Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:23

Qürurlu və sadə, zarafatcıl və inadcıl ləzgilər...


Qusar şəhərinin girəcəyi, 11 aprel 2006
Qusar şəhərinin girəcəyi, 11 aprel 2006
Bura Qusardır. Təkcə özününküylə yox, başqasıyla danışanda da can deyən, bala sözünü dilindən əskik eləməyən, özüm qusarlıyam-ləzgiyəm, vətənimsə Azərbaycan deyən ləzgilərdən danışacam. Qürurlu, həm də sadə, zarafatcıl, həm də inadcıl ləzgilərdən.

Özlərinə çəkinmədən ləzgi desələr, Azərbaycan dilində ləzgi dilinin qaydasıyla danışsalar da, az qala hər birinin Samur çayının o tayında, Rusiyada-Dağıstanda qohumları, ailə üzvləri olsa da, özlərini Azərbaycandan ayırmırlar. Hətta bir neçə il əvvəlin söhbətləri, bölücü çıxışları ilə məşhurlaşan «Sadval» təşkilatı barədə soruşanda, o ana qədər mənimlə gülərüz danışanları da sərtləşir, bəzi xırda-para olayların beş-üç nəfərin işi olduğunu deyirlər. Qocası-da, cavanı da: «Elənçik söhbət yoxdu bizim aramızda, əvvəllər olanlar da aradan çıxıb...Samur bizim ürəyin baş damarıdır, o tay da ləzgidir, bu tay da. Azərbaycan da bizim vətənimizdir, Dağıstan da».


Nə isə...Bu söhbəti burda qapayıb, keçdim Qusarın başqa qayğılarına. Öncədən deyim ki, burda da, Qubada da qaz və işıqla bağlı elə də problem duymadım. Qusar camaatı deyir ki, əvvəlki illərə baxanda bu il qaz da verilir, işıq da. Sayğac olmayan evlərdən köhnə manatla ayda 15 min işıq pulu yığılır. Qaz sayğacı olmayan kəndlərdə isə, nə az, nə çox ayda düz 75 min manat qaz pulu verirlər. Qusarlıların şikayəti də elə qazın baha olmasıdır. Soruşanda dedilər ki, sayğac qoyanda daha çox pul verməli olursan, çünki sobalar, su qızdırıcıları dədə-babadan qalma, qənaət nə olduğunu bilməyən qurğulardır. Odur ki, rayonda alınan maaş, ya pensiya elə qazla, işığa gedir. Və bir də, dizel yanacağının qiymətinin qalxması sürücülər və təsərrüfatla məşğul olan hər kəsi əlacsız qoyub: «Çətindir, çox çətin, «solyarka» qalxıb, yol pulun qaldıra bimirik, çarəsizlikdən qəpik-quruşa işləyirik...»


Ümumiyyətlə, Qusarda telefon satanından tutmuş, bazarda ət satanına kimi hər kəs alverin olmamağından gileylənirdi. Amma bəzi satıcılar, bunun qiymətlərin bahalığı üzündən olduğunu, yarızarafat da olsa etiraf eləyirdi. Bəziləri isə bütün qışı yaydakı alverin həsrətiylə yaşayır.


Yeri gəlmişkən, bazardakı alıcılar da qiymətlərin bahalığından şikayət eləyirdi. Ən çox da, kəndlərdə yox, rayon mərkəzində yaşayanlar. Torpaq sahələri olmadığından, ərzaq məhsullarını bazardan almağa məcbur olanlar: «Ət almağa gəlmişəm, amma bahaçılıqdır».


Həyətində meyvə-tərəvəz becərməyən, toyuq-cücə, mal-heyvan saxlamayanların yeganə dolanışıq mənbəyi kiməsə işləməkdir.
Bir şeyi də deyim ki, ya özəl yerlərdə maaşın azlığından, ya da ümumiyyətlə, özəl iş yerlərinin özünün azlığındandı, Qusarda ancaq hökumətdən maaş alanlar «iş yerim var» deyir. Burda işləyən zavod, fabrik və ya başqa iri müəssisələr də olmadığından hamı işsizlikdən danışır. Bazarda çay paylayan oğlan da belə deyirdi, Rusiyaya gedən oğullarının üzünü ildə bir dəfə görən analar da.


