Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:30

«İnternatı bitirənlər ya fahişəliklə məşğul olmağa məcbur olur ya da həbsxanalara düşürlər»


Elnur Nəbiyev 17 yaşına kimi Maştağadakı 1 nömrəli internatda yaşayıb
Elnur Nəbiyev 17 yaşına kimi Maştağadakı 1 nömrəli internatda yaşayıb
Elnur gecələr damda ağlayanda üzünə sıxmağa yastıq da tapmır. Qanunla internatdan çıxmış uşaqlara dövlət torpaq ayırmalıdır, amma o, yeddi ildən çoxdur ki, yorğan-döşək üzünə həsrətdir. Elnurun yay evi mebel dükanın yanındakı xarabanın şiferdir, həmin şiferin altındakı köhnə dəmir vaqon.

- Altı yaşından məni internata atıblar. Məni internata qoyan kimi anam ölüb.

Elnur Nəbiyev 17 yaşına kimi Maştağadakı 1 nömrəli internatda yaşayıb. İndi 23 yaşındadır. Atası ikinci dəfə evlənib. Elnur deyir ki, internatı qurtarandan sonra qalıb elə internatın yerləşdiyi küçədə. Atası da ona yiyə çıxmayıb. Halbuki, qanunla dövlət ona torpaq sahəsi verməliydi.

Elnurun vaqonunun döşəməsində zibil dizə çıxır, pəncərələrə köhnə əski parçaları tıxanıb. Yerə enli taxta qoyub, özünə çarpayı düzəldib. «Çarpayı»nın üstünə köhnə naqillər sallanır:

- Özümə işıq çəkmək istəyirdim ki, heç olmasa, işıqla qızdırım. İşıqçılar gəldilər pul istədilər. İndi şam işığında yaşayıram.

Elnur deyir ki, internatı bitirən başqa uşaqlar da var, onlar da uzun illər küçədə yaşadılar. Axır vaxtlar hərəsi bir məscidə köçüb yaşayır.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov deyir ki, əslində, Elnurun özünün torpaq payı var:

- 1999-cu ildə Azərbaycan dövləti valideyn himayəsindən məhrum olunmuş uşaqlar haqda qanun qəbul elədi. Həmin qanuna görə, hər bir belə uşağa dövlət torpaq sahəsi və iş verməlidir.

Yerə enli taxta qoyub, özünə çarpayı düzəldib...
Yusif Bəkirov deyir ki, bu qanun Elnura da aiddir. O, internatı bitirən kimi öz torpağını almalı idi. Bu torpağı Elnura qeydiyyatda olduğu rayonun icra hakimiyyəti verməli idi. Elnur Nəbiyev Sabunçu rayonunda qeydiyyatdadır.

Bu rayonun icra hakimiyyətində, torpaq şöbəsində bizim sualımıza cavab verən olmadı, dedilər ki, şöbə müdiri yerində deyil.

Uşaq hüquqları ilə bağlı araşdırma aparan hüquqşünas İradə Cavadova da deyir ki, internatı bitirən onlarla uşaq var ki, küçədə qalıblar, çünki 1999–cu ildə qəbul olunan həmin qanunun işlək mexanizmi yoxdur.

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov deyir ki, internat uşaqlarının hüquqlarını dövlət qorumur:

- O qızlar ya ərə getməli olurlar, ya da fahişəliklə məşğul olmağa məcbur olurlar. Oğlanlar da həbsxanalara düşürlər.

Elnur Nəbiyevin özünün bu hüququndan xəbəri yoxdur. İndi onu bir şey maraqlandırır, bu gecə yağış yağsa, qar düşsə, necə qızınacaq?

- Prezidentə müraciət edirəm ki, mənə heç olmasa, bir otaq versin, küçələrdə qalmayım.

Amma Elnur deyir ki, bir tərəfdən bəxti gətirib, Bakının ürəksıxan istisində çıxıb vaqonunun üstündəki nisbətən küləkli damda yatır. Üstəlik, bu damın gözəl mənzərəsi də var. Ucsuz–bucaqsız Xəzər, bir–birinin ardınca düzülmüş əzəmətli neft buruqları...
XS
SM
MD
LG