Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:08

Parlamentdə boş qalan 10 yerə 124 namizəd iddialıdır


Mayın 13-də 10 dairə üzrə Milli Məclisə təkrar seçkilər keçiriləcək. Boş qalan yerlərə seçkilərdə 124 namizəd iştirak edir. 388 179 nəfər seçici 343 məntəqədə səs verəcək.


MSK-dan verilən məlumata görə, onların 60 nəfəri bitərəfdir. 17 nəfər isə partiya mənsubiyyətini göstərməyib. 10 nəfər müxalifətdə olan Müsavat, 8 nəfər isə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Qalan 29 namizəd isə 12 müxtəlif partiyanın təmsilçiləridir. Namizədlərin 106-ı kişi, 18-i qadındır.


Seçki məntəqələri səhər saat 8-dən 19-dək işləyəcək.


Təkrar seçkilər 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami (Gəncə) ikinci, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz- Qazax-Aqstafa, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələrində keçiriləcək.


Təkrar seçkilərdə Beynəlxalq Respublikaçılar İnstitutu “exit-poll” keçirəcək. Seçkiləri müşahidə etmək üçün 20-dən yuxarı beynəlxalq qurumu təmsil edən 165 beynəlxalq müşahidəçi qeydə alınıb. Namizədlərin vəkilləri ilə birlikdə, həmçinin KİV təmsilçilərini də nəzərə alsaq seçkiləri 6500-ə qədər müşahidəçi izləyəcək.
Səsvermənin ilkin nəticələri mayın 13-də axşamdan keçmiş açıqlanmağa başlayacaq. Rəsmi nəticələr isə 20 gün müddətində şikayətlər araşdırıldıqdan və Konstitusiya Məhkəməsinə göndərildikdən sonra açıqlanacaq.


MSK sədri Məzahir Pənahov jurnalistlərə bildirib ki, budəfəki seçkilərdə bir sıra yeniliklər olacaq. 9 saylı Binəqədi ikinci və 31 saylı Suraxanı dairələrində monitorlar qoyulacaq. Məntəqələr üzrə seçkinin gedişi və səsvermənin nəticələri barədə onlayn rejimdə informasiya yerləşdiriləcək.


XS
SM
MD
LG