Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:50

Azərbaycan «Eurovision»a necə hazırlaşır?


Azərbaycan «Eurovision» mahnı müsabiqəsində keçən ildən iştirak edir
Azərbaycan «Eurovision» mahnı müsabiqəsində keçən ildən iştirak edir
Bu ilin mayında Moskvada keçiriləcək «Eurovision» mahnı müsabiqəsində Azərbaycanı gənc müğənni Aysel Teymurzadə təmsil edəcək. 20 yaşlı Ayseli azərbaycanlı tamaşaçılar az-çox yerli telekanalların birində yayımlanan «Yeni Ulduz» mahnı müsabiqəsindən tanıyırlar. Bundan sonrasa o, Amerikada gənclərin mahnı müsabiqəsində iştirak edib.

A.Teymurzadənin oxuyacağı «Always» («Həmişə») mahnısının müəllifi isə əslən İran azərbaycanlısı olan, hazırda İsveçdə yaşayan müğənni Araşdır.

Araş Ayselə bu mahnısını fevralın 6-da təqdim edib. Ancaq mahnını hələ ki, Azərbaycanda zümzümə eləmirlər. Adamların çoxu mahnını heç eşitməyib də. Hər halda söhbətləşdiyim insanlar belə deyirlər:

- Bu haqda heç nə eşitməmişəm.
- Eşitməmişəm, məlumatım yoxdur. Ona görə ki, bu haqda heç nə vermirlər.
- Axırdan birinci yer bizimdir. Ona görə ki, mahnı yaxşı deyil.
- Deyirlər mahnını Araş yazıb, başqa heç nə bilmirəm.
- Eşitmişəm, Azərbaycan 5-6-cı yeri tutsa, böyük şey olar. Gör kim gedir ora, Aysel! O, yer tuta bilməz. Müəllif Araş yaxşıdır, ancaq müğənni yox.
- Mahnının yarısını eşitmişəm. Bu mahnıyla finala keçmək olmaz.
- İnternetdə mahnının yarısını qoyublar, məncə, yaxşı deyil. Araş səviyyəli yazmayıb, müğənni bir az babatdır.

Sonuncu həmsöhbətim düz deyir. Azərbaycanı təmsil edəcək mahnının hələ ki, nəqarət hissəsini internet vasitəsilə dinləmək olar. Mahnı özü isə ilk dəfə Moldovada keçirilən milli seçim turunda səslənib.

Ancaq Aysel Teymurzadə fikirləşir ki, bu mahnıyla ölkəsini layiqincə təmsil edəcək:

- Araş bu mahnını xüsusi olaraq mənim üçün yazıb. İnanın, çox gözəl, yadda qalan mahnıdır. Düşünürəm ki, yaxşı bir şou yaradacağıq.

Araş isə onun mahnısının seçilməsindən sevindiyini bildirib:

- «Eurovision»a mahnı seçildiyini eşidən kimi bu mahnını bitirib münsiflərə təqdim etdim. Bu mahnının üzərində çoxdan çalışırdım. Çox sevinirəm ki, mənim mahnım seçildi.

Müsabiqədə Azərbaycanı təmsil etmək üçün 30-a yaxın bəstəkar İTV-yə mahnı təqdim etmişdi. Bu mahnını 7 nəfərlik münsiflər heyəti seçib.

Bəstəkar Vaqif Gərayzadə ümid edir ki, bu mahnıyla A.Teymurzadə Azərbaycanı müsabiqədə uğurla təmsil edəcək. Bəstəkar keçən ilkindən daha yaxşı nəticə gözləyir:

- Məncə, yaxşı olmalıdır. Çox istəyirəm ki, keçən ilkindən daha yaxşı, daha uğurlu olsun.

Azərbaycan «Eurovision» mahnı müsabiqəsində keçən ildən iştirak edir. Samir və Elnur dueti bəstəkar Gövhər Həsənzadənin «Day after day» mahnısıyla təmsil olunmuşdu.

Həmin vaxt Azərbaycan müsabiqədə 8-ci olmuşdu. Bunu uğur kimi qiymətləndirənlər də olmuşdu. Mahnının uğursuz olduğunu fikirləşənlər də az deyildi. Bəstəkar Gövhər Həsənzadə isə bu il təqdim olunacaq mahnıyla bağlı narahatlığını bildirir:

- Mən yerli müəlliflərə daha çox ümid edirəm. Yerli bəstəkarların potensialına daha çox inanıram. Mahnıya görə yox, yüksək səviyyədə kompozisiya olsa, texniki cəhətdən maraqlı şou alınsa, yaxşı yerlərdən birinə nail olacağıq. Azərbaycan sənətinin böyük bir arenaya təqdim olunması üçün atılan hər addım, bu işdə məsuliyyəti üstünə götürən hər kəs başa düşməlidir ki, bu, böyük məsuliyyətdir. Kim deyirsə ki, bu, Azərbaycana uğur gətirəcək, həmin insanların yerinə mən həyəcanlıyam.

İndi Azərbaycanda «Eurovision»a hazırlıqla bağlı məlumatlar çox az olsa da, təşkilatçılar deyirlər ki, bir neçə gündən sonra təbliğat daha güclü olacaq.

Müsabiqəyə təqdim olunacaq mahnının müəllifi Araşın isə yaxın günlərdə Bakıya gələcəyi gözlənilir.

«Eurovision-2009» mahnı müsabiqəsinin iki yarımfinalı mayın 12-də və 14-də keçiriləcək. Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək yarımfinalda çıxış edəcəklər.
XS
SM
MD
LG