Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:05

Evlərinin kandarında öldürülənlər... (İnfoqrafika)


.
Yuxarıdakı şəkli vurub infoqrafikaya keçin.

«O, yaşadığı evin qabağında odlu silahla qətlə yetirildi». Son illər Azərbaycanda ən çox danışılan qətlləri araşdıranda daha çox bu xətt üzə çıxır. Öldürülənlərin böyük əksəriyyəti ya yaşadığı binanın qarşısında, ya da blokda öldürülür.

Sadalayaq: general Eduard Hüseynov, parlamentin sədr müavini Afiyyəddin Cəlilov, Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov, akademik və deputat Ziya Bünyadov, deputat Əli Ansuxski, Respublika Prokurorluğunun idarə rəisi Rövşən Əliyev, Bakı Parapsixologiya və Teologiya İnstitunun rektoru Etibar Elkin, AFFA-nın vitse-prezidenti, polkovnik Fətulla Hüseynov, «Monitor» jurnalının redaktoru Elmar Hüseynov və nəhayət, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general leytenant Rail Rzayev.

Fevralın 11-də evinin qarşısında güllənənən Rail Rzayevin qətlindən bir ay ötdü. Amma hələ də qətlin sifarişçisi və ya onu törədənin kimliyi ilə bağlı rəsmi məlumat yoxdur. Qətllə bağlı rəsmi versiya da irəli sürülməyib. Hərçənd bu arada mətbuat və müstəqil mütəxəssislər müxtəlif versiyalar irəli sürməkdən çəkinmirlər.

Amma söhbətimiz təkcə Rail Rzayevin ölümü haqda deyil. Son illərin ən hay-küylü qətllərini sıralayanda bir məqam da ortalığa çıxır. Öldürülənlərdən bəzilərinin yaxınları ya hadisə vaxtı, ya sonradan qətlə yetirilir və ya ölümlə hədələnir. Xatırladaq: Etibar Elkin iki oğluyla birgə öldürülmüşdü. Ziya Bünyadovun nəvəsi ölümündən təxminən bir il sonra Amerikada qətlə yetirildi.

Adam oğurluğu və qətllərlə məşğul olan DİN-in sabiq idarə rəisi Hacı Məmmədovsa məhkəmədə bildirmişdi ki, kriminalist Rövşən Əliyevin oğlu Rain Əliyevi də qətlə yetirmək haqda sifariş alıbmış. Bu haqda mərhumun ailəsinə xəbərdarlıq da edib və Rövşən Əliyevin xanımı məhkəmədə bu məlumatı təsdiqləyib.

Və ya jurnalist Elmar Hüseynovun həyat yoldaşı, «Bakinski Vedomosti» qəzetinin redaktoru Ruşaniyyə Hüseynova da oğlu ilə mühacirətə yollanmasını həyatının təhlükədə olması ilə izah etmişdi.

Amma son illərin ən çox danışılan qətllərini birləşdirən başqa cəhətlər də var. Öldürülənlər Azərbaycanda nüfuz sahibləri olub. Ən mühüm postlarda təmsil olunublar.

Eyyub Kərimov bir nüansa da diqqət çəkir: qətllər bəzən çox mühüm dövlət qurumlarının iki addımlığında baş verir

Məsələn, Prezident yanında Xüsusi İdarənin rəisi, parlament sədrinin müavini və deputatlar. Amma ən ümdəsi, öldürülənlər həm də hüquq-mühafizə orqanları ilə bağlı adamlardır: kriminalist Rövşən Əliyev, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Azər İsmayılov, keçmiş DİN əmkədaşı Fətulla Hüseynov…Bu üzdən həmin qətllər ictimai maraq və diqqət mərkəzində dayanıb. Bununla bağlı həmişə doğruya bənzər və ya ağlasığmaz versiyalar dolaşıb.

Amma bununla belə, son illərin ən çox danışılan qətllərin sifarişçiləri bir yana, bəzən icraçıları da həbs edilməyib, hələ də azadlıqdadırlar. Ya da qətllərin üstü tam açılmayıb, qurulan məhkəmələrin obyektivliyinə, qatil kimi azadlıqdan məhrum edilənlərin bu cinayətlə bağlılığına cəmiyyətdə bəzən şübhə ifadə edilib.

Niyə?

