Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:36

BBC Azərbaycan haqda film çəkib


Səs: Real audio
Filmin əsas qəhrəmanları iki azərbaycanlı gənc siyasi fəaldır «İnqilabı necə etməli?» sənədli filmi BBC televiziyasının sifarişi ilə çəkilib. Filmin əsas qəhrəmanları iki azərbaycanlı gənc siyasi fəaldır. Filmin prodüseri Şəhidə Yakub deyir ki, əsər gənclərin despotizm, avtoritarizm hesab etdiyi şeylərlə qarşı mübarizəsi barədədir: «Dörd ay ərzində BBC-nin çəkiliş qrupu bu iki gəncin fəaliyyətini izləyib, onların görüşlərini, aksiyalarını, kampaniyalarını lentə alıb. Biz bu iki gəncin prizmasından Azərbaycan xaqının bir hissəsinin demokratiya uğrunda necə mübarizə apardığını göstərmək istəmişik».



Filmin əsas qəhrəmanlarından biri «Məqam» Vətəndaş Hərəkatının lideri 26 yaşlı Emin Hüseynov, digəri isə, «Azadlıq» seçki blokunun sözçüsü Murad Həsənlidir.



Şəhidə Yakubun sözlərinə görə, film televiziya tənqidçiləri tərəfindən böyük maraqla qarşılanıb, çünki əsər tamaşaçını Azərbaycanda baş verən proseslər barədə düşünməyə məcbur eldir. Produser bildirir ki, filmin yaradılması üçün başqa səbəblər də olub.



Şəhidə Yakub: «Azərbaycan Qərbdə o qədər də tanınmır, daha çox nefti çox olan ölkə kimi yada düşür. İnsanların Azərbaycanda avtoritarizmin hökm sürməsindən, şəxsiyyətə pərəstişdən, korrupsiyadan, polisin dinc nümayişçilərə qarşı haqsız zorakılığından xəbərləri yoxdur. Biz filmdə məhs bunu göstərmək istəyirdik və məncə, buna nail olduq».



Filmdə heyrətləndirici kadrlar əsasən müxalifətin icazəsiz mitinqləri vaxtı çəkilib. Şəhidə Yakub deyir ki, ən təsirli kadrlar müxalifətin sonuncu mitinqi zamanı noyabrın 26-da çəkilib: «Bu mitinqdə çox adam döyüldü. Həmin gün biz iki kamera ilə çəkiliş aparırdıq. Polisin yalnız kişilərə deyil, qocalara, qadınlara və uşaqlara qarşı göstərdiyi qəddarlıq filmdə əks etdirilib».



Bu film rəsmi Bakının heç də ürəyicə olmayacaq. Yaradıcılar buna əmindirlər. Onlar hətta Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və hökumətin kəskin reaksiyasını gözləyirlər. Belə ki, filmdə Azərbaycan hakimiyyəti və xüsüsən də hüquq-mühafizə orqanları onların özlərinə xoş gəlməyəcək görkəmdə təsvir olunublar. Lakin obyektivlik naminə filmdə hakim Yeni Azərbaycan Partiyasının funksionerlərinə də yer verilib.



«Məncə, bizdən daha çox Bakı polisi və şəhər rəhbərliyi incik düşəcək. Yəqin ki, Prezident Aparatı da. Filmdə prezident istehza ilə deyir ki, Azərbaycanda inqilab baş tutmaycaq. Prinsipcə, o, haqlı çıxdı», - deyə prodüser vurğulayır.



«İnqilabı necə etməli?» filminin prezentasiyası martın 20-də Londonda olacaq. Film insan haqlarının müdafiəsi ilə məşğul olan «Human Rights Watch»un hər il təşkil etdiyi sənədli filmlər festivalının proqramına daxil edilib. Bundan əlavə, film aprelin ilk həftəsində BBC-2 televiziyası ilə nümayiş etdiriləcək, yayda isə, BBC World televiziyasına çıxarılacaq.



BBC World kanalı peyk vasitəsi ilə yayımlanır və onu Azərbaycanda da tutmaq mümkündür.
XS
SM
MD
LG