçəkən qadını bizə göstərdilər. Onu telefona çəkmişəm, işə də əlavə olunub. Sonra isə bu qadını yoxa çıxardılar.

Həmin iş gedəndə Allahyarovun qohumları 3 dəfə vəsatət qaldırıb onun azadlığa buraxılmasını tələb etdi. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra 4 zərərçəkənə dəymiş 75 min dollar ziyanın ödənilməsi şərtilə onun sərbəst buraxılmasına razılıq verildi. Sonda onun qardaşı 50 min dollar gətirdi. Ədalət Mirsalamlı demişdi ki, pulu alıb qoysun seyfə.

Allahyarovun vəsatətinə Səbayel məhkəməsində baxıldı və o, məhkəmə zalından buraxıldı. Sonra Mirsalamlı Rüstəm Usubovla danışmışdı və mənə tapşırdılar ki, gedib notariusda zərərçəkənlərin pulunu verim. Pulu da deyilən qaydada zərərçəkənlərə verdik. İşdə keçən zərərçəkənlərin əksəriyyəti rus olduğu üçün rus icması prezidentə və Zakir Qaralova obyektiv istintaq aparılmasına görə təşəkkür məktubu yazmışdı. Sonra yeni zərərçəkənlər müraciət etdi və Allahyarov yenidən işə cəlb olundu. O bu cinayətin lokomotivi idi. Ona işin sonunda 14, digərlərinə isə 10-12 epizod üzrə ittiham verildi və baxılması üçün məhkəməyə göndərildi. O dövrdə Allahyarov ev dustağı idi. Hər dəfə şərti pozduğundan Hafiz Babayev onun həbsinə göstəriş verir, sonda da deyirdi ki, həbs etməyin. Məhkəmədə işə Ənvər Seyidov baxırdı. Deyirdi ki, Allahyarovu həbs etmək istəyir. İş bizdən çıxdığından buna heç bir etirazımız olmadığını dedik. Ənvər Seyidov başladı oyuna. Məni çağırıb deyirdi ki, özünüz yeyib dağıtmısınız. Mən isə ona dedim ki, heç bir yeyib dağıtmadan söhbət gedə bilməz, işlə bağlı bütün sənədlər materiallara əlavə olunub. O isə əl çəkmirdi.

Fevralda Mirsalamlını işdən çıxardılar. Hamı bilir ki, Mirsalamlı ilə Qaralov yola getmirdi. Ənvər Seyidov martda hökm oxumalı idi. Yenə bizi ittiham edib özünün Allahyarovu yaxın buraxmadığını deyirdi.

Martda mənə mükafat verilmişdi və hər dəfə Seyidovdan ürəkbulandıran söhbətlər eşitməmək üçün ona 500 dollar apardım. Pula baxıb dedi ki, bu, nədir, 5-10 min gətir, mən Allahyarovu “nallayacağam”. Pulu almadı. Növbəti gün zəng vurdu və adam göndərdi, gəlib 500 dolları aldılar.

Prokurorun çıxışından sonra Allahyarov digər təqsirləndirilənləri öyrədirdi, onlar da deyirdi ki, mənə guya 5-8 min arası rüşvət veriblər. Martın 27-də Allahyarov 13 il həbs cəzası aldı. Aprelin 4-də Seyidov adam göndərib məndən 1500 dollar istədi. Dedim yoxdur. Sonra Seyidov özü zəng vurub məndən həmin pulu istədi. Telefon “raspeçatka”larını çıxarıb yoxlaya bilərsiniz. Bundan az sonra Baş Prokurorluqda kollegiya iclası keçirildi və Allahyarovun işinin obyektiv araşdırılmasına görə Bakı Şəhər Prokurorluğuna təşəkkür məktubu göndərildi.

Az sonra isə Ənvər Seyidov Baş Prokurorluğa 18 bənddən ibarət məlumat göndərdi. Bu, prokurorluqda araşdırıldı və məlum oldu ki, göstərilən hər bənd üzrə işin içində arayış var. Bunu Seyidova deyəndə güldü ki, 150 səhifə nəticə yazmısan, onu necə oxumalıydım. Bəs mən yetim onu necə yazmışdım? Seyidov Allahyarovdan pul ala bilmədiyinə görə bu ajiotajı yaratmışdı. Hakimin bu oyunları niyə oynamasını bu gün də araşdıran yoxdur. O, bu məlumatı Daxili İşlər Nazirliyinə də göndərmişdi. İş üzrə məhkum olunan Nelli Skalyarenkonu türmədən çıxarıb aparmışdılar Artyom adasındakı evinə. Həyəti traktorla şumlayıb orada Seyidovun yazdığı çoxlu meyitləri axtarmış, amma heç nə tapmayıb ona lənət oxumuşdular. Seyidov bunu Mirsalamlıdan, Hafiz Babayevdən, məndən pul ala bilmədiyinə görə etmişdi. O və onun arxasında dayananlar bu işi üfürüb şişirtmişdi".