Hüquqşünas Eyyub Kərimova görə, səbəb çox sadədir. Bu qətllərin bir ucu ya hakimiyyət olimpində, ya da hakimiyyətin müxtəlif qollarında təmsil olunanların maraqlarına toxunur:

«Həmin cinayətlərin üstünün açılması hakimiyyətin ifşa olunması deməkdir. İstər Afiyyədin Cəlilovla Şəmsi Rəhimovun, istər Ziya Bünyadovun və ya başqalarının ölümü olsun…Məsələn, Fətulla Hüseynovla Rövşən Əliyevin qətlində ittiham olunan Hacı Məmmədov məhkəmədə çox mətləblərə toxundu, çox şeylərin üstünü açmaq istədi. Amma istintaqçılar da, məhkəmə də dərinliyə gedə bilmədi. Siyasi hakimiyyət dəyişməyənə qədər çətin bu cinayətlər açılsın…»

E.Kərimov bir nüansa da diqqət çəkir: qətllər bəzən çox mühüm dövlət qurumlarının iki addımlığında baş verir. Məsələn, kriminalist Rövşən Əliyev Respublika Prokurorluğunun iki addımlığında, Rail Rzayevsə bir neçə nazirliyin yerləşdiyi ərazinin yaxınlığında öldürülüb və sairə.

Eyyub Kərimov: «Bu da cinayətkarların arxayınlığından xəbər verir. Kiməsə və harasa bağlıdırlar ki, hətta dövlət qurumlarının yaxınlığında belə adam öldürməkdən çəkinmirlər».

E.Kərimova görə, hüquq-mühafizə orqanlarının qapatmağa çalışdığı istintaq işləri və ya məhkəmə qərarları bu üzdən həmişə inamsızlıqla qarşılanacaq:

«Tutalım, bir sual hələ də açıq qalır: niyə «Hizbullah»çılar Ziya Bünyadovu öldürmək istəməliydilər? Həkimin səhvini torpaq gizlədiyi kimi, hakimin səhvini həbsxana gizlədir. Həbsxananın gizlədiyi, istintaqçıların tam araşdırmadığı çox sirlər var. Nə vaxt həbsxananın gizlədiyi sirlərə işıq salınacaq, bilmək olmaz. Bunun üçün siyasi hakimiyyət dəyişməlidir yəqin».

Son illərin ən çox danışılan qətllərini indi birgə xatırlayaq:

Əjdər Xanbabayev - «Azərbaycan» nəşriyyatının baş direktoru

1989-cu ildə iş otağında öldürülüb. İndiyədək qətlin motivi məlum deyil. Amma onu siyasi sifarişli qətl kimi dəyərləndirirlər. Əjdər Xanbabayevin sabiq prezident Heydər Əliyevə yaxınlığı ilə seçildiyi də deyilir.




Eldar Bağırov

Bağırov Eldar Teymur oğlu 1988-89-cu illərdə Xalq Cəbhəsinin Ağdamda özəyini yaradıb və onun sədri olub.

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinin ərzaq və silah-sursatla təmin edilməsində ciddi rolu olub.

1990-cı ildə Ağdam rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilib.
1991-ci ildə Bakıda - Ali Sovetin iclasından qayıdarkən yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib.

Qətlin istintaqı tam başa çatmayıb. Həmin vaxt qətlin törədilməsi ilə bağlı 2 versiya hallandırılırdı:

1. Eldarın aradan götürülməsi o vaxtkı hakimiyyətə sərfəli idi;

2. O, qan düşmənçiliyi nəticəsində qətlə yetirilib. Faktların heç biri rəsmən təsdiqlənmədi. Qan düşmənçiliyində və qətli törətməkdə adı hallanan adam bu ittihamları qəbul etmirdi və o, həbs edilmədi.

Şahmərdan Cəfərov

1958-ci ildə anadan olub. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Milli Məclisin deputatı olub, Naxçıvan sərhəd qoşunlarına başçılıq edib.

1995-ci il iyunun 17-də Naxçıvanın Culfa rayonu, Əbrəqonis kəndi yaxınlığında avtomat silahlardan atəşə tutulub. 9 güllə yarası alıb. İyunun 29-da Şüvəlan həbsxanasında vəfat edib.

Beynəlxalq təşkilatlar və Amerika Dövlət Departamenti Şahmərdan Cəfərovun qətlinin araşdırılmasını Azərbaycan rəhbərliyindən tələb edib.

