Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:51

Mədəniyyət və Turizm Nazirliyi də «Do Vinçinin kodu» filminin göstərilməməsini istəyir


Mayın 22-də Mədəniyyət və Turizm Nazirliyi bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazədənin müraciətini əsas götürərək, «Do Vinçinin kodu» filminin Azərbaycanda göstərilməməsini tövsiyə edib. Avropada qalmaqala səbəb olmuş film ölkədə indilik yalnız «Azərbaycan» kinoteatrında göstərildiyindən tövsiyə də bu kinoteatra ünvanlanıb. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı İntiqam Hümbətov: «Həm şeyxin müraciətini, həm də Konstitusiyanı nəzərə alaraq xahiş etdik ki, filmin yayımı dayandırılsın. Kinoteatr nazirliyin tabeliyində deyil. Ancaq inanırıq ki, bizim müraciətə hörmətlə yanaşacaqlar».


«Azərbaycan» kinoteatrından isə bildirdilər ki, filmin yayımı artıq dayandırılıb. Amma kinoteatrın afişasını öyrənmək məqsədilə zəng vuranlar hələ də məlumat bürosunda köhnə elanı eşidirlər.


Hacı Allahşükür Paşazadə bu günlərdə Mədəniyyət və Turizm Nazirliyinə müraciət edərək, «Do Vinçi kodu» filminin Azərbaycanda göstərilməsinə imkan verməməyə çağırmışdı. O, bu zaman çoxsaylı dindarların müraciətinə əsaslandığını bildirmişdi.


«Do Vinçinin kodu» filmi Den Braunun eyni adlı romanı əsasında çəkilib. Əsərdə söhbət İsa peyğəmbərin Marina Maqdalina ilə evlənməsindən və bu nikahdan qız övladlarının dünyaya gəlməsindən gedir. Dindarlara görə, bu, İsa peyğəmbərin müqəddəsliyini şübhə altına salır. «Do Vinçinin Kodu» ötən həftə açılan «Kann» festivalında nümayiş olunub.


XS
SM
MD
LG