Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:20

«Əsrimizin Səyavuşu» necə yarandı?


1925-ci ildə İstanbulda nəşr olunan «Əsrimizin Səyavuşu» kitabının üz qabığı
1925-ci ildə İstanbulda nəşr olunan «Əsrimizin Səyavuşu» kitabının üz qabığı
...Ötən əsrin 20-ci illəri. Şəhərlər şəhəri İstanbul.

«Sahildə bir kişi durub düşünür:
Dənizmi olum,
dalğamı yoxsa,
yosunmu olum,
ummanmı yoxsa?»
(Nazim Hikmət)

Yox sahildəki kişini ilgiləndirən başqa şeylərdi. Bu bir vətən sevdalısıdır. Adı da bəlli, Məhəmməd Əmin Rəsulzadə. Vətənin bir parçasında - Lahıcda qalan «yarımçıq» (yox bütöv) əl yazmasını düşünür - «Əsrimizin Səyavuşu»nu.

...XXI əsrin 9-cu ili. Həmin dəniz sahilindəki kişinin - Milli Azərbaycan Şurası başqanı M.Ə. Rəsulzadənin «Əsrimizin Səyavuşu» kitabının 1989-cu il Ankara çapı əlimin altındadır. Müəllifin kitaba yazdığı ön sözlə birlikdə. Və Əmin bəy «bu əlyazmanın özünəməxsus macərası vardır» deyə sözə başlayır.

...Bolşevik istilasından sonra bir ay Bakıda gizlənir. Sonra Gürcüstana keçmək üçün bir dostu ilə yola çıxır. Dağlar-dərələr aşır (özü belə yazır). Şamaxı qəzasının Lahıc qəsəbəsində gizlənmək zorunda qalır. Bəxti gətirir. Tiflis yolu Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi udmuşdu.

Lahıcda bir kəndlinin evində qalmalı olurlar. Onun evində farsca, türkcə və rusca kitabları olan balaca bir kitabxanası olur. Əmin bəy Firdovsinin «Şahnamə»sini oxumağa başlayır. Əsər «pək həssas olan ruhunu istila edir». Yanındakı dostuna «Tariximin Səyavuşunu» dinlədin. İndi sənə əsrimizin Səyavuşunu yazacağam» deyir. 7-8 gün içində əsəri tamamlayır. Bu müddətdə bir dəfə də qaldıqları evi dəyişirlər. Əmin bəy əlyazmanın üzünü təmizə çıxarır. Təmiz nüsxəni evində qaldığı kəndliyə verir. O birini özündə saxlayır...

Qaldıqları ev aşkarlanır. Onları tuturlar. Amma o üstündəki nüsxəni cırıb atmağa macal tapır.

İki illik mənfi həyat...

Sonrası məlum... Bayıl həbsxanası... Stalinin onu həbsdən qurtarması və Moskva həyatı.

«İki sənə mənfi bir həyat keçirdim» yazır Əmin bəy. Və bu iki ildə əlyazmasını Azərbaycandakı dostlarının sayəsində geri almaq istəyir. Mümkün olmur. Lahıclı kişi əlyazmanı heç kimə vermir. Çünki əvvəlcədən şərtləşdikləri açar sözü kəndliyə deyən olmur.

...Moskvadan Finlandiyaya, axırı Türkiyəyə gəlib çıxır Əmin bəy. Əlyazmasına ( təkcə onamı?) yas saxlayır. Dostları onu qınayırlar, «mövzu məlumdur, yenidən yazın» deyirlər. Yox deyir Əmin bəy. «O zamankı, ruh halı və vəziyyət bir daha geri verilməz». Əli Əhmədoğlunun (əsəri bu imza ilə yazmışdı) əsərilə 1923-cü ildə İstanbulda yaşayan M.Ə.Rəsulzadənin əsəri arasındakı fərq açıq aydındır - deyir Əmin bəy.

Əlyazma yiyəsinə yetir

Və nəhayət elə həmin 23-cü ildə əlyazma, özü demiş «bolşevik çəmbərini yarıb İstanbula çatır».

Əmin bəy kitaba yazdığı ön sözdə Lahıc kəndlilərinə təşəkkür edir və əlavə edir ki, bolşeviklərin ucbatından onların adlarını çəkə bilmədiyindən üzgündür. İnşallah onun sırası da gələr...

...Onun sırası gəlmədi. Ömür çatmadı. Onu (təkcə onumu?) biz etməliyik! Edirikmi? Siz söyləyin, edirikmi?

...Bu gün martın 6-ı o, böyük Kişinin anım günüdür. Gəlin həmin günü sayqıyla anaq və onun son nəfəsində dediyi sözü təkrarlayaq: «Can Azərbaycan» söyləyək!

P.S. əgər o əlyazma itsəydi Məhəmməd Əmin bəyin gəncliyə müraciəti bəlkə də belə olmayacaqdı.

«Ey gələcək nəsil, ey gənclik! Ey əsrimizin Səyavuşunun böyümüş oğlu!

Sənin üzərində böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq. Müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müşkülatla yüksəldərək dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!»
XS
SM
MD
LG