Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:52

Çeçen qaçqınları Bakıdan getmək istəyirlər


Ramzan Mollayev
Ramzan Mollayev
Hazırda Azərbaycanda təxminən 1800-ə yaxın çeçen yaşayır. Ancaq Azərbaycanda hüquqi statusunun olmaması və üzləşdikləri problemlərə görə, onların sıraları seyrəlməkdədir. Çeçenləri narahat edən rəsmi Bakının indiyə qədər dəfələrlə Rusiyanın müraciəti əsasında bir neçə nəfəri məhkəməsiz-filansız ekstradisiya etməsi, çeçenlərin zaman-zaman Azərbaycanda oğurlanmasıdır.

Cəmiyyətdə çeçenlərə münasibətdə də müəyyən stereotiplər formalaşıb, onların terrorçu qruplaşmalarla əlbir olması kimi fikirdə olanlar da var. Ancaq işsizlikdən və hüquqi müdafiədən kənar qalan çeçenlər bəzən bu cür stereotiplərdən qurtula bilmir və sərgərdan həyat sürürlər.

Azərbaycandakı çeçen icmasının rəhbəri Ramzan Mollayev:

«Heç yanda işləmirəm. Özüm barəmdə danışanda deyirəm ki, mən sərsəri qaçqınam. Nə orda, nə burda evim yoxdur».

R.Mollayev «Azadlıq» radiosuna deyir ki, onlara statusun verilməməsi müxtəlif sahələrdə problemlər yaradır. Məhz buna görədir ki, indi icma Azərbaycandan üçüncü ölkəyə getmək arzusundadır:

«Azərbaycanda çeçen qaçqınları hər növ problemlərlə üzləşirlər. Ona görə ki, Azərbaycan bizi qaçqın kimi qəbul etmir. Biz 12500 nəfər idik, indi 1800 nəfər qalmışıq. Mən ümid edirəm ki, biz yarım il, bir il ərzində üçüncü ölkəyə getməyə müvəffəq olarıq. Çünki bizim elə gücümüz yoxdur. Belə davam etsə, qətllər və s. məsələlərə görə, çeçen və azərbaycanlılar arasında düşmənçilik yarana bilər. Mən bunu istəmirəm. Bizim evimiz Qafqazdır və Azərbaycanın sabitliyi Qafqazın sabitliyi deməkdir».

Azərbaycanda yaşayan çeçenlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədirlər. Təşkilat hər ay onlara 40 manat pul və bir gün üçün 166 qram qida yardımı verir. Çeçenlərin özləri bu yardımın azlığından narazıdırlar.

Qaçqınlar üzrə Ali Komissarlıq Rusiyanın Azərbaycandakı çeçen mənşəli vətəndaşlarına qaçqın statusu verib. Ancaq status rəsmi Bakıda tanınmır.

Miqrantlara Hüquqi Yardım Mərkəzinin sədri Əlövsət Əliyev:

Əlövsət Əliyev
«Azərbaycan BMT-nin himayə sənədini bir sənəd kimi tanımır. Qaçqın kimi tanımadığına görə, çeçenlər qaçqınlara aid olan hüquqların heç birindən faydalana bilmirlər. Lazım olanda çeçen mənşəli şəxsləri Rusiyadan gələn sorğulara əsasən tuturlar və həmin ölkələrə təhvil verirlər. Azərbaycan sadəcə onlara qanunsuz yaşamağa icazə verir və Rusiya dövlət orqanları tərəfindən tələb olmayana kimi burda yaşayırlar. Əslində təqib olunanları Azərbaycan da müdafiə etmir, dərhal onları Rusiya hüquq-mühafizə orqanlarına təhvil verir».

Qaçqın statusu o adama verilir ki, ölkəsində müəyyən təqiblərə məruz qaldıqdan sonra başqa ölkəyə mühacirət etsin. Bu cür izahat Azərbaycanın «Qaçqınların və məbcuri köçkünlərin statusu haqqında» qanununda verilir. Qanunda üç halda xarici ölkə vətəndaşına qaçqın statusunun verilməməsi nəzərdə tutulur: Əgər beynəlxalq hüquq üzrə müəyyən edilsə ki, həmin şəxs sülhə, bəşəriyyətə qarşı cinayət törədib, Azərbaycana gələnədək qeyri-siyasi xarakterli ağır cinayətə yol verib və BMT-nin məqsəd və məramına zidd əməllər törətməkdə müqəssirdisə.

Qanunda BMT prinsiplərinin əsas götürüldüyü qeyd olunsa da, çeçenlərlə bağlı məsələdə Azərbaycan fərqli mövqe ortaya qoyur.

Azərbaycandakı çeçen icmasının rəhbəri Ramzan Mollayev isə deyir ki, onlar Bakıda kompakt halda yaşamağa məcbur olublar. Çünki bir hadisə baş verəndə ən azından bir-birilərinə dəstək ola bilirlər.

1990-ci illərdən başlayan Çeçenistan münaqişəsi zamanı hər dəfə hərbi əməliyyatlar qızışdıqca Azərbaycana çoxlu sayda qaçqınlar gəlib.

11 yaşlı Məhəmməd isə Azərbaycan dilində deyir ki, onun bircə böyük arzusu var:

«Çeçenistana getmək istəyirəm…»
XS
SM
MD
LG