Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:32

«Forbes» jurnalındakı azərbaycanlı milyarder


Mübariz Mənsimov
Mübariz Mənsimov
«Forbes» jurnalı 2008-ci ildə 1,3 milyard dollarlıq varidatı ilə azərbaycanlı iş adamı, «Palmali» Şirkətlər Qrupunun prezidenti 41 yaşlı Mübariz Mənsimovu ən gənc milyarder elan edib. Türkiyə mətbuatı dünya milyarderləri sırasında 897-ci olan Mənsimovu Azərbaycanın ən varlı iş adamı kimi təqdim edir.

Amma M.Mənsimov artıq Azərbaycan vətəndaşı deyil. 2007-ci ildə o, şirkətin baş ofisini Maltadan Türkiyəyə köçürüb. Elə həmin ildə də Türkiyə vətəndaşlığını alıb.

Mübariz Mənsimov 1968-ci ildə Bakıda anadan olub. Biznesdə ilk addımlarını Rusiyada dəniz daşımaçılığı sahəsində atıb. Elə indi də «Palmali»nin əsas fəaliyyət sahəsi dəniz daşımalarıdır.

M.Mənsimovun 125 şəxsi gəmisi var. Bundan başqa, şirkət həm də 120-yə yaxın gəmini icarəyə götürüb əsasən neft daşımaları ilə məşğul olur.

«Palmali» dəniz daşımaları üzrə dünyanın ən iri şirkətlərindən beşincisidir. Ümumilikdə isə qrupda 48 şirkət, 45 min işçi var. «Palmali» 40 ölkə ilə ticarət əlaqələri qurub.

«Palmali»nin Türkiyə iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 500 milyon dollara çatıb. Mübariz Mənsimov Türkiyə mətbuatına bildirib ki, ölkədəki biznes mühitini bəyənir. Buna görə də Türkiyəyə yatırımların həcmini 2,5 milyarda çatdırmağı düşünür.
M.Mənsimov Azərbaycanda da bir sıra iri layihələr həyata keçirir. Qrupun ən iri layihəsi 2007-ci ildə ARDNŞ-lə imzalanan 10 illik layihədir. Layihəyə görə, şirkət Azərbaycanın «Azəri-Çıraq-Günəşli» yataqlarından çıxardığı mənfəət neftini «Ceyhan» limanından dünya bazarına daşıyacaq.

Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban deyir ki, bu müqavilənin imzalanmasında şəffaflıq qorunmayıb. Çünki «Palmali»nin tenderdə hansı şirkətlərlə rəqabət apararaq qalib gəlməsi barədə heç bir informasiya açıqlanmayıb. Elə bu fakt şirkətin dövlət rəsmiləri ilə son dərəcə isti münasibətlərinin olmasından xəbər verir. İ.Şaban «Palmali»nin Lənkərandakı süd zavodunun açılışına prezident İlham Əliyevin gəlişini dediklərinə misal çəkir:

- Bütün dünyada südün qiymətləri aşağı düşdüyü halda, bu gün «Palmali» şirkətinin istehsal etdiyi südün qiyməti ABŞ-da, İsveçdə istehsal olunan, ekoloji təmiz süddən iki dəfə bahadır. Fransada istehsal olunan pendirin bir kiloqramı 4 manat 50 qəpik, «PALsüd»ün istehsal etdiyi pendirin qiyməti isə 7 manatdır. Belə olanda milyard qazanmağa nə var?

Hələ bir neçə il əvvəl mətbuat yazırdı ki, vaxtilə Azərbaycanın nəqliyyat strategiyasında qüsurlar dövlətə məxsus «Xəzər dəniz» gəmiçiliyi şirkətinin regiondakı yükdaşımalardakı rolunu «Palmali»yə uduzmasına gətirib çıxarıb. Mətbuat elə həmin ərəfədə rəqib şirkətin Azərbaycanın Nəqliyyat Nazirliyinin himayəsində olan «Azərreylə» sponsorluq etməsinə də diqqət çəkirdi.

