Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:56

Rəsmilər ölkəyə ucuz işçi axınının olacağını deyirlər


Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti Şöbəsinin müdir müavini Vahid Qəhrəmanov
Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti Şöbəsinin müdir müavini Vahid Qəhrəmanov
«Hazırda Azərbaycanda təxminən 700 əfqan yaşayır. Ancaq onların ölkə daxilində heç bir qeydiyyatı yoxdur. Yəni nə ictimai, nə də siyasi hüququmuz var. Hətta insani hüququmuz da yoxdur. Nəinki başqa ölkələrə, heç Azərbaycanın daxilində başqa şəhərə də gedə bilmirik».

Azərbaycandakı əfqan icmasının rəhbəri Həmzə İmami belə deyir.

Onun sözlərinə görə, burda olan əfqan qaçqınlar yalnız BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının onlara verdiyi yeganə sənədə malikdirlər. Qurum çox çətinliklə onların tibbi yardım problemini həll edir. Həyat yoldaşı azərbaycanlı olanlara isə heç bir yardım edilmir. Aldıqları 35 manat isə qiymət artımı ilə çarpışmada çoxdan məğlub olub. Yaşı 80-i ötmüş ürəyi xəstə qocadan tutmuş hamilə qadınlara qədər hamı köməksizdir. H.İmami bilir ki, Azərbaycanın özü də ciddi qaçqın problemi ilə üz-üzədir. Ona görə deyir ki, imkan olsa, həmin 700 nəfərdən başqa ölkələrə də göndərilsin. Bəlkə xəstələri sağala, uşaqları normal təhsil ala.

Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti Şöbəsinin müdir müavini Vahid Qəhrəmanov isə deyir ki, bir çox qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilib. Bura əcnəbilərin ölkə ərazisində olma müddətinin müəyyənləşməsi, onlara immiqrant statusu verilməsi
Azərbaycandakı əfqan icmasının rəhbəri Həmzə İmami
üçün sənədlərin təsdiqi, əcnəbilərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, hətta Azərbaycan vətəndaşlığı ilə bağlı məsələlər də daxildir.

V.Qəhrəmanova görə, qlobal iqtisadi böhran dünyada miqrant məsələsinə təsir etsə də, Azərbaycanda bu istiqamətdə ciddi fəsad törədə bilmir.

2008-ci ildə Dövlət Miqrasiya Xidmətinə əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən müddətin uzadılması, müvəqqəti yaşamaq üçün icazə verilməsi, immiqrant statusunun alınması, vətəndaşlığa qəbul, bərpa, xitam verilməsi ilə bağlı 9 minə yaxın müraciət daxil olub.

V.Qəhrəmanov deyir ki, miqrantlarla bağlı dərindən öyrənilməsi vacib olan problemlər də var ki, bunun üçün də dövlət xidmətinin internet saytı yaradılıb, qaynar xətt fəaliyyətdədir.

Amma bu deyilənlərə baxmayaraq Bakıdakı çeçen qaçqınları da vəziyyətlərinin yaxşı olmadığını bildirirlər. Ancaq onlar ilk öncə Azərbaycan dövlətindən razılıqlarını bildirib sonra problemlərə keçirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Fuad Cabbarov
Rəsmilərsə deyirlər ki, Azərbaycanın inkişafı, qlobal maliyyə böhranından ciddi zərər çəkməməsi ölkəyə xeyli sayda miqrant axınına səbəb olur. Bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Fuad Cabbarov da təsdiqləyir. Deyir ki, miqrantların böyük bir hissəsini də əməkçi miqrantlar təşkil edir. Və yaxın vaxtlarda ola bilsin ki, ölkəyə ucuz işçi qüvvəsinin axını başlasın. Məhz bunun qarşısının alınması üçün də lazimi tədbirlər görülür. Qanunsuz olaraq əcnəbilərin işə götürülməsi ilə bağlı inzibati cərimələr artırılır, kadr potensialı yaradılması üçün addımlar atılır.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev isə deyir ki, heç vaxt Azərbaycanda miqrantların sayı indiki kimi az olmayıb, yəni əmək müfəttişliyinin 2008-ci il üçün hesabatına görə belədir. Hesabata görə, ötən il Azərbaycanda cəmi 5 qanunsuz işəgötürmə faktı aşkar olunub. Nəzərə alınsa ki, həmin hesabatda 20 min əmək müqaviləsinin bağlanmasının təmin edildiyi bildirilir, onda bu 5 nəfər faktı gülünc rəqəmdir.

Ə.Əliyevin sözlərinə görə, mərkəzə 3 mindən çox müraciət daxil olub. Müraciətlərin əksəriyyəti ölkəni tərk etmək istəyi ilə bağlıdır. Ona görə Azərbaycan yenə də gələnlərin yox, gedənlərin ölkəsi olaraq qalır.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev
Azərbaycan üçün 2008-ci il əvvəlki illərlə müqayisədə ən az miqrant qəbul etdiyi il olub. Sadəcə ötən ildə rəsmi müraciətlər qeydə alınmağa başlayıb. Fərq budur.

Ə.Əliyev deyir ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşmış miqrantlara münasibətdə ikili standartlara son qoymalıdır. Belə olsa, Zviad Qamsaxurdiyanın vaxtında Gürcüstandan gələn qaçqınlar status alar, çeçenlərin Rusiyaya təhvil verilməsinə son qoyular, əfqanların və digərlərinin problemləri həll olunar.

Müstəqil hesablamalara görə, hazırda Azərbaycanda dünyanın müxtəlif ölkələrindən 100 mindən artıq miqrant yaşayır. Rəsmi məlumatlara görəsə, ölkədə 54 mindən artıq miqrant Daxili İşlər Nazirliyində qeydiyyata alınıb. Onlar bir aydan artıq yaşamaq hüququ olan insanlardır.
XS
SM
MD
LG