Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:58
Rubrikalar

«Şəhərdaxili nəqliyyatda gediş haqları artırılmayacaq»


Səs: Real audio
Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov: «Azərbaycanda «quş qripi» yoxdur, əgər olarsa, qarşısını almaq üçün çalışacağıq» - İqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, şəhərdaxili nəqliyyatda gediş haqları artırılmayacaq. Onun sözlərinə görə, sürücülərin gediş haqlarını qaldırmaq üçün göstərdikləri səbəblər real deyil. İqtisadi inkişaf naziri hesab edir ki, sürücülər dizelin indiki qiyməti ilə də mənfəətlə işləyə bilərlər.



Bu arada "AzAL" Dövlət Konserni, Bakı Metropoliteni və Bakı şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti qiymətləri qaldırmaq üçün Tarif Şurasına müraciət ediblər. Bu təkliflərə Şura gələn həftə baxacaq.



- İpoteka kreditlərinin verilməsinə yanvarın sonu – fevralın əvvəlində başlamaq mümkün olacaq. İndi kreditləri paylamaq üçün seçilən banklarda şərtlər müzakirə edilir.



Yanvarın 17-də isə Amerikanın Beynəlxalq İnkişaf Agentliyi – USAID-in ipoteka kreditlərinin verilməsi üzrə ixtisaslaşan eksperti – Klod Bloved Bakıya gəlib. O, İpoteka Fonduna əsas sənədlərin hazırlanmasında yardım göstərəcək. Klod Bloved indiyə kimi 50-yə qədər ölkədə ipoteka mexanizminin hazırlanmasında iştirak edib.



İpoteka kreditini bu il ölkədə təqribən 900 nəfər ala biləcək. Kreditləri əhaliyə 15 bank və 1 bank olmayan kredit təşkilatı verəcək. Bu banklar artıq seçilib, onların adları yaxın vaxtlarda açıqlanacaq. Məlumatı İpoteka Fondu verib.



- Ölkənin ən böyük armatur zavodu «Bakı Steel Company» xammalın – metal qırıntısının çatışmazlığı səbəbindən fəaliyyətinə ara verib. Zavodun 2200 işçisi indi işsiz qalmaq təhlükəsi ilə üz-üzədir.



İqtisadi inkişaf naziri Heydər Babayev deyib ki, hökumət zavodun xammal ehtiyacının dövlət müəssisələri hesabına ödənilməsi məsələsi ilə məşğul olur. Onun sözlərinə görə, dövlət əlindən nə kömək gəlirsə, edəcək ki, 2200 nəfər işsiz qalmasın.



«Baku Steel Company» ilə dövlət müəssisələri metal qırıntısının qiymətində razılaşa bilmirlər. Zavoda ildə 1000 ton metal qırıntısı lazımdır.



- Milli Bank yanacağın bahalaşdırılmasının inflyasiyaya təsirini nəzarətdə saxlaya bilməyəcək. Milli Bankın Pul Siyasəti Departamentinin rəhbəri Xaqani Abdullayev deyir ki, qanunla da Milli Bankın üzərinə düşən vəzifə məhz baza inflyasiyanı, yəni əsasən pul siyasəti ilə bağlı məsələləri tənzimləməkdir. Yanacağın bahalaşması isə Milli Bankın səlahiyyəti daxilində deyil.



Xaqani Abdullayevin sözlərinə görə, Azərbaycanda bu il baza inflyasiya 6-7 faizi keçməyəcək. Milli Bankın proqnozuna görə, elə ümumi inflyasiya da bundan cəmi 1-2 faiz artıq olacaq və idarəolunmayan həddi – 10 faizi keçməyəcək.
XS
SM
MD
LG