Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:38

Azərbaycanda biznes qurmağa nə qədər vaxt lazımdır?


Şamaxıda "Star Ltd" televizor zavodunun təntənəli açılışı, 26 aprel 2006
Şamaxıda "Star Ltd" televizor zavodunun təntənəli açılışı, 26 aprel 2006
Dünya Bankının hesabatına görə, lisenziya almaq üçün 28 mərhələdən keçmək lazımdır

Dünya Bankının yaydığı "Business doing" adlı hesabatında diqqəti çəkən bir neçə məqam var. Birincisi odur ki, Azərbaycanda biznesə başlamaq – hüquqi şəxs kimi qeydiyyatdan keçmək üçün 115 gün vaxt lazımdır. Bunun üçün sahibkar olmaq istəyən gərək 14 proseduradan keçsin. Müqayisə üçün deyək ki, Bankın məlumatına görə, Avropa və Mərkəzi Asiyada ölkələrində bunun üçün 36 gün kifayət edir. Həmin ölkələrdə orta hesabla 9 mərhələdən keçib qanuni sahibkar olmaq olar.


Azərbaycanda hər hansı fəaliyyət sahəsinə lisenziya almağa 212 gün sərf etmək lazım gəlir. Bunu da Dünya Bankı hesablayıb. Bu göstəriciyə görə, Azərbaycan regionda irəlidədir, bunun üçün Mərkəzi Asiya və Avropada 251 gün tələb olunur. Amma Azərbaycan sahibkarı daha çox yorulur. Lisenziya almaq üçün əcnəbi həmkarlarından 7 mərhələ artıq – 28 mərhələdən keçirlər.


Maraqlıdır ki, Azərbaycanda sahibkarların «imza» problemi var. Məsələn, sərhədyanı ticarət üçün təqribən elə Avropa və Mərkəzi Asiyada olduğu qədər – 7 sənəd tələb olunur. Amma Azərbaycanda gərək bu sənədlərə nə az, nə çox 40 imza qoyulsun! Mərkəzi Asiya və Avropa ölkələrində cəmi 10 imza kifayətdir.

Yerli ekspertlər daha çox hesabatın qeydiyyatla bağlı olan hissəsiylə razılaşmırlar. Məsələn, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin sədri Sabit Bağırov deyir ki, hesabatda qeydiyyat müddəti kimi göstərilən 115 gün reallığı tam əks etdirmir. Onun fikrincə, bu, ən yuxarı göstəricidir, əslində isə sahibkarlar daha qısa müddətə - uzağı 10-15 günə yaratdıqları müəssisəni qeydiyyatdan keçirə bilirlər.


Söhbətləşdiyimiz sahibkarlar da dedilər ki, 115 günü gözləmirlər, bürokratiya ilə üzləşsələr də, birtəhər razılaşıb qeydiyyatdan daha tez keçə biliblər.


Ekspertlər isə deyirlər ki, qanunların sadə və çatımlı olmaması da Azərbaycanı Dünya Bankının hesabatında geridə qoyan səbəblərdən biridir. Qanunvericiliyin mürəkkəb olması sahibkarları əlavə xərcə salır, bu da nəticədə məhsulun maya dəyərinə «oturur». Qanunların sadələşdirilməsi Ümumdünya Ticarət Təşkilatının da Azərbaycanın qarşısına qoyduğu əsas tələblərdən biridir.

Sahibkarlar Konfederasiyasının sədri Ələkbər Məmmədov lisenziyalaşma ilə bağlı deyilən məqamla daha çox razılaşır. Onun fikrincə, Azərbaycanda elə sahələr var ki, lisenziya almaq üçün nəinki 212 gün, hətta uzun illər də bəs etməz: "Elə sahələr var ki, rüşvət verməsən, heç vaxt lisenziya ala bilməzsən, xüsusilə də yanacaq energetika sahəsi ilə bağlı".


Hökumətdə isə hesabatın tənqidi məqamlarıyla əsasən razı deyillər. Hökumətdən dedilər ki, ölkədə prezident özü sahibkarların mövqeyini həmişə müdafiə edib, lisenziyalaşdırılan – xüsusi razılıq alınması tələb olunan fəaliyyət sahələrinin sayı 240-dan 34-ə endirilib. Qeydiyyatdan keçmə proseduraları əvvəlki illərə nisbətən asanlaşdırılıb.


XS
SM
MD
LG