Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:38

QMİ müsəlmanları zəncir vurmamağa, baş yarmamağa çağırır


Səs: Real audio
Fevralın 9-da polis gücləndirilmiş rejimdə çalışacaq Fevralın 9-u Azərbaycanda da şiə müsəlmanlar Aşura gününü - İmam Hüseynin qətlə yetirilməsini matəm mərasimləri ilə qeyd edirlər. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) artıq ölkə müsəlmanlarına müraciət edərək, onları zəncir vurmamağa, baş yarmamağa çağırıb. Aşura günü həmin idarənin yerləşdiyi Təzəpir məscidində qanvermə aksiyası keçiriləck. QMİ əhalini zəncir vurub baş yarmaqdansa, xəstəxanalara gedərək qan verməyə, ehtiyacı olanlara yardım etməyə çağırıb.



Fevralın 9-da Daxili İşlər Nazirliyinin əməkdaşları da gücləndirilmiş rejimdə işləyəcəklər. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, «Polis» qəzetinin redaktoru Şahməmməd Şahməmmədovun sözlərinə görə, hüquq-mühafizə orqanları Aşura günündə zəncir vurmaq və ya başını yarmaq istəyənlərə qarşı çıxmayacaqlar. «Bu, hər bir vətəndaşın şəxsi işidir» - deyən polis əməkdaşı sadəcə, hadisələri nəzarətdə saxlayacaqlarını bildirir.



Şahməmməd Şahməmmədovun sözlərinə görə, polis Aşura günündə bəzi möminlərin Avropa kütləvi informasiya vasitələrində islam peyğəmbərinin karikaturalarının dərci ilə bağlı etiraz aksiyası keçirəcəklərini və ya bundan istifadə edərək kimlərinsə qarışıqlıq yaradacaqlarını da istisna etmir. Buna görə də əhalini qayda-qanuna riayət etməyə çağırırlar.



Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Komitəsi isə, Aşura günündə Kərbəla müsibətinə yas saxlamaq kimi adətləri qorumaqla yanaşı, hədləri aşmamağı da tövsiyə edir.



Fevralın 9-da Gəncə şəhərində də polis gücləndirilmiş rejimdə çalışacaq. Gəncə Polis İdarəsinin rəis müavini İlqar Balakişiyevin sözlərinə görə, şəhərdəki məscidlər, İmamzadə ziyarətgahı və xarici təşkilatların ofisləri polis nəzarətinə götürülüb.



Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn Kərbəlada Məhərrəm ayının onuncu günündə öz tərəfdarları ilə birlikdə qətlə yetirilib. Artıq 14 əsrdən çoxdur ki, şiə məzhəbinə mənsub olan müsəlmanlar Məhərrəm ayında yas saxlayır, Aşura günündə isə, mərsiyələr oxuyur, bəzilərisə baş yarır, zəncir vururlar.
XS
SM
MD
LG