Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:01

Gəncədə tikinti bumu


Səs: Real audio
«İşgəncələr Əleyhinə Komitə»nin sədri Elçin Behbudov Baş prokuror Zakir Qaralova müraciət edib Gəncədə də tikirlər, ancaq Bakıdakı kimi yox. Şəhərin baş planına baxırlar. Gəncədə də ev alırlar, ancaq Bakıdakı kimi yox. 50 min dollar gəncəli üçün böyük puldur



Bakının tikinti bumu Gəncəyə köçüb desək, səhv etmərik. İndi şəhərin 9 yerində çoxmərtəbəli yaşayış binaları tikilir, 6 təklif isə baxılmaq üçün şəhər rəhbərliyinə verilib.



Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyir ki, Gəncədə ev tikmək istəyən hər bir şirkət binanı necə gəldi yox, yalnız memarlıq nümunəsi kimi tikə bilər. Yəni hər bir layihə başqalarına oxşamamalı, binanın içi kimi, görünüşü də gözoxşayan olmalıdır.



Hər bir yaşayış binasının layihəsi Şəhər Şurasının müzakirəsinə çıxarılır. Hərçənd Şurada Gəncənin memarından və baş rəssamından başqa heç bir mütəxəssis təmsil olunmur və layihələr də demək olar ki, qeyd-şərtsiz qəbul edilir. İcra hakimiyyətindən deyirlər ki, şəhərdə mütəxəssis, memarlar cəmiyyəti olmadığından, müzakirəni elə ziyalılarla, büdcə təşkilatlarının nümayəndələriylə aparırlar. Hər bir layihənin müzakirə olunmasını, hətta bəzi yerlərdə tikintini qadağan edən sərəncamlara da Şuranın razılığından sonra imza atmasını şəhər rəhbəri Eldar Əzizov «sığortalanmaq» kimi izah edir.



Cənab Əzizov şəhərin bəzi yerlərində – 200 ildən çox yaşı olan Xan bağı, 17-ci əsrin yadigarı – Şah Abbas məscidi və Çökək hamamın ətrafında dördmərtəbədən ündür binanın tikilməsinə, Cavad xan küçəsində isə ümumiyyətlə, tikinti aparılmasına qadağa qoyub.



Gəncənin tikinti meydançalarından birindəyik. Qızğın iş gedir. Fəhlələr söhbətə o qədər maraq göstərməsə də, nəhayət, suallarımıza cavab vermək istəyən tapılır. Ceyhun Rəsulov deyir ki, səhər saat 9-dan saat 6-a kimi işləyirlər. Əmək haqqı 600 000 manatdan 900 000 manata qədərdir. Ceyhun Rəsulovun sözlərinə görə, tikinti işçilərinə tələbat artıb. Hətta digər tikinti şirkətlərindən ixtisaslı fəhlələri öz yanlarına aparmaq istəyənlər də olur.



İş icraçısı Bəhram Məmmədov isə dizel yanacağının bahalaşmasıyla tikinti materiallarının da qiymətinin qalxdığını söyləyir.



Yeni evlərin satışıyla məşğul olan firmada dedilər ki, mənzilin 1 kvadratının qiyməti paytaxta nisbətən ucuzdur. Belə ki, yerindən asılı olaraq mənzilin 1 kvadrat metri 300-400 dollara təklif edilir. Mənzillər də o qədər böyük deyil. Məsələn, Bakıda 300 kvadrat metrə qədər mənzil təklif edilirsə, Gəncədə bu rəqəm 120-150-dən yuxarı deyil. Çünki alıcıların imkanları ən yaxşı halda 40-50 min dollara çatır. Firma işçilərinin aşağı qiymət saydıqları bu məbləğ isə şəhər sakinləri üçün əlçatmaz rəqəmdir.



Gəncədə tikilən binalar arasında hələ ki, 12 mərtəbədən artıq binaya rast gəlinmir. Şəhərin baş memarı Məmməd İbrahimov deyir ki, Gəncə 8 ballıq seysmik zonaya aiddir, 12 mərtəbədən yuxarı bina tikmək isə tikinti şirkətinə baha başa gəlir. Ona görə də hələ ki, heç bir sahibkar buna həvəs göstərməyib.



Şəhərin rəhbəri Eldar Əzizov da deyir ki, Gəncədə tikintini genişləndirmək üçün boş torpaq çox azdır. Ona görə də şəhərin ərazisini genişləndirməkdən ötrü qonşu Xanlar və Samuxun boş torpaqlarının Gəncəyə verilməsi məsələsini qaldırıb.
XS
SM
MD
LG