Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:37

Demokratiya bitdimi?


Gələn il ölkədə parlament seçkisi keçirilməlidir. Müxalifətin hamısı olmasa da bir hissəsi buna ümid edir
Gələn il ölkədə parlament seçkisi keçirilməlidir. Müxalifətin hamısı olmasa da bir hissəsi buna ümid edir
Referendum da keçirildi. Qeyri-adi heç nə baş vermədi. Hər şey gözlənilən kimi oldu. Yenə də köhnə və tanış bəyanatlar – səsvermənin aşkar və demokratik keçməsi, əhalinin böyük fəallıq nümayiş etdirməsi haqqında fikirlər səsləndi. Amma artıq indidən demokratiya haqqında rekviyem yazmaq olar.
Azadlığı qazanmaq çox çətin olsa, da onu itirmək, çox asan imiş. Hakimiyyət həmişə olduğu kimi bu dəfə də öz istəyini reallaşdırdı. Beynəlxalq təşkilatlar və müşahidəçilər də həmişəki kimi «səsvermənin normal» keçdiyini dedilər. Çox maraqlıdır ki, müvafiq beynəlxalq təşkilatlar xroniki olaraq ləng tərpənirlər. Əvvəlcə susurlar, YAP-a istədiyini etməyə imkan verirlər, ancaq bundan sonra ikibaşlı bəyanatlar verirlər.

İndi vəziyyət necə olacaq? Demokratiya və insan haqları ilə bağlı hər hansı optimist fikir söyləmək çətindir. Ölkədə baş verənlər bəlkə də azadlığa biganəliyin və etinasızlığın nəticəsidir. Hətta ən optimist adamlar belə cəmiyyətin demokratiya potensialının zəif olduğunu bildirirlər. Cənubi Qafqazın ancaq bir ölkəsində – Azərbaycanda cəmiyyət fəallığını tamam itirib. Sanki insanlar «avtoritar yuxuya» qərq olublar. Hakimiyyət partiyaları, müstəqil mətbuatı və elektron – informasiya vasitələrini, müstəqil QHT-ləri iflic edib. Bundan sonra insanlar bəlkə də evlərində belə indiki hakimiyyət ilə bağlı tənqidi fikirlər söyləyə bilməyəcəklər.
Güman etmək olardı ki, Qərb dövlətləri və təşkilatları prosesin lap əvvəlində bu düzəlişlərə mənfi reaksiya verəcək, yerli hakimiyyəti bu addımı atmaqdan çəkindirəcək! Ancaq bu da olmadı


Hər halda indiki vəziyyət bunu deməyə əsas verir. Referendumla bağlı təbliğat və təşviqat üçün elə vaxt seçildi ki, insanların çoxu bu verilişləri izləyə bilmədilər. Harada görünüb ki, insanlar öz azadlıqlarının əleyhinə səs versinlər!? Harada görünüb ki, insanlar kütləvi şəkildə yeni qadağalara və məhdudiyyətlərə, mütləqiyyətin bərqərar olmasına səs versinlər? Bunu ancaq YAP-ın funksionerləri iddia edə bilərlər. Təqdim olunan düzəlişlər və əlavələr arasında cəmiyyət üçün faydalı ola biləcək heç nə yox idi, ancaq yeni qadağalar və məhdudiyyətlər var idi.

Güman etmək olardı ki, Qərb dövlətləri və təşkilatları prosesin lap əvvəlində bu düzəlişlərə mənfi reaksiya verəcək, yerli hakimiyyəti bu addımı atmaqdan çəkindirəcək! Ancaq bu da olmadı. Çox güman indi də həmişə olduğu kimi şablon bəyanatlar səslənəcək. «Kiçik qüsurlar olsa da, səsvermə demokratik və azad şəkildə keçirilib!». Bəlkə daha bir şablon bəyanat da yenidən dilə gətiriləcək: «bu səsvermə irəliyə doğru daha bir addım idi!».

Çox maraqlıdır ki, Cənubi Qafqazın ancaq bir ölkəsində məhdudiyyətsiz hakimiyyət bərqərar oldu. İndi «lider respublika» haqqında ancaq ironiya ilə danışılacaq. Əslində bu, ölkədə mütləqiyyətin oturuşması deməkdir. Bundan sonra ancaq «ümidsiz mübarizə» fazası başlayacaq. Sosial – demokratiyanın nəzəriyyəçilərindən biri demişkən: «Məqsəd heç nədir, əsas hərəkətdir». İndi Azərbaycanda buna oxşar mübarizə forması bərqərar olacaq. Artıq heç kim hətta müxalifət partiyalarından böyük nəticələr ummur. Sadəcə demokratiyanın son elementlərinin yaşaması uğrunda mübarizə aparmaq lazım gələcək.
Elə indi də insanlar ancaq dissident kimi fəaliyyət göstərirlər, çünki güclü partiyalar, müstəqil mətbuat, demək olar ki, yox dərəcəsindədir.

Gələn il ölkədə parlament seçkisi keçirilməlidir. Müxalifətin hamısı olmasa da bir hissəsi buna ümid edir. Amma rejim sərtləşməkdə davam etdiyindən parlament seçkilərinin necə keçiriləcəyi müəmmalıdır. Müxalifət belə hesab edir ki, prezident postu bir nəfər üçün nəzərdə tutulub, parlamentdə isə 125 deputat fəaliyyət göstərir və ola bilsin ki, hakimiyyət demokratik parlament görüntüsü yaratmaq üçün bir neçə mandatı müxalifətə «hədiyyə» edəcək.
Amma bu, nəyi dəyişir? Hazırda parlamentdə bir neçə müxalif deputat fəaliyyət göstərir. Onlara hətta danışmaq üçün imkan vermirlər! Məhz bu səbəbdən bəzi müxalifət nümayəndələri seçkidə qalib gəlsə də mandatdan imtina edirlər, çünki mütləq əksəriyyəti YAP-çı deputatlardan ibarət olan parlamentdə çalışmaq, nəyisə dəyişmək qeyri – mümkündür.

Hələ Heydər Əliyev yenicə hakimiyyətə gələndə, Ali Sovetin sədri olanda bir türk jurnalisti ona belə bir sual vermişdi: « Demokratiya bitdimi?». Həmin sual bu gün də öz aktuallığını saxlayır. Onun cavabı isə analitiklərdən və politoloqlardan yox, ilk növbədə cəmiyyətdən asılıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG