Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:48

Sumqayıtda da quş əti yarmarkası keçirildi


Bazar günü Sumqayıt şəhərində keçirilən quş əti yarmarkasında yerli broyler təsərrüfatları öz məhsullarını təklif ediblər. Yarmarkaya gələnlər toyuq ətini bazar qiymətləriylə müqayisədə ucuz almaq imkanı qazanıblar.

Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov deyir ki, artıq ölkədə ev quşlarının "quş qripi" xəstəliyinə yoluxma halları yoxdur və əhali rahat şəkildə quş əti ala bilər: «Əhalini şok vəziyyətindən çıxarmaq lazımdır. Mən başqa ölkələrdə də olmuşam. Həmin ölkələrdə "quş qripi" tapılsa da, baytar nəzarəti altında olan quşçuluq təsərrüfatlarında istehsal edilən quş ətinin satışı dayanmayıb».

Bu, son bir həftədə Azərbaycanda keçirilən ikinci quş əti yarmarkasıdır. İlk yarmarka ötən həftənin sonu Bakıda təşkil olunmuşdu. Bu ilin fevralında Azərbaycanda köçəri quşlarda tapılan "quş qripi" xəstəliyi ev quşlarına və insanlara da keçmiş, 5 nəfərin ölümünə səbəb olmuşdu. Əhalinin böyük hissəsi bu səbəbdən quş əti yeməkdən imtina etdiyi üçün toyuq əti və yumurtanın satışı demək olar ki, dayanmışdı.


Bakıdakı dükanlardan birinin satıcısı isə son günlər quş əti və yumurtanın satışında dəyişikliklər olduğunu deyir: «Quş əti əvvəl heç alınmırdı, indi tək-tük satılır. Yumurtanın satışı isə dayanmamışdı, daha "quş qripi"nə yoluxma halları olmadığı üçün yumurta satışı yaxşılaşır».


"Quş qripi"nin qarşısının alınması üzrə Dövlət Komissiyanın mətbuat üçün son açıqlamasında isə deyilir ki, artıq Ağdam rayonunun Bənövşələr kəndindəki sonuncu karantin də ləğv edilib, ölkədə vəziyyət sabitləşib. Hazırda xəstəxanalarda "quş qripi" xəstəliyinə görə şübhəli bilinən şəxs də yoxdur. Amma komissiya əhaliyə məsləhət görür ki, köçəri quşlarla və quş cəsədləri ilə təmasdan çəkinsinlər, ev quşları qapalı şəraitdə saxlansın. Komissiya bildirir ki, hələlik heç bir arxayınçılığa yol verilməməli, gigiyena-sanitariya qaydalarına tam ciddiyyəti ilə əməl edilməlidir.


XS
SM
MD
LG