M.Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Fəxrəddin Pənahovun onun həbsində niyə maraqlı olduğunu da açıqladı:

- Allahdan qorxun, mənə qarşı haqsızlıq edənlərə köməkçi olmayın. Allahyarovun işini araşdıranda Yasamal prokurorluğundan Fəxrəddin Pənahovun qardaşının işi Bakı Şəhər Prokurorluğuna göndərilmişdi. O işi mənim icraatıma verdilər. Mirsalamlı demişdi ki, işi obyektiv araşdırın. Araşdırdıq, məlum oldu ki, Fəxrəddinin qardaşı Tacəddin Yasamalda Çingiz Quliyevi evində boğanda oğlu Yusif Quliyev dözməyib onun böyrünə bıçaq soxmuşdu. İşin Çingizin evində yox, başqa yerdə baş verməsini, Tacəddinin isə həmin vaxt orada olmamasını yazdırmaq istəyirdilər. Lakin iş obyektiv aparılıb məhkəməyə göndərildi. Sağ olsun Əli Seyfəliyev, o uşağa yüngül cəza təyin etdi.
Fəxrəddin Pənahovun Astara prokuroru təyin edilib az sonra tutduğu vəzifədən niyə azad edildiyi hamıya bəllidir. O, Astaraya gedəndən sonra tələb etdiyi rüşvətlərə görə onu oradan qovmuşdular. Sonra isə onu gətirib Respublika Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə İdarəsinin daxili təhqiqatlar şöbəsinə rəis təyin etdilər. Maraqlıdır ki, Allahyarov və Ehtiram Əhmədov eyni iş üzrə suçlansalar da, Bayılda istintaq təcridxanasında eyni kamerada saxlanılırdılar. Burada oturmağımın, daha yüksək vəzifəyə təyin olunmamağımın bir səbəbi var və o da Naxçıvandan olmamağımdır. Deyirlər rüşvət almışam. Necə rüşvət ala bilərdim? Bu işə Qaralov, Hafiz Babayev, Fazil Həsənəliyev, Rüstəm Usubov, Mirsalamlı nəzarət edib.

İlk dəfə məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağıranda rəis Namiq Əsgərov Fəxrəddin Pənahovun məndən ifadə aldırmaq istəməsinə imkan vermədi. O, həmin vəzifədən gedəndən sonra isə Fəxrəddin məni çağırıb 50 min dollar rüşvət istədi. O, prokurorluğun adına ləkədir. Pulumun olmadığını deyəndə qayıtdı ki, yuxarıdan tapşırıblar, Mirsalamlının əleyhinə ifadə ver, de, işdə rüşvət alıb, səninlə işimiz yoxdu. Dedim belə söhbət olmayıb və belə ifadə vermirəm. Məni həbs etməzdən 2 gün əvvəl Yusifin əmisi oğlu Bulud zərərçəkənlərə demişdi ki, sizin müstəntiq Mahiri işdən çıxarırıq, onu həbs edirik. 2 gün sonra Fazil Həsənəliyev məni çağırıb dedi ki, sənin işdən çıxarılmağın və cinayət işi başlanılması barədə xəbər var. Rüstəm Usubovun yanına gedəndə o dedi bu məsələdən xəbəri yoxdu. Məni işdən çıxardılar. Sonra da həbs etdilər.

Müstəntiq Valeh dedi ki, səni həbs etməsəm, özümün paqonlarımı çıxarıb həbs edəcəklər. O, mənim evimə gedərək “raşşotnı” 10 min manatımı da götürüb və bu gün də qaytarmır ki, uşaqlarım dolansın. Mən Allahı bir kənara qoyub Zakir Qaralova xidmət etmişəm. Bu günə kimi Qarabağ Əlillər Cəmiyyətinin işini, 2003-cü ildə olan iğtişaşları, Rəfael Allahverdiyevin, Eldəniz Lahıcovun və digərlərinin işini aparmışam. Bu işlərdə həbs olunan günahsız insanlardan üzr istəyirəm. Zalımın nökəri olan bir gün zalımın qəzəbinə tuş gəlməli idi və gəldi də. Bu gün məni qabağa verən Hafiz Babayev oturub Respublika Prokurorluğunda, Fazil Həsənəliyev öz işində. Nə onlar, nə də Mirsalamlı mənim qapımı da döymür. Övladlarıma baş çəkib demirlər ki, atanız bizə qulluq edib. Mənə rüşvətlə ittiham veriblər, amma bir adamın da işdə adı yoxdur ki, durub desin ki, mənə rüşvət verib. Bu cür haqsızlıq, allahsızlıq olmaz".

Çıxışın mətni “Yeni Müsavat” qəzetindən götürülüb.


XS
SM
MD
LG