Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:02

GUAM-ın bazasında yeni qurum elan ediləcək


GUAM dövlət başçılarının Kişinyov sammiti, 22 aprel 2005
GUAM dövlət başçılarının Kişinyov sammiti, 22 aprel 2005

Azərbaycan prezidenti İlham Əliyev Kiyevə yola düşüb


Prezident İlham Əliyev Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən GUAM təşkilatının sammitində iştirak etmək üçün mayın 22-də Kiyevə yola düşüb. Həmin gün öz işinə başlayan zirvə görüşündə GUAM-ın bazasında yeni bir qurum elan ediləcək - Demokratik və İqtisadi İnkişaf Təşkilatı.


Sammitdə üzv ölkələrdə sərbəst ticarət zonasının yaradılması, Gürcüstan, Azərbaycan və Moldovada dondurulmuş münaqişələrin də müzakirə olunacağı gözlənir. Görüşün yekununda qurumun yeniləşməsinə dair bəyannamə imzalanacaq.


Prezident Aparatı Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri Novruz Məmmədov GUAM sammitində bir sıra dövlət başçılarının, beynəlxalq təşkilat rəhbərlərinin iştirak edəcəyini deyib: «Əsas məqsəd GUAM-ın bir təşkilat kimi möhkəmlənməsi, inkişaf etməsi üçün yeni bir mərhələnin başlanğıcını qoymaqdır. Bunun üçün bəzi sənədlər qəbul ediləcək».


Cənab Məmmədovun bildirdiyinə görə, bu sənədlər GUAM-ın bir təşkilat kimi qanunvericilik bazasının möhkəmlənməsinə xidmət edəcək. O ki qaldı yeni yaradılacaq qurumun iqtisadi inkişafla yanaşı demokratik dəyərlərə üstünlük verəcəyinə, Novruz Məmmədovun fikrincə, iqtisadi inkişaf olmadan demokratiya da olmaz və Azərbaycan iqtisadi inkişafa daha çox önəm verməlidir. Demokratiya məsələsi isə, Azərbaycanı qorxutmur və bu sahədə ölkə bir çox beynəlxalq təşkilatlarla - ATƏT-lə, Avropa Şurasıyla əməkdaşlıq edir.


GUAM-ın bazasında yaradılacaq Demokratik və İqtisadi İnkişaf Təşkilatının sədri vəzifəsinə Azərbaycan prezidenti İlham Əliyevin seçiləcəyi gözlənir. Bu seçim əlifba sırasıyla aparılacaq.


Sammit çərçivəsində İlham Əliyevin ukraynalı həmkarı Viktor Yuşşenkoyla görüşü də planlaşdırılır.


GUAM 1997-ci ilin oktyabrında Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın iştirakıyla yaradılıb. 1999-2005-ci illərdə Özbəkistan da qurumun üzvü olub.


Ekspertlər GUAM-ı daha çox post-sovet məkanında MDB-yə siyasi alternativ yaratmaq istəyən ölkələrin alyansı adlandırırlar.


XS
SM
MD
LG