Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:25

Təşviqat qrupunun üzvləri döyülüb


Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək
Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək
«Respublikaçılar» təşviqat qrupunun nümayəndələri martın 5-də Nəsimi rayon 21-ci seçki dairəsinin 6 və 7 saylı seçki məntəqələrinin yerləşdiyi 54 saylı məktəbin həyətində xüsusi quraşdırılmış lövhəyə plakatlar asarkən basqına məruz qalıblar.

«Biz təzəcə referendumla bağlı təşviqat plakatları asmaq istəyirdik ki, naməlum şəxslər bizə yaxınlaşıb dedilər ki, bunu etmək olmaz. Qrupumuzun gənc fəalı Cavid Hacıbəyli izah edib ki, plakat qanuna uyğun olaraq asılır. Buna cavab olaraq onu döyməyə başladılar», deyə «Respublikaçılar» təşviqat qrupunun nümayəndəsi Zakir Xəlilov «Turan»a bildirib.

Onun sözlərinə görə, yuxarı sinif şagirdləri də gəncin üzərinə hücum çəkiblər. «Cavid birtəhər izdihamın əlindən çıxıb qrupumuzun digər üzvü Elman Fəttahın maşınına əyləşdi. Amma onu maşından da çıxarmaq istəyirdilər. Maşının qapısını aça bilmədiklərini görüb, onlar şüşəni qırdılar, sonra isə avtomobili aşırmağa çalışdılar. Maşın ciddi xəsarət alıb», deyə Xəlilov qeyd edib.

Onun sözlərinə görə, sonradan məlum olub ki, oğlanı 54 saylı məktəbin təsərrüfat müdiri, 6 saylı sahə seçki komissiyasının üzvü olan Murad adlı şəxs döyüb.

Xəlilov qeyd edib ki, hadisə yerinə gələn Nəsimi rayonu 21-ci dairə seçki komissiyasının nümayəndəsi bildirib ki, «Respublikaçılar» təşviqat qrupunun üzvləri qanun çərçivəsində hərəkət ediblər.

«Respublikaçılar» təşviqat qrupunun nümayəndələri 19-cu Nəsimi rayon polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.

54 saylı məktəbin rəhbərliyindən şərh almaq mümkün olmayıb. «Turan»ın müxbirinin zənginə məktəbdə cavab veriblər ki, «direktor iclasdadır».
Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb.
XS
SM
MD
LG