Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:36

«AzAL» bəzi ölkələrə uçuşları ləğv edir


Səs: Real audio
Fevralın 9-da polis gücləndirilmiş rejimdə çalışacaq Səbəb kimi aviasiya yanacağının bahalaşması göstərilir



Praqa aeroportunda Moskva reysinin elan edilməsini gözləyənlər arasında azərbaycanlılara da rast gəlmək olar. Bakıya birbaşa reys olmadığı üçün onlar əvvəl Rusiyaya, oradan Azərbaycana uçmalı olurlar.



Solmaz Hüseynzadə Çexiyada işləyən qohumlarına dəyməyə gəlib, indi Bakıya qayıdır. Deyir ki, yol onu çox yorur. Xüsusən də Moskva aeroportunda bir təyyarədən düşüb o birisinə minmək.



Əvvəllər Praqadan Bakıya və əks istiqamətə birbaşa reys olub, amma həmin reys bu il yanvarın 7-də ləğv edilib.



Praqa-Bakı və əks istiqamətdə reysləri Çexiyanın «Czech Airlines» şirkəti həyata keçirirdi. Şirkətin sözçüsü Yitka Novotnanın dediyinə görə, reys özünü iqtisadi cəhətdən doğrultmurdu:



«Son ildə neftin qiyməti kəskin şəkildə artıb və bu o deməkdir ki, biz uzun müddətli perspektivdə Bakı reysindən gözlədiyimiz gəliri götürə bilməyəcəyik Ona görə də bizim marketinq idarəmiz belə bir qərar verib».



Amma Bakıya birbaşa reys ləğv edilsə də, Gürcüstana və Ermənistana olan reyslər dayandırılmayıb. Xanım Novotna bunu həmin ölkələrdən Çexiyaya gediş-gəlişin daha çox olmasıyla bağlı olduğunu dedi.



«AzAL» Hava Yolları Dövlət Konserni özünün də bəzi xarici reyslərini dayandırıb. Konserndən verilən məlumata görə, bu il fevralın 1-dən Bakı-Kabul reysi də ləğv edilib. Fevralın 12-də isə Hindistanın Dehli, Pakistanın Kəraçi və Suriyanın Hələb şəhərinə olan reyslər də dayandırılacaq. Bütün bu reyslərin ləğvi ilə bağlı bir səbəb gətirilir – dünya bazarlarında neftin bahalaşması.



«AzAL» Dövlət Konserninin sözçüsü Ramil Məmmədov da deyir ki, bəzi ölkələrlə birbaşa reyslərin ləğv edilməsinin səbəbi aviasiya yanacağının bahalaşmasıdır. «AzAL» şirkəti biletlərin qiymətini qaldırıb, amma müştərilər azalıb və artıq həmin reysləri saxlamaq iqtisadi cəhətdən sərf etmir. Onun bildirdiyinə görə, Əfqanıstan, Hindistan, Pakistan və Suriya reysləri ilə bağlı ləğv qərarı Avropa reyslərinə də mənfi təsir edib. Çünki bu ölkələrdən gələn bir çox sərnişinlər Avropaya uçmaq üçün Azərbaycandan tranzit ölkə kimi istifadə edirdilər.



Artıq məlumdur ki, Bakıdan Londona olan reyslər də azaldılıb. Əgər indiyəcən Azərbaycandan Böyük Britaniyanın paytaxtına həftədə üç təyyarə uçurdusa, bundan sonra ikisi uçacaq.



İqtisadçı ekspert Nemət Əliyev də razılaşır ki, Azərbaycan şirkətlərinin bəzi reysləri bağlaması sırf iqtisadi amillərlə bağlı ola bilər. Amma onun fikrincə, xarici şirkətin Azərbaycanla birbaşa reysi ləğv etmək qərarının kökündə bəzi gizli məqamlar da dayana bilər. Nemət Əliyev deyir ki, Azərbaycanda hansısa bir layihə həyata keçirəndə, xarici iş adamları rəsmi məsrəflərinə qeyri-rəsmi xərcləri [rüşvət - red.] əlavə etməli olurlar.



«Azal» Dövlət Konsernində hansısa xarici şirkətdən təyyarə reyslərinə görə əlavə haqq istənilməsi məsələsinə şərh vermək istəmədilər. «Czech Airlines»ın sözçüsü Yitka Novotna isə bildirdi ki, Azərbaycanda onların şirkətindən rüşvət istənilməsi haqda məlumata malik deyil.



Bakı-Praqa reysi üzrə uçuşlar «AzAL» və «Czech Airlines» şirkətləri arasında əldə edilən «code sharing» razılaşması əsasında həyata keçirilirdi. Yəni «AzAL» Çexiya şirkətinin kodundan istifadə edirdi. Uçuşlarda da «Czech Airlines»ın təyyarələri istifadə edilirdi, sadəcə təyyarədəki yerlərin bir hissəsinə bileti Azərbaycan şirkəti satırdı.
XS
SM
MD
LG