Amma indi «Palmali» dünya miqyaslı yükdaşımalarda ilk yerlər uğrunda rəqabət aparır.

Ekspertlər M.Mənsimovun Azərbaycandakı ən böyük layihələrindən birinin də «Xəzər-Lənkəran» futbol klubu olduğunu bildirirlər
Ekspertlər M.Mənsimovun Azərbaycandakı ən böyük layihələrindən birinin də «Xəzər-Lənkəran» futbol klubu olduğunu bildirirlər. Futbol azarkeşi olan Mənsimov klub üçün Lənkəranda dünya standartlarına uyğun stadion və təlim-məşq kompleksi tikdirib.

«Palmali»nin Bakı ofisinin əməkdaşı Tural Əsgərov «Azadlıq» radiosuna deyir ki, şirkət Azərbaycanda fəaliyyət sahələrini genişləndirməyi planlaşdırır:

- Lənkəranda, Masallıda süd, kərpic zavodları, məktəb tikilib, yaşayış məntəqəsi salınıb. Artıq yetərincə tanınan «PALsüd» «Palmali»nin yeyinti sənayesində ciddi layihələrindən biridir. Yaxın gələcəkdə biskvit və şokolad məhsullarının istehsalına başlanacaq. 2009-ci ilin yazında dondurma istehsal edən zavod işə başlayacaq. Bundan başqa, Azərbaycanda uşaqlar, əlillər, məcburi köçkün ailələri, İkinci Dünya və Qarabağ müharibəsi veteranları üçün xeyriyyəçilik tədbirləri də keçiririk.

Mediada M.Mənsimovun Azərbaycanda başqa planları barədə də söz açılır ki, Tural Ələsgərov onları qeyd etmədi. Artıq Türkiyədə «Palradio» səslənir, ikinci dalğanın və telekanalın işə düşəcəyi haqda danışılır.

Azərbaycanda da ilkin olaraq, rusca web-portalın, sonra isə radionun yaradılacağı ilə bağlı konkret işlərin getdiyi bildirilir. Amma şirkətin özündə bu barədə danışmırlar.

Mediada M.Mənsimovun qısa zamanda böyük sərvət sahibi olması onun həm Rusiya, həm də Azərbaycanın yüksək dairələri ilə isti münasibətləri ilə əsaslandırılır. Uzun illərdir mediada Azərbaycan iqtidarı ilə sıcaq münasibətləri olan M.Mənsimovun nədən baş ofisini vətəninə deyil, qonşu Türkiyəyə daşıması məsələsinə də cavab axtarılır. Bir sıra versiyalara görə, M.Mənsimov iqtidarla ən yaxın münasibətlərdə olmasına baxmayaraq Azərbaycanda müstəqilliyini qismən itirəcəyindən ehtiyatlanır. İqtisadçı Rövşən Ağayev də Azərbaycanın oliqarxlar üçün cəlbedici olmadığını deyir:

- Böyük bizneslə məşğul olmaq üçün özünü müstəqil sayan, siyasi hakimiyyətin davranışları ilə ayaqlaşmaq istəməyən insanların Azərbaycanda sahibkarlıqla məşğul olması mümkün deyil. Sahibkarlıq olduqca müstəqil institutdur. Onun fəaliyyətinə hər hansı müdaxilə yolverilməzdir. Ancaq təbii ki, qanunların yol verdiyi çərçivədə.

Dünya iqtisadi böhranı milyardlara sahib olan iş adamlarından bəzilərini hətta müflisləşmə ilə üz-üzə qoyub. Türkiyə mediasına müsahibə verən M.Mənsimov isə deyib ki, «Palmali» böhrandan nəinki zərər görüb, əksinə qazanıb. Onun sözlərinə görə, şirkət neft daşımalarının pulunu dollarla alır, ancaq gəmi inşa etdirmək üçün verilən pulların hardasa 60 faizi avro ilə ödənir. Dollar-avro paritetindəki azalma doların xeyrinə dəyişdiyindən son dörd gəminin alınmasında şirkət bir neçə milyon dollar irəli düşüb.
XS
SM
MD
LG