Rəsmi məlumatlara əsasən, Ş.Cəfərov polisə silahlı müqavimət göstərərkən qətlə yetirilib. Lakin Aİ hesabatında bildirilir ki, ağır yaralanmış Ş.Cəfərovu Naxçıvan xəstəxanasına polis deyil, yerli sakinlər çatdırıblar. Onun Naxçıvandan Bakıya niyə gətirilməsi və Şüvəlan həbsxanasında ölməsi faktına da aydınlıq gətirilməyib.

Eduard Hüseynov - Azərbaycanın ilk kontr-admiralı, Bakı Dənizçilik Məktəbinin rəhbəri

1938-ci ildə anadan olub. 1993-cü ilin aprelində yaşadığı binanın girişində qətlə yetirilib. O, ölümündən bir qədər əvvəl yaxınlarına hədə dolu telefon zəngləri aldığını deyirmiş. Qətllə bağlı məhkəmə hökmü var, bir neçə nəfər həbs edilib.

Afiyəddin Cəlilov – parlament sədrinin müavini

1946-cı ildə doğulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 1990-cı ildənsə Azərbaycan parlamentinin sədr müavini olub. 1994-cü il sentyabrın 29-da yaşadığı binanın blokunda qətlə yetirilib. Onun 1994-cü il oktyabrın 4-də dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Bu işdə ittiham olunaraq azadlıqdan məhrum edilmiş Dəyanət Kərimovsa günahsız olduğunu bildirir.

Şəmsi Rəhimov - Prezident Yanında Xüsusi İdarənin rəisi

Elə Şəmsi Rəhimov da Afiyyədin Cəlilovla eyni gündə, yaşadığı binaya girərkən öldürülüb. Onun da dövlət çevrilişinə cəhd göstərən XTPD-çilər tərəfindən qətlə yetirildiyi bildirilir. Ölkə xaricində olan, BMT-nin sessiyasında iştirak edən o vaxtkı prezident Heydər Əliyev bu qətllərin Azərbaycanın müstəqilliyi əleyhinə yönəldiyini bəyan etmişdi. Sonradan qatillərin həbs edildiyi və uzun müddətə azadlıqdan məhrum edildiyi bildirildi.

Ziya Bünyadov - akademik, deputat

1923-cü ildə Astarada doğulub. Sovet İttifaqı Qəhramanı, Elmlər Akademiyasının vitse-prezidenti olub. Eyni zamanda, deputat idi. Qətlindən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirmişdi. Və bu sənədlər haqda parlamentin qapalı toplantısında həmkarlarına məlumat verdiyi də deyilir.

1997-ci ilin fevralında yaşadığı binanın qarşısında öldürülüb. Akademikin terror təşkilatı kimi tanınan «Hizbullah» üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin azadlıqdan məhrum edildiyi deyilir.

Əli Ansuxski - deputat

1948-ci ildə Balakəndə doğulub. İş adamı və doğulduğu rayonda böyük nüfuz sahibi olub. Onun separatçı qurumlarla işbirliyində olması haqda fikirlər dolaşıb.

1996-cı ildə paytaxtın 28 May küçəsində yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Güllə ağzına vurulub. Deputatın qatili olduğu deyilən şəxs həbsdədir.

Etibar Elkin - ekstrasens

1948-ci ildə Qazax rayonunda doğulub. Uzun illər Azərbaycan televiziyasında çalışıb. SSRİ Jurnalistlər Birliyinin üzvü olub. Jurnalistdən daha çox ekstrasens kimi tanınıb. Bakı Parapsixologiya və Teologiya İnstitutunun rektoru olub.

1999-cu ilin yanvarında gecəyarısı Bayıldakı evində iki oğlu - Əfrasiyab və Elşadla birgə qətlə yetirilib. Qətli «Ceyşullah» adlı təşkilatın üzvlərinin törətməsi haqda məhkəmə hökmü olsa da, tərəfdarları buna inanmırlar.

Rövşən Əliyev - Respublika Prokurorluğunun İstintaq İdarəsinin rəisi, kriminalist

1958-ci ildə anadan olub.

2002-ci il martın 12-də axşam saatlarında Bakı şəhəri, Nizami küçəsində bina girişində odlu silahla qətlə yetirilib. Bu qətli adam oğurluğu və qətllərlə məşğul olan DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun başçılıq etdiyi banda tərəfindən törədildiyi deyilir. Hacı Məmmədov Rövşən Əliyevi bandanın izinə düşdüyü üçün öldürdüyünü desə də, qətlin «siyasi sifariş» olduğunu, sifarişçinin Daxili İşlər Nazirliyinin idarə rəisi Zakir Nəsirov olduğunu da söyləyib. Hərçənd mütəxəssislər qətllə bağlı bir çox sualların açıq qaldığı qənaətindədirlər.

