Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:39

14 ilin naziri


«Bir şəxsin uzun müddət bir posta əyləşməsi yalnız anti-demokratik ölkələrə xas xüsusiyyətdir»
«Bir şəxsin uzun müddət bir posta əyləşməsi yalnız anti-demokratik ölkələrə xas xüsusiyyətdir»
Ramil İdris oğlu Usubov 1948-ci ildə Xocalıda doğulub. 1980-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib. 1973-cü ildən polis orqanlarında çalışır. 1987-1989-cu illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri, daha sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışıb.

1993-cü ildə isə onun təkrar Naxçıvanda Daxili İşlər naziri postuna gətirilməsi, Muxtar Respublika rəhbərliyi ilə rəsmi Bakı arasında az qala müharibəyə səbəb olacaqdı.
1994-cü il aprelin 29-da isə R.Usubov Azərbaycan Respublikası Daxili İşlər naziri vəzifəsinə təyin edilib.
Ən çox vəzifədə qalanlar güc strukturlarının rəhbərləridir


Bu, artıq 14 ildir Azərbaycanın Daxili İşlər naziri işləyən Ramil Usubovun qısa tərcümeyi-halıdır.
- Bir yerdə o qədər müddət oturmaq durğunluq əlamətidir. Qar bir yerdə qalanda ona qurd düşür. O ki, qala 14 il Daxili İşlər naziri işləyəsən…
Hüquqşünas Əyyub Kərimov deyir ki, bir şəxsin 14 il bir postda əyləşməsi heç vaxt həmin sahənin inkişafına səbəb ola bilməz. Onun sözlərinə görə, elə bu durğunluğun nəticəsidir ki, polis cinayətkarlığa qarşı mübarizə aparmaqdansa, getdikcə kriminallaşmaqdadır:
- Əgər polisdə dəyişiklik olsaydı, valyutadəyişmə məntəqələrinə basqınların üstünün açılması 10 il çəkməzdi, əgər polisdə dəyişiklik olsaydı, Hacı Məmmədov uzun müddət belə arxayın fəaliyyət göstərə bilməzdi. Və yaxud Gəncə olayı göstərdi ki, polisin narkotiklərlə də əlaqəsi mövcuddur.
Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş üzrə İdarənin rəisi Mehman Mehmanov isə polisin kriminallaşması ilə bağlı fikirləri qərəzli sayır. O deyir ki, bir-iki hala görə, bütöv bir orqan haqqında belə bir dəyərləndirmənin aparılması ədalətsizlikdir:
- Yəni polislər arasında narkotiklərə meyilli şəxslər tapılır. Ancaq bütövlükdə demək ki, polis kriminallaşıb, bundan absurd fikir ola bilməz. Polis necə kriminallaşa bilər? Polis özü kriminala qarşı mübarizə aparır.
Burada sualı polis yox, jurnalistlər verir
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatında deyilir ki, ötən il ölkə ərazisində 21 min 692 cinayət faktı baş verib. Onların təqribən 82 faizinin üstü açılıb. Bu da tək MDB məkanında yox, bütün dünyada yüksək göstərici sayılır.
Ancaq hüquq müdafiəçiləri isə deyirlər ki, Daxili İşlər Nazirliyi cinayətlərin açılma faizi ilə öyünsə də, keçən 14 il ərzində jurnalistlərin öldürülməsi, döyülməsi və qaçırılması ilə bağlı bir şikayət belə ədalətli araşdırılmayıb.
«Yeni Nəsil» Jurnalistlər Birliyinin açıqlamasına görə, 1995-ci ildən 2003-cü ilə qədər media sahəsində 1700-dən çox pozuntu hallarına yol verilib. Həmin illər 10-a yaxın jurnalist həbs edilib. Bir jurnalist Adil Bünyadov isə 1995-ci il martın 16-da öldürülüb.
Vəziyyət 2003-cü ildən sonra bir qədər də ağırlaşıb. Son 5 ildə 350 döyülmə halı baş verib. «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynov öldürülüb, 41 jurnalist isə həbs edilib. Onlardan biri - «Mili yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli məhz Daxili İşlər naziri Ramil Usubovun iddiası əsasında həbs edilib. İndi belə bir tale ilə hüquq müdafiəçisi Leyla Yunus da üzləşə bilər.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, polis hakimiyyətin əlində özünü qoruma alətinə çevrilib:
- Azərbaycanda seçkilər zamanı, kütləvi aksiyalar zamanı polisin qanunsuz müdaxilələri olur. Bu, onu göstərir ki, polis siyasiləşib.
Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş üzrə İdarənin rəisi Mehman Mehmanov polisin siyasiləşməsi fikirləri ilə də razılaşmır. Deyir ki, polis vəzifə borcunu yerinə yetirir və indiyə qədər icazə verilmiş bir aksiya belə onlar tərəfindən dağıdılmayıb.
DİN siyasi sabitliyi göz bəbəyi kimi qoruyur
Maraqlı burasındadır ki, bu vaxta qədər bir polis belə, siyasi proseslərə müdaxiləsinə görə cəzalanmayıb. Hələ iki il əvvəl prezident İlham Əliyev polisin peşə bayramı günü buna belə aydınlıq gətirmişdi:
- Beynəlxalq təşkilatlar bizdən tələb edirdilər ki, kobudluq edən polislər həbs edilsinlər. Mən imkan vermədim…
Ancaq hüquqşünas Əyyub Kərimov Ramil Usubovun uzun müddət nazir postunda qalmasını tək dövlət başçısının maraqları ilə izah etmir. O, yada salır ki, hələ 2003-cü ildən sonra R.Usubovun Daxili İşlər naziri postundan uzaqlaşdırılacağı gözlənilirdi. Ə.Kərimovun sözlərinə görə, o vaxt Ramil Usubovun mətbuatdakı bəzi açıqlamaları onu toxunulmaz hala gətirdi.
Hüquqşünasın sözlərinə görə, Ramil Usubovun «Hesabat» jurnalına müsahibəsində Rusiya hüquq-mühafizə orqanlarının ağır qətldə ittiham etdikləri Abuzər Abuzərovu keçmiş prezident Heydər Əliyevin göstərişindən sonra azadlığa buraxmasını yada salması heç də təsadüf deyildi:

- Onda baş verən cinayətlərdə vəzifəli şəxslərin əlinin olması, cinayətkar aləmin himayə edilməsi və korrupsiya halları ilə bağlı informasiyalar olur. Və bu informasiyalar onun zirehinə çevrilir.

Əyyub Kərimov deyir ki, bir şəxsin uzun müddət bir posta əyləşməsi yalnız anti-demokratik ölkələrə xas xüsusiyyətdir. Belə halın güc strukturlarında baş verməsi isə həmin ölkədə ağır cinayətlərə dair iş qovluqlarını toz basmasına gətirib çıxarır…
XS
SM
MD
LG