Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:24

«İpoteka sahəsində korrupsiya elementləri var»


Əkrəm Abdullayev: «Azərbaycanda normal ipoteka verilməsi üçün etibarlı, normal banklar olmalıdır»
Əkrəm Abdullayev: «Azərbaycanda normal ipoteka verilməsi üçün etibarlı, normal banklar olmalıdır»
«Üç nöqtə»: Bu fikirləri qəzetə müsahibəsində Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, deputat Əkrəm Abdullayev səsləndirib.
«İpoteka sistemi dünyada mövcud olan bir sistemdir. Amma çox əfsuslar olsun ki, Azərbaycanda bu sistem hələ də tam formalaşmayıb və ya formalaşdıra bilmədilər. Üstəlik, ipoteka sahəsində şərtləri də çətinləşdirirlər. Mən deyərdim ki, bu sahədə korrupsiya elementləri və digər neqativ hallar da var. Bunları aradan qaldırmaq lazımdır. Yəni əhalinin digər təbəqələri də mənzillə təmin olunmaq üçün ipoteka kreditlərindən yararlana bilməlidir».

«…Azərbaycanda normal ipoteka verilməsi üçün etibarlı, normal banklar olmalıdır. Bu gün əksər banklar ipoteka prosesinə qoşulmağa qorxurlar. Bankların çoxu fikirləşir ki, bu gün verdiyi krediti vətəndaş iki ildən sonra bağlamalıdır. Banklar bununla məsuliyyətdən kənar qaçırlar. Amma kreditlərin müddəti 30-40 ilədək artırılsa, o zaman bank sistemi də möhkəm olar. Azərbaycanda bankların sayı həddindən artıqdır. Mənə elə gəlir ki, kiçik bir ölkədə bu qədər bankın olması normal hal deyil. 15-20 bank olmalıdır, onlar da möhkəm və etibarlı işləməlidir».

«Bizim Yol»: «Referenduma çıxarılan məsələlər Azərbaycanın daxili işi sayıla bilməz». Bunu qəzetə müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu deyib.
«Bəli, referendum bizim daxili işimizdir. Amma referenduma çıxarılan məsələlər və Azərbaycanda yaranan situasiya daxili iş sayıla bilməz. Tutaq ki, referendum nəticəsində elə bir rejim yaranar ki, 1 milyon insan ölkəni tərk edər və bu, Qərbin probleminə çevrilər. Yaxud referendumdan sonra beynəlxalq hüquqa zidd qanunlar qəbul edilə bilər ki, bu, dünya nizamını təhdid edər. Bundan əlavə, daxili iş olan referenduma hansı hüquqi normaları daxil edirik? Ən azı üç məhdudiyyət var, Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa Birliyi ilə əməkdaşlıq edir və nəhayət, AŞ PA qarşısında götürülən öhdəliklərə uyğun olaraq qanunları bu standartlara cavab verməlidir. Çünki beynəlxalq hüququn subyekti olduğundan, bu normalara zidd heç bir qanun qəbul edə bilmərik. Bax, bizim referenduma etirazımız ondan ibarətdir ki, bu üç məhdudiyyət pozulur. Bu baxımdan referendum bizim daxili işimiz ola bilməz».

«Yeni Müsavat»: «AMİP AMİ olub. Bu partiya elan edib ki, qarşıdakı müddətdə siyasətlə məşğul olmayacaq. Çox qəribədir. Partiya ticarətlə məşğul olası deyil, şou-biznesə gedəsi deyil, özünü universitet, ya zavod elan edə bilməz. Bəs neyləyəcək?» Şahvələd Çobanoğlu «Mən alpinistəm» sərlövhəli köşə məqaləsində belə yazıb.
«…Yazmayan, işləməyən jurnalistlər ölkəni başına götürüb. İldə yüz minlərlə qrant fırladıb axırda işləyənlərə ağız büzürlər. Siyasətdə də bu cür siyasətçilər, qıraqda durub özgələrinə ağıl verən politika adamları ortaya çıxır. Hətta siyasətlə məşğul olmayan partiyalar da yaranır.
Bu gündən mən də özümü alpinist saymağa başlayıram. Gərək dağa-daşa çıxam? Onsuz da çıxıb yenidən geri düşəcəyəmmi?! Nə fərqi var? Qərara almışam ki, qarşı aylarda mən alpinizmlə məşğul olmayım, daha vacib işlərim var. Eyni zamanda hesab edirəm ki, bəzi alpinistlərin dağa axıracan dırmaşmaması çox yanlış qərardır...»

«Azadlıq»: «Avropa səfirləri müxalifətlə qapalı görüşü barədə ətraflı məlumat verilmir».
«Qarabağ və Respublika» uğrunda Vətəndaş hərəkatının kordinatoru Leyla Yunus və quruma daxil müxalifət partiyalarının sədrləri Avropa birliyinə üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüblər. Sülh və Demokratiya İnstitutunun ofisində keçirilən görüş partiya sədrlərinin təşəbbüsü ilə baş tutub.

«Yeni Azərbaycan»: Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident deyib ki, ikitərəfli münasibətlər möhkəmlənir, ticarət dövriyyəsi artır, geniş miqyasda regional əməkdaşlığın müxtəlif istiqamətlərdə təmin olunması baxımından birgə səylər daha da güclənir. Azərbaycan Prezidenti ümidvar olduğunu bildirib ki, Rusiya xarici işlər nazirinin indiki səfəri və onun gedişində aparılan müzakirələr ötən il Rusiya Prezidentinin Azərbaycana səfəri zamanı dövlət başçılarının müəyyən etdikləri kimi, qarşılıqlı əməkdaşlığın dostluq, strateji tərəfdaşlıq prinsipləri əsasında daha da inkişafına xidmət edəcək.
XS
SM
MD
LG