Azər İsmayılov - DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi

2000-ci il iyunun 21-də gündüz şəxsi avtomobili ilə «Ramstor» ticarət mərkəzinə gedərkən yoxa çıxıb. Yalnız bir neçə il sonra ifşa olunan Hacı Məmmədov bu qətli də özünün törətdiyini və bundan peşman olmadığını etiraf edib.

Fətulla Hüseynov («Qara polkovnik» ləqəbiylə tanınır)

1937-ci ildə Tovuzda doğulub. İxtisasca hüquqşünasdır. Respublika Yol Polisinin rəis müavini, DİN-in polis polkunun komandiri işləyib. Qarabağ döyüşlərində iştirak edib. Orden və medallarla təltif olunub. 1995-ci ildə Rövşən Cavadovun başçılıq etdiyi XTPD qiyamının silahla yatırılmasına etiraz olaraq DİN-dən istefa verdiyini bildirib. Fətulla Hüseynov həmçinin AFFA-nın vitse-prezidenti olub.

2004-cü ilin iyununda səhər saatlarında yaşadığı binanın qarşısında öldürülüb. Onu Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi deyilir. Hacı Məmmədov məhkəmədə bu qətlin də «siyasi sifariş» olduğunu bildirmişdi. Amma sifarişçinin kimliyini açıqlamamışdı.

Elmar Hüseynov - jurnalist

1967-ci ildə Bakıda doğulub. İnşaat Mühəndisləri İnstitutunun məzunudur. Redaktoru olduğu «Bakı bulvarı» qəzeti və «Monitor» jurnalında hakimiyyəti sərt tənqid edən məqalələr yazıb. 2005-ci ilin martında yaşadığı binanın blokunda qətlə yetirilib. Ölümündən iki il sonra həyat yoldaşı və oğlu mühacirət edib. Xanımı Ruşaniyyə Hüseynova sonradan deyib ki, hədələrlə üzləşdiyinə görə, bu addımı atıb. İstintaqı aparan MTN qatillərin Teymuraz Əliyev və Tahir Xubanov olduğunu, qətldən az sonra onların ölkəni tərk etdiklərini, müttəhimlərin axtarışlarının davam etdirildiyini deyir. Amma bu versiyadan sonra Hacı Məmmədov məhkəmədə deyib ki, redaktoru sabiq nazir Fərhad Əliyevin sifarişiylə onun dəstə üzvləri öldürüb. MTN bu versiyanı araşdırsa da, hələlik rəsmi açıqlama yoxdur.

Rail Rzayev - Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant

1945-ci il martın 10-da Bakıda anadan olub. Rusiyada marşal Jukov adına Hava Hücumundan Müdafiə Akademiyasını bitirib. 1993-cü ildən Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı postunda çalışıb. Onun qətliylə bağlı hələlik rəsmi versiya və həbs olunan yoxdur.

P.S. Biz ötən əsrin sonlarından başlayan başqa qətllərə də toxuna bilərdik. Məsələn, prezidentlər Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin və Heydər Əliyevin qısa müddət köməkçisi işləmiş Gürşad Zərbəliyevin qətli. Və ya prezident Elçibəyin dövründə mətbuat xidmətində çalışmış, amma 4 iyun qiyamından sonra öldürülən Sabir İsmayılovdan da danışa bilərdik. Eləcə də iş adamları və sahibkarların ölümünü da sıralamaq olardı. Və ya o qədər də uzaq olmayan 80-ci illərə qayıdıb, populyar «Dalğa» verilişində Heydər Əliyev dövrünün repressiyaları barədə danışandan sonra telefon naqiliylə boğulmuş şəkildə tapılan Daxili İşlər nazirinin sabiq müavinini də xatırlamaq olardı. Bu qətllərlə bağlı indiyədək səslənən siyasi və başqa ehtimallara da toxuna bilərdik.

Amma elə bunsuz da sual yaranır ki, vəzifə və nüfuz sahiblərinin asanlıqla öldürüldüyü yerdə sıravi adamlar öz təhlükəsizliyinə nə qədər əmin ola bilər? Hərçənd ki, sıravi adamların da hədəfdə olub-olmadığını yalnız bu qətllərin həqiqi motivləri açıqlanandan sonra aydınlaşdırmaq olar.

XS
SM
MD
LG