Amma elə düşünməyin ki, burda iş tapa bilməyən hər kəs alverlə başını saxlaya bilir. Məsələn, adını demək istəməyən Qusar sakinlərindən biri bazarda ilk gününün olduğunu və heç nə sata bilmədiyindən başqa iş axtardığını dedi: «Alver mənlik deyil, gedib daş daşıyaram, çınqıl vuraram...»


Qusarın alıcıdan çox, satıcısı olan bazarından çıxıb, nəsə xoş bir şey eşitmək üçün dedim harasa bir parka, ya camaatın istirahət elədiyi yerə gedim. Taksi sürücüsü məni rayon icra hakimiyyətinin qarşısındakı meydana apardı. Söhbətləşəndə məlum oldu ki, bu sürücü daha öncə dənizçi olub, Pribaltikada çalışıb, ləzgi, rus, Azərbaycan, ingilis və latış dillərində danışır. Və Qusarda iş və işsizliyə münasibəti də fərqlidir: «5 dil bilirəm. 51 yaşına çatmışam iki səhv eləmişəm, bir getmişəm, bir qayıtmışam. Deyirlər iş yoxdur, yox, işləmək istəməyənlər çoxdu, işləmək istəyən iş tapar...»


Gəlib çıxdım parka. Elə də çox adam yoxuydu burda. Baxmayaraq ki, mən orda olanda Qusarda hava çox istiydi. Parkdakı oturacaqda rahat-rahat, ayağını-ayağının üstünə qoyub oturan və qayğısızca gələn- keçənlərə baxan cavana yaxınlaşdım. Amma danışdıranda o da, utana-utana da olsa, işsizlikdən gileyləndi: «1 ildi evliyəm, hələ də ata-anam saxlayır məni. Abadlıq gedir, retoran, kafe tikirlər, amma orda Rusiyadan, ya da Bakıdan gələn pullular otura biləcək, biz yox...»


Cavan oğlan uzun müddət Rusiyada yaşayıb, alver elədiyini, amma Qafqazlılara olan münasibət və qeydiyyat problemləri üzündən geri qayıtdığını da dedi.


Nə isə...Problemlər bir yana, burda yaşayanlarda gördüyüm bir xasiyyət yaman çaşdırdı məni. İnsanlar nə qədər çox problemdən danışırlarsa-danışsınlar, özlərini sındırmırlar, yaxınlaşıb, xahiş eləməsən, problemim var deyən də yoxdu və bir də hətta problemlərindən də gülərüzlə-zarafatla danışırlar, qadını da, kişisi də: «Aclıq olsun, kef olsun - bizim millət belədir, bizim millət dözümlü xalqdır...»


Belə yüksək hərarətli olmalarının bir səbəbi bəlkə də spirtdir. Niyə? Çünki burda çayxana, yeməkxana, ya kafe, fərq etməz, hara girirsən hamı içir, özü də çay yox, ən aşağısı pivə. Qonağa da çay yox, içki təklif eləyirlər. Başqa bir yerdə çaydan imtina eləmək nədirsə, burda da içkidən imtina eyni şeydir. Çay sifariş eləyəndəsə, hələ çaydanın qaynamağını və dəmlənməsini gözləməli oldum: «Burda çay içən var bəyəm, hamı araq içir...»

Bu sözün doğruluğunu camaatdan da soruşdum, razılaşanlar çox oldu. Amma razılaşmayanlar da var. Bu dindar Qusar sakini kimi: «Araq içənlər hər yerdə var, düzdü burda çox içirlər, amma əlhəmdülillah, müsəlman qardaşlarımız da çoxalır».


Söz düşmüşkən, deyim ki, Qusarda dindarların sayı doğrudan da çoxalır. Eyni şeyi Qubada da görmüşdüm, deyirlər, şimal bölgəsinin başqa rayonlarında da belədir. Özü də yeni dinarların əksəriyyəti klassik yox, daha çox Ərəbistanda yaranan sünni cərəyanının davamçıları olurlar - ərəb sözlərindən istifadə eləyir, saqqal saxlayır, öz-özlərinə «əhli-sünnə», camaatsa onlara «qardaşlar» deyirlər. Dindarların yeni dəblərə, burdakı qadınların geyimlərinə münasibəti də yaxşı deyil. Yeri gəlmişkən, burda geyim-kecim məsələsi, hətta daha iri şəhər olan Qubadan və başqa ətraf rayonlardan daha sərbəstdir. Hətta Qusarı Parisə bənzədənlər də oldu: «Burda kim necə istəyir, elə də geyinir.Yayda meydana çıxanda, elə bilirəm Parisdəyəm...»


Amma yaşlıların sözlərinə görə, əvvəllər də insanlarının sərbəstliyi, geyim-kecim, valideyn-uşaq münasibətləri baxımından Qusar Azərbaycanın başqa bölgələrindən fərqlənib. Burda hələ 50-ci illərdən rəqs meydançaları da olub, klublar, kinoteatrlar və başqa əyləncə yerləri də...Bunu deyən yaşlıları - ağsaqqaları Veteranlar Parkında tapdım.Yaşına görə ağsaqqal olsalar da, saçları-saqqaları elə bil indicə bərbərdən gəlibmiş kimi, səliqəli olan bu qocaların ütülənmiş şalvarları – şax yaxalıqları, bəzilərinin qalstukları və kostyumlarından sanki görüşə gəlmiş kimiydilər. Öncə parkın girəcəyində yaxasında müharibə veteranı və başqa medalları olan Əliməhəmməd dayıyla söhbətləşdim. Dedi ki, pensiya üzündən rəsmən Samurun o biri tərəfində, Dağıstanda yaşayır: «Mən burda «uçotda» deyiləm, orda mənə veteranlığıma görə, 160 dollar pensiya verirlər, bunlar nə verir? Azərbaycanın hər şeyi var, amma xalqın dolanışığı...»


Parkın içində - Veteranlar Klubunda isə bir başqa aləm idi. Səliqəli geyinib-kecinmiş 20-30 kişi yaxşı təmirli, eyvanlı bir tikilidə söhbətləriylə sanki öz gəncliklərini yenidən yaşayırdılar. Veteranlar Klubuna gəlmişkən, deyim ki, klubu dövlət yox, indi Amerikada yaşayan bir qusarlı, dünyasını dəyişən atasının xatirəsinə tikdirib. Və burda vaxtını keçirənlərin isti, işıqlı, çay dəstgahlı istirahəti üçün aylıq xərcləri də özü ödəyir. Odur ki, gündəlik qayğılardan uzaqlaşmaq istəyən qocalar bura yığışır, 2-ci dünya savaşındakı sərgüzəştlərini, gənclik xatirələrini yada salmaq, bu günlə müqayisə eləmək üçün.


Bütün səfərim boyu yeganə yer idi ki, mən heç kimə sual verəsi, danışdırmaq üçün dil tökəsi olmadım. Qocalar özləri, özü də hər şeydən, yavaş-yavaş danışdılar...


Qusarlılar Qubadakı kimi 2 olmasa da, heç olmasa bir yerli televiziya kanalı istəyirdilər. Həmsöhbətlərimin arasında Qusarda indiki gənclərin boş vaxtını keçirməyi, əylənməyi üçün şərait olmamağından danışanı da oldu. Hətta dediklərinə görə, onların gəncliyində vəziyyət bundan yaxşıydı.


İcra hakimiyyətindən isə dedilər ki, nə teatr, kino, nə də mədəniyyət evləri və klublardan yararlısı yoxdur. Elə rəqs meydançaları – filan da. Amma icra hakimiyyətindən onu da dedilər ki, yavaş-yavaş hər şey olacaq. Gənclər və orta yaşlılar isə deyirlər ki, əsas odu adamlarda pul osun, pul dərdi çəkməyən qusarlı əylənməyin və dincəlməyin yolun tapar. Lap elə kənddə də...


XS
SM
MD
LG