Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:01

Udan da AKP-dir, itirən də


Təhlilçilər indiki nəticələri hökumətin iqtisadi siyəsətinə xalqın inamının azalması kimi qiymətləndirirlər
Təhlilçilər indiki nəticələri hökumətin iqtisadi siyəsətinə xalqın inamının azalması kimi qiymətləndirirlər
Martın 29-da Türkiyədə keçirilən bələdiyyə seçkilərinin nəticələrini yerli mətbuat hakim partiyanın həm udması, həm də uduzması kimi qiymətləndirir.

2004-cü ilin bələdiyyə seçkilərində 41%, 2007-ci ilin parlament seçkilərində 46% səs toplayan Rəcəb Tayyib Ərdoğanın islam yönümlü Ədalət və İnkişaf Partiyası ilkin məlumatlara görə, bu dəfə 39% səs yığa bilib.

Müxalifət partiyalarından solçu-mərkəzçi Cümhuriyyət Xalq Partiyası isə ildən-ilə irəliləyir. Bu partiya 2004-cü ilin seçkilərində 18%, 2007-ci ilin seçkilərində 21%, ikdiki seçkilərdə isə 23%-dən artıq səs toplayıb.
Üçüncü olan sağçı Millətçi Hərəkat Partiyası da səslərini beş il əvvəlki 10%-dən 16%-ə çıxarıb. Faktiki olaraq, həm soldan, həm də sağdan Ərdoğan sıxışdılır. Seçkinin axşamı Baş nazir Rəcəb Tayyib Ərdoğan bu geriləmədən partiyasının dərs alacağını deyib:

«Bu seçkinin mesajlarından da dərs çıxaracağıq».

Ərdoğan hökumətdə dəyişikliklər etimalını da istisna etməyib.

Təhlilçilər indiki nəticələri hökumətin iqtisadi siyəsətinə xalqın inamının azalması kimi qiymətləndirirlər.

2002-ci ildə Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra ölkədəki iqtisadi durğunluğu aradan qaldıra bilmişdi. İndisə bu partiyanın qurduğu hökumət qlobal maliyyə böhranının yaratdığı problemlərlə üz-üzədir. Hökumətin əsas iqtisadi göstəriciləri dramatikdir: ötən il işsizlik qəfil artaraq 13.6%-ə çatıb, sənaye məhsulu yanvar ayında 21%-dən çox aşağı düşüb, iqtisadi artım hardasa dayanmaq üzrədir. Türkiyədə təhlilçi Murat Yetkin hesab edir ki, artıq hökumət özünün iqtisadi siyasətini dəyişdirməlidir:

«Türkiyə seçiciləri hakim partiyaya öz iqtisadi siyasətini dəyişmək mesajını verdi. Bütün seçki kampaniyası dövründə Baş nazir Ərdoğan iqtisadi böhranı inkar edir və bu böhranın Türkiyədən yan keçəcəyini deyirdi. Görünür, o, türk xalqını dediklərinə inandıra bilməyib».

Bu seçki Türkiyədə insan faciələri də yaradıb. Təbliğat mitinqinə gedən Böyük Birlik Partiyasının başqanı Möhsün Yazıçıoğlu bir neçə partiyadaşı ilə birlikdə helikopter qəzasında həlak oldu.

Ölkənin cənub-şərqində kürdlər yaşayan ərazilərdə isə rəqib partiyaların tərəfdarları arasında toqquşma altı nəfərin ölümü, çox sayda adamın isə yaralanması ilə nəticələnib.
XS
SM
MD
LG