Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:53

Qətlə bağlı ən çox səsləndirilən versiya


Fevralın 13-də Rail Rzayevin qətlinin üçüncü günü ilə bağlı hüzr mərasimi keçirildi
Fevralın 13-də Rail Rzayevin qətlinin üçüncü günü ilə bağlı hüzr mərasimi keçirildi
«Mənə gec xəbər verdilər. Saat 10-dan sonra xəbər tutdum».

Fevralın 11-də qətlə yetirilmiş Müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayevin həyat yoldaşı belə deyir. O, deyir ki, qətl günü həyat yoldaşı evdən səkkizə iyirmi dəqiqə işləmiş evdən çıxıb. Rail Rzayevin ölümü barədə isə xanımına bir neçə saat sonra məlumat veriblər. Amma o da qətlin təfərrüatlarından xəbərsizdir, çünki hadisənin yeganə şahidi olan sürücünü o vaxtdan bəri görməyib.

- Sizə sürücü xəbər verdi?
- Yox, qızım və kürəkənlərim gəldilər bizə. Mən sürücünü görməmişəm.
- Son günlər narahat deyildi?
- Yox, yox, hiss etməmişəm.
- Onun izlənilməsilə bağlı da xəbərlər dolaşır…
- Mənə heç nə deməmişdi. Mən heç nə bilmirəm. O evdə işlə bağlı heç bir söz danışmazdı.

Fevralın 13-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətlinin üçüncü günü ilə bağlı hüzr mərasimi keçirildi. Mərasimdə jurnalistlərin ən çox diqqətini çəkən məqam yüksək rütbəli dövlət məmurlarının yas mərasiminə qatılmaması idi. Yas mərasimini gün ərzində izləsək də, orada nə Müdafiə Nazirliyinin, nə də digər rəsmi qurumların yüksək rütbəli təmsilçilərilə rastlaşdıq.
Tanınan simalardan mərasimdə yalnız keçmiş müdafiə naziri Dadaş Rzayevi və parlamentin üzvü Vahid Əhmədovu gördük.

Generalın qohumlarının verdiyi xəbərə görə, müdafiə naziri Səfər Əbiyev xarici ölkədə olduğundan yas mərasiminə qatılmayıb. Qohumları isə hələ də ölüm xəbərinin şokundan çıxmadıqlarını deyirlər. General Rail Rzayevi qapalı adam kimi xarakterizə edən yaxınları bildirir ki, onun konkret kiminləsə problemi olması haqda bilgiləri yoxdur. Dediklərinə görə, indi tək istəkləri hüquq-mühafizə orqanlarının dövlət başçısının tapşırığına əməl edərək generalın qatilini tezliklə tapmasıdır.

Yas mərasimində iştirak edənlərin qətllə bağlı bir sıra versiyaları olsa da, bunları müsahibədə səsləndirməkdən çəkinirdilər. Ancaq qohumlarından birinin dediyinə görə, generala snayper atəş açıb. Yaxınlıqda yerləşən bank filialının güvənlik kameraları snayperin yerləşdiyi istiqaməti də müəyyən edə bilib. Deyilənlərə inansaq, snayper yaxınlıqdakı yeni tikilmiş binaların birindən atəş açıb. Bu, generalın qohumlarının səsləndirdiyi versiya idi.

Generalın ölümü ilə bağlı ən çox səsləndirilən versiya isə onun daxili çəkişmələrin qurbanı olmasıdır. Elə yas mərasiminə dövlət rəsmilərinin qatlımaması, üzdə olan şəxslərin generalın ailəsinə uzaqdan-uzağa başsağlığı verməsi də mətbuatda belə versiyalara yol açır ki, daxili çəkişmələrdə maraqları Rail Rzayevin maraqları ilə toqquşan şəxs böyük nüfuz sahibidir.

Respublika Prokurorluğunun mətbuat xidmətinin başçısı Eldar Süleymanov isə «Azadlıq» radiosuna bildirib ki, istintaq qrupu generalın öldürülməsi ilə bağlı bütün versiyalar üzərində işləyir:

«Müxtəlif versiyalar var. Onların üzərində iş gedir. Açıqlama üçün hələ bilgi yoxdur. istintaq davam edir. Ola bilər ki, yaxın günlərdə ictimaiyyətə açıqlama verilsin».
XS
SM
MD
LG