Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:44

«General snayperdən öldürülüb»


«Sui-qəsdçilərin generalı məhz zibil yeşiklərinin yanında qətlə yetirmələri təsadüfi deyil»
«Sui-qəsdçilərin generalı məhz zibil yeşiklərinin yanında qətlə yetirmələri təsadüfi deyil»
«Yeni Müsavat»: «Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətlində müəyyən ipucları artıq istintaqçılara bəllidir. Ən şok gəlişmə budur ki, generalın snayper tərəfindən vurulması aydınlaşıb. Bundan başqa, yaradılmış istintaq qrupunun apardığı araşdırmalar nəticəsində cinayətdə istifadə edildiyi güman olunan bir neçə avtomobil müəyyənləşdirilib. Həmin avtomobillərin üzərindəki dövlət nömrə nişanlarının qətldən əvvəl Nəsimi rayonu ərazisindəki avtomobillərdən oğurlandığı üzə çıxıb».

«Sui-qəsdçilərin generalı məhz zibil yeşiklərinin yanında qətlə yetirmələri təsadüfi deyil. Çünki onun evi və iş yeri dövlət xüsusi mühafizə xidməti tərəfindən qorunduğuna görə orada ona yaxın düşmək çətin olardı. Evi ilə Müdafiə Nazirliyi arasındakı 1,5 kilometrlik yol isə dövlət əhəmiyyətli olduğundan, həmin yerdə generalı qətlə yetirib cinayət yerindən uzaqlaşmağın asan olmayacağı da sui-qəsdi planlaşdıranlara aydınca görünə bilərdi».

«Bizim Yol»: «ARDNŞ-in statusu başqa dövlət müəssisələrindən fərqlidir. 2002-ci ildə təsdiq olunmuş indiki statusa görə, dövlət şirkəti vergiləri və məcburi sığorta ödənişlərini ödədikdən sonra yerdə qalan təmiz gəlir müəssisənin sərəncamında qalır. Və təbii ki, şirkət rəhbərliyinin mülahizələrinə uyğun istifadə edilir. Şirkətin sərəncamında qalan gəlirlər isə kifayət qədər çoxdur. Neftin 1 barelinin maya dəyəri 11,5 dollara başa gəlir. Və dünya bazarında hətta indiki ucuz qiymətlərlə belə 4 dəfə (ötən il bu fərq 10-12 dəfəylə ölçülürdü) bahasına satılır. Şirkətin istehsal etdiyi neft məhsulları daxili bazarda da maya dəyərindən ən azı iki dəfə baha qiymətə satılır. Bir sözlə, şirkətin qaz vurub qazan doldurması üçün hər cür şərait var. Ancaq şirkətin davranışını heç bir məntiqlə izah etmək mümkün deyil». Qadir İbrahimli «Müəmmalı ARDNŞ» məqaləsində belə yazır.

«Ekspress» yazır ki, «Milli Bank: Manat devalvasiya edilməyəcək.
«Azərbaycan yaxın perspektivdə manatı devalvasiya etmək niyyətində deyil. Yaxın vaxtlar üçün əsas vəzifə onun kəskin sıçrayışının qarşısını almaqdır. Bu barədə Milli Bankın baş direktoru Xaqani Abdullayev bildirib: «Milli valyutanın ucuzlaşdırılması üçün indi fundamental səbəblər yoxdur. Ötən il ödəniş balansında əhəmiyyətli profisit müşahidə olunub. Bizim bazarda ABŞ dolları üzrə təklif tələbi əhəmiyyətli dərcədə üstələyir. Bundan əlavə, manatın sabitliyinin təmin edilməsi üçün adekvat valyuta ehtiyatları var»,-deyə X.Abdullayev izah edib».

«Azərbaycan» yazır ki, «Avropa Şurası Azərbaycanda əməkdaşlığı yüksək qiymətləndirir».
«Fevralın 12-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş Direktorluğunun əməkdaşlıq idarəsinin direktoru xanım Marqaret Killerbi ilə görüşüb. Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir, ədliyyə və məhkəmə sisteminin inkişafı sahəsində əldə edilmiş nailiyyətlərdən danışmış, bu sahələr üzrə bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə mühüm layihələrin həyata keçirildiyini vurğulayıb. Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirən xanım M.Killerbi ədliyyə sisteminin müxtəlif sahələri üzrə, o cümlədən penitensiar xidmətin müasirləşdirilməsinə, habelə məhkəmə hakimiyyətinin təkmilləşdirilməsinə dair mühüm layihələrin uğurlarını qeyd etmiş, qarşılıqlı fəaliyyətin genişləndirilməsinə hazır olduğunu bildirib».

«Üç nöqtə»: «Sosial Müdafiə Fondunun gəliri artıb». Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
«2008-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ondan əvvəlki ilə nisbətən 270,4 mln. manat artaraq 957,9 mln. manat təşkil edib. Bu artım ölkə üzrə əmək haqlarının artımından 6 bənd yuxarı olmaqla fərdi uçotun tətbiqi dairəsinin genişləndirilməsi, uçotdan yayındırılan işçilərin və əmək haqlarının leqallaşdırılması hesabına təmin olunub. Həm fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib».
XS
SM
MD
LG