Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 19:46

Bakıda «Kasıblar evi» açıldı


Vatikanın rəsmi nümayəndəsi Covanni Layolo «Kasıblar evi»nə xeyir dua verdi
Vatikanın rəsmi nümayəndəsi Covanni Layolo «Kasıblar evi»nə xeyir dua verdi
Roma Katolik Kilsəsinin təşəbbüsü ilə Bakıda tikilən «Kasıblar evi»nə Roma Papası 16-cı Benidiktin adından Vatikanın rəsmi nümayəndəsi Covanni Layolo xeyir dua verdi.


Bakının Xətai rayonunda yerləşən ikimərtəbəli bina katolik kilsəsinin təşəbbüsü ilə tikilsə də, kilsənin Azərbaycandakı nümayəndəsi Yan ata deyir ki, «Kasıblar evi»nin qapıları dinindən asılı olmayaraq hər bir kəsin üzünə açıq olacaq:


"Bu, Azərbaycanda ən kasıb təbəqə üçündür. Onlar gəlib burda yemək yeyə, çimə, paltarlarını dəyişə, tibbi yardım ala bilərlər. Hətta burda müvəqqəti qala da bilərlər".


«Kasıblar evi»nə üz tutanlara «Tereza ana ordeni»nin bacıları – 4 nəfər qulluq edəcək.


Təntənəli tədbirə qatılanlar arasında Azərbaycandakı digər dini icmaların nümayəndələri də vardı. Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman katolik kilsəsinin təşəbbüsünü dəstəklədiklərini deyib:


"Din xadimlərinin burda olması Azərbaycanda dini tolerantlığın göstəricisidir. Bu bina insana fayda verən, mərhəmət oyadan bir yerdir. Mərhəmət olan yerdə insanın insana hörməti var".


«Kasıblar evi»nin açılış mərasiminə BMT və ATƏT-in yerli ofislərinin, eləcə də bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri də qatılıblar.



XS
SM
MD
LG