Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:51

Gələn ildən daha iki mobil rabitə operatoru fəaliyyət göstərəcək


Səs: Real audio
Bunlar «Azerphone» Azərbaycan-Almaniya-Britaniya birgə müəssisəsi və «CATEL» (Caspian American Telecommunications) Azərbaycan-Amerika birgə şirkətidir Dekabrın 28-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yeni ildən fəaliyyət göstərəcək iki mobil rabitə operatoruna lisenziya verib. Bunlardan biri mobil rabitə sektoruna yeni daxil olacaq GSM standartlı «Azerphone» Azərbaycan-Almaniya-Britaniya birgə müəssisəsidir. Digəri isə CDMA standartında mobil rabitə xidməti göstərəcək «CATEL» (Caspian American Telecommunications) Azərbaycan-Amerika birgə şirkətidir.



Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, artıq həmin şirkətlərlə bağlanmalı müqavilələr razılaşdırılıb və ilin son günlərində imzalanmalıdır. Nazirin sözlərinə görə, «Azerphone»u nazirliyin «Aztelekom» İstehsalat Birliyi, «Siemens» Almaniya şirkəti və daha iki Böyük Britaniya müəssisəsi birgə təsis edib. Pay bölgüsünə gəldikdə, cənab Abbasov deyir ki, «Azephone»da 10 faiz «Aztelekom»a, 30 faiz «Siemens»ə, 60 faiz isə iki ingilis şirkətinə məxsusdur. Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərən «CATEL»də isə pay bölgüsü bərabərdir, 50 faiz «Aztelekom» İstehsalat Birliyinin, 50 faiz isə Amerikanın «Omni-Metromedia Caspian Ltd» konsorsiumunundur.



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, mobil rabitə bazarına yeni operatorun gəlməsi danışıq qiymətlərinin bir neçə dəfə azalmasına, keyfiyyətin yaxşılaşmasına və yeni xidmətlərin ortaya çıxmasına səbəb ola bilər. Amma o, yeni operatorun texnoloji vəziyyətinə diqqət yetirməyi də vacib sayır.



RİTN Tarif Şurasına gələn ildən abunə haqlarını 2,7 dəfə artırmaqla, beynəlxalq danışıqların iki-üç dəfə aşağı salınmasını da təklif edib. Amma nazir Əli Abbasovun sözlərinə görə, kənd və şəhər yerlərində bu qiymətlər fərqli ola bilər. O, bildirir ki, Azərbaycandakı bir milyon üç yüz mindən artıq abunəçinin yarısının – 650 mininin telefonunda iki sıfır açıqdır və onlar beynəlxalq danışqlardan istifadə edirlər. Bu isə deməyə əsas verir ki, qiymətin bir neçə dəfə azaldılması beynəlxalq danışıqların həcmini artıracaq.



Buna qədər Azərbaycanda GSM standartlı iki mobil rabitə operatoru –«Azercell Telecom» və «Bakcell» şirkətləri fəaliyyət göstərirdi.
XS
SM
